Tarixin qanlı, lakin şanlı səhifələrinə adlarını yazdıran igidlərimiz haqqında nə qədər
yazsaq, desək azdır. I Qarabağ müharibəsi qəhrəmanı, həmyerlimiz Sadıq
Hüseynov da belə igid Azərbaycan oğullarındandır.
Sadıq Hüseynov 29 avqust 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində
anadan olub. 1968- 1978-ci illərdə burada orta məktəbdə oxuyub. 1980-ci ildə
Xankəndi Pedaqoji İnstitutunun İbtidai Metodika fakültəsinin qiyabi şöbəsinə daxil
olub,elə həmin il ordu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Təhsilini yarımçıq
qoyub gedən Sadıq hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib və
1987- ci ildə institutu bitirərək, kəndlərinə qayıdıb. Kənddə oxuduğu məktəbdə ilk
olaraq, pioner baş dəstə rəhbəri, sonra isə müəllim vəzifəsində işləyib.
S.Hüseynov 1989-cu ildə Daxili İşlər Nazirliyinin sərəncamı ilə Şuşa şəhərində sahə
müvəkkili kimi fəaliyyətini davam etdirir.
Erməni faşistləri torpaqlarımıza xaincəsinə basqın edərkən silaha sarılaraq
döyüşlərə atılır. O, 29 mart 1992-ci ildə qanlı döyüşlərin birində ağır yaralanır, lakin
qorxmaz döyüşçü silahı yerə qoymur, mənfur düşmənlə ölüm-dirim savaşına qalxır.
13 aprel 1992- ci ildə erməni terorçuları Şuşanı ağır raket atəşinə tuturlar. Bu zaman
orada olan həmyerlimiz döyüş yoldaşlarını xilas edərkən ağır yaralanır və
qəhrəmancasına həlak olur.
Sadıq Hüseynov doğulduğu Xocavənd kəndində dəfn olunub. Xocavənd kənd tam
orta məktəbinə qəhrəmanımızın adı verilərək xatirəsi əbədiləşdirilib, həmin məktəbin
qarşısında büstü ucaldılıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il fərmanı ilə Hüseynov
Sadıq Dayandur oğlu ölümündən sonra “ Azərbaycan Milli Qəhrəmanı” fəxri adına
layiq görülüb.
Ailəli idi, bir qız övladı yadigar qalıb.