Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı tükənməzdir

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr
tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi
əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi
istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq
platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin
təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi
ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin
ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə
yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan
qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət
orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin
sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək
verilməsi üçün yaradılıb:
Fondun vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu
alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc
öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil
alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı
potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin
yaxşılaşdırılması.
Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş
çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün
rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək
ünvanlara baş çəkməyə başlayıblar:
Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan
şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib.
Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı
4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət
şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin
qarşılanması, təhsil xərclərinin ödənilməsi və s.
Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada
ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin
vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər
tərəfindən ödənilib.
“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin
üzvləri və qazilərə həvalə olunub.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə
Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini
Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm
qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və
milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni
qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin
yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin
mühüm dayaqlarından biri olacaq.
Həmvətənlərimiz həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər
köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvibirliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq.
Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər.
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək
rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə
dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl
tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri
təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun
xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə
yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər
tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi
yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə
həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar
insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı
qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki
əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq
fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə
bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə
Dövlət Komissiyası yaradılıb.
Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və
onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması
məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə
düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə
6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500
(min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000
(bir min) manat məbləğində yardım göstəriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə
yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin
şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin
müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin
əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin
qısa müddət ərzində həllinə xidmət edir.
Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə
baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə
yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu
tərəfindən 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub,
digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Komissiyanın
fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə
səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində
media nümayəndələri də iştirak edib.

Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili
üzrə xüsusi Komissiya yaradılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi
əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə
bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi,
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin rəhbərliyi daxildir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi
əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında,
keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə
komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə
savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi
vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid
olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət
və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq
Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə
Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi
olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini
təmin etmişlər;
Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323
sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc
öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur;
İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid
olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə)
sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq
dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır.
Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin
alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli
artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır.
Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan
resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların
fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin
qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün
geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması
təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə
və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850
manat ödəniş edilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər