Adının mənasını həqiqətə çevirən vətən oğlu

Vətən, torpaq haqqında yüksək emosiyalı sözlər deyib, ucadan danışmaq adama heç bir şey demir. Vətəni sevmək, vətənpərvər olmaq adamın, bu torpağın oğlunun gərək qanında ola. Vətənə hədsiz, sönməz məhəbbət içəridən, qəlbinin dərinliyindən, düşünən beynin ən yüksək nöqtəsindən gəlməlidir. Vətənə olan sevgini, məhəbbətini sözdə yox, əməlində, hərəkətində görünməlidir.

            Şöhrət Rəsul oğlu Orucov 1975- ci ildə iyunun 26-da Salmanbəyli kəndində anadan olub. Mənalı ad sahibi olan Şöhrətin doğum günü Silahlı Qüvvələrimizin yarandığı günlə üst-üstə düşür. Bu bəlkə də təsadüfdür. Amma onun keçdiyi həyat yoluna yaxından nəzər salanda, bir daha inanırsan ki, belə təsadüflər həqiqətən də zərurətdən doğulur.

            1982-ci ildə Salmanbəyli kənd tam orta məktəbinin birinci sinfinə daxil olan Şöhrət 1992-ci ildə bu məktəbi uğurla başa vurur. 1993-cü ildə S. Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) iqtisadiyyat fakultəsinə qəbul olur. 1998-ci ildə bu təhsil ocağını başa vurur. 1999-2001-ci illərdə ordu sıralarında zabit kimi xidmət edən Şöhrət motoatıcı taqım komandiri olur. Bir taqım komandiri kimi Şöhrət təkcə taqım üzvlərinin yox, bir çox  əsgər və zabitin dərin hörmət və şöhrətini qazanır. Şöhrətin taqımda qurduğu lazımi xidmət şəraiti, həm də döyüş postlarında təşkil etdiyi hərbi nizam-intizam mühiti təqdirəlayiq bir yenilik kimi çoxlarının ürəyincə olub. Gənc zabit taqımında olan əsgərlərə təkcə komandir yox, onların məsləhət yeri olaraq həmişə dayaqları olub. Bir böyük, zabit kimi əsgərlərin daim yanında olan Şöhrət bacarıq nümunəsi, idarəetmə səriştəsi, hərbi əməliyyatlarda yaxından iştirak etmək cəsarəti ilə əsgərlərinin həmişə yanında olub. Onların döyüşdə çətinlik çəkməmələri üçün təlimdə əlindən gələni edib.

            Xidmət zamanı nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunan Şöhrət Orucov haqqında “Azərbaycan Ordusu” qəzetində geniş məqalə çap olunur və onun haqqında Azərbaycan Televiziyası tərəfindən hərbi-vətənpərvərlik ruhunda veriliş çəkilir.

            2001-ci ildə ordudan tərxis olunan Şöhrət uzun müddət fərdi əməklə məşğul olur.

            2020-ci ilin sentyabrında ilk səfərbərlik zamanı, sentyabrın 21-də hərbçi vətənpərvər öz sözünü ön cəbhədə demək üçün ordu sıralarına qatılır. N saylı hərbi hissədə komandirin yavəri (adyütant) kimi xidmətə başlayır. 

             Vətən müharibəsinin yaxın iştirakçısı olan Şöhrət Füzuli, Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi bacarıq və hərbi hazırlıq nümayiş etdirir. Ötən il dekabrın 19-da Şöhrət Orucova baş leytenant rütbəsi verilir. Dekabrın 28-də ordu sıralarından tərxis olunur.

            Adının mənasını həyatda həqiqətə çevirən şöhrətin gələcək arzuları çoxdur. O, həmişə torpaqlarımızı, Qarabağımızı azad nəfəs alan görmək istəyir. Və bir də çalışır ki, gənclərimiz, gələcək nəsil əsl vətənpərvərlik ruhunda  böyüsünlər, vətəni, torpaqlarımızı ürəkdən sevərək bugünki nəslin layiqli davamçıları olsunlar. Vətənin tərəqqisi, daha da çiçəklənməsi üçün bir vətənpərvər vətəndaş kimi Şöhrət Rəsul oğlu Orucov əlindən gələnləri etmək niyyətindədir.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər