Öldürə bilməyən ölüm

(I Qarabağ savaşında şəhid olmuşəziz dayım oğlu Əlfinin xatirəsinə elegiya)

Toyunu gözləyirdim. Şad xəbərini eşidib sevinmək həvəsindəydim… Sən dəlidolu, sevinc, şadlıq, nikbinlik müjdəsiydin… Dünyanın ən qayğısız varlığıtək elə hey deyir, gülürdün. Üz-gözündən gülüş, təbəssüm əskik olmurdu.

            … Sən ölümü  düşünmür, görmürdün(Bu cavan yaşda axı ölümü kim fikirləşir ki!) O isə lap başının üzərindəymiş. Elə sən doğulandan arxanca gəzir, hər addımını izləyirmiş(Ölüm sən demə, istənilən zaman biz yaşda olur). Və ölüm bir himə bənd imiş. İmkan, qəfil fürsət gözləyirmiş ki, kəsə başının üstünü.

            Ölüm qəfil girdi aramıza. Qoymadı doyunca bu torpaqda gəzib, həyatın əsl mənasını anlayasan.

            Çətin olsa da kövrək, uşaq tək yumşaq, məsum dayım möhkəm dayanıb, bərk durub. Bu amansız, zalım ölümün kürəyini “yerə vurub”. Yoxsa dözməz, tab gətirə bilməzdi bu əbədi ayrılığa. Ayrılıq bəlkə də ölümün bədii adıdır.Nə bilim… Bircə onu bilirəm ki, yaxınının ölümünü hər kəs tam yaşaya bilmir.

            Ah çəkməklə dərd çıxmır candan. Dərdi çəkməlisən. O, sənindir, həmişə səninlədir. Dərdin müalicəsi mövcud deyil. O, müalicə olunmur. O, ömrün sonunadək səninlə yanaşı addımlayacaq.

            Sənsiz darıxır, yaşaya bilmirdimi, bu torpaq. Torpaq niyə tələsdi, bu namərd ölüm küləyi hardan əsdi:

Ay ellər ovucla qanımı içən,

Yağı düşmənim də məyus olmasın.

Axsın göz yaşı sel tək sevincdən,

Kimsənin qəm üçün gözü dolmasın.

            Mən sevinc gözləyirdim. Ürəkdən şadlanmaq həvəsindəydim. Amma, sən saydığını say, gör fələk nə sayır, qardaş. Kabus rəngli ölüm kağızın gəldi. Bir söz yaxın düşə bilmədi dilimə. Sevgidən nifrətə bir addımdırsa, sən demə olumdan ölümə qədər olan yol bundan da az, yaxın imiş.

            Hərə bir ömür yaşayır bu dünyada. Göz qırpımını xatırladan bir ömür. Amma kim və necə yaşayır? Bax bu sualdır hələ, qardaş! Vətən, torpaq yolunda canını fəda etmək ölüm deyil, vallah. Bu müqəddəsliyin ən əlçatmaz, ünyetməz zirvəsinə ucalmaqdır. Zirvədə də hər şey qürurlu, sınmaz, qırılmaz, yenilməzdir. Orda hər şey azaddır, sonsuzdur:

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə,

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər.

            İndi sən bizi cismən tərk etsən də əziz xatirən həmişə qəlbimizdə, yaddaşımızın aynasındadır. Qədirbilən xalqımız mərd, igid, qeyrətli oğullarını heç zaman unutmur, onların xatirəsini əziz tutur,ehtiramla yad edir… Kəndimizdəki, vaxtı ilə sən oxuduğun orta məktəbə sənin adın verilib. Məktəbin həyətində üzündə o qayğılı günləri yaşayan, sifət cizgilərinə Vətən ruhlu ağır bir dərd yükü hopmuş büstün qoyulub. Balaca həmkəndlilərimiz, şagirdlər büstünün önündən qırmızı qərənfilləri əskik etmirlər. Onlar mərasimlərdə burda toplaşır, sabahın vətənpərvərləri, səni olacaqlarına and içirlər. Onlara baxır, belə qeyrətli övladları olan Vətənin həmişə azad nəfəs alacağına bir daha inanırsan.

            Dayıma baxıram. Qəlbinə, ruhuna yaxşı bələdəm. Bilirəm ki, təkcə sənə yox, torpaq uğrunda şəhid olan bütün şəhidlərimizə görə dərdli, nisgillidir. O, balasını anır və millətinə yanır. Artıq azad nəfəs alan torpaqlarımızın azadlıq müjdəsi onu ovundurur. Məlhəm olur yarasına.

            …Ayrılarkən dayıma təsəlliverici bir söz deyə, tapa bilmədim. Bəzən elə şeylər var ki, onları sözlə ifadə etmək mümkün olmur. Hətta dilin zənginliyi belə, köməyinə çata bilmir. Axı necə deyəydim ki, Allah səbr versin, son qəmin olsun dayı. Deyə bilmədim, dilim gəlmədi. Elə demək məncə oğlunu unut deməkdir. Bunu səmanın ənginliyində dolaşan ruhun bağışlamazdı mənə. Axı sən ölməmisən , qardaş! Müqəddəssən! Müqəddəssən ağuşuna əbədi qovuşduğun bu torpaq kimi.

            Heç özüm də bilmirəm ağlıma nələr gəldi, nə düşündüm. Təkcə pıçıldadığım misralar yadıma düşür:

Sevmək

sevilməkdən asan.

Gülmək

ağlamaqdan asan.

Ölmək

doğulmaqdan asan.

Təkcə yaşamaq ağır, çətin…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com