Onun xatirəsi qəlbimizdə yaşayacaq

Piriyev Elsevər Mahir oğlu 12.iyul 1995-ci il tarixdə Arazbar kəndində anadan olub. Vətən Müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, 10 dekabr 2020-ci il tarixdə Arazbar kəndində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin alınmasına görə”, “Cəbrayılın alınmasına görə” medalları ilə təltif olunub.

İgiddən-igidik,ərdən-ərik ki,

Biz bu haqq içində səfərbərik ki!!!

Onunçun bu qədər səfərbərik ki,

Sonu bu zülmətin qızıl qan olsun…

Heç kim üzülməsin, qəm anı deyil,

Könlümüz mərsiyə kamanı deyil,

Bu gün gərəkdi ki, qana-qan olsun!

İtirmə, ey əsgər, qızıl vaxtını,

Düşmənin başına çevir taxtını…

Bəli düşmənin başına çevirdik taxtını.Şair çox doğru vurğulayıb.Axır ki, qana qan oldu. Bizə yuxarıdan baxanlar qarşımızda diz çökdü, məğlub oldu.

Arazbar kəndində doğulan Elsəvər Hərbi xidməti paytaxt Bakı şəhərində başa vurub.Əsgərlikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin çavuşu kimi qulluq etməyə başlayıb. Vətən müharibəsinin ilk günündən bir hərbiçi kimi ön cəbhəyə yollanıb.Murovdağ,Fizuli,Cəbrayıl,Qubadlı istiqamətində gedən ağır döyüşlərin fəal iştirakçısı Elsəvər Piriyev Hadrut istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin vətənə əmanət olan iki oğlan övladı qalıb.

Şəhidlik hər kəsə qismət olmur.Şəhidlik qorxmazlığı adamın canında, qanında olur. Daha  dəqiq desək adamla bir dünyaya göz açır.

Şəhidlik  ona görə zirvə sayılır ki, buraya torpaq, vətən istəyi ilə döyünən ürək sahibi qədəm basır. Şəhid ölümdən qorxmur. O, ölümü yaşam tərzinin zirvəsi sanır və bu zirvəyə getmək, onu fəth etmək üçün vətənpərvər övlad ölümün gözünün içinə təkcə dik baxmır. O, ölümün üstünə şığıyır.Nəticədə şəhadətə qovuşur. Qəlbinin  dərinliyindəki ən müqəddəs arzularına yetir. Ölümü ilə ölməzliyini təsdiq edir.

            …Üstünə yüzlərlə şəhid oğlunun qanı tökülən torpağımız, vətənimiz igid oğlu Elsəvər Mahir oğlu Piriyevi heç bir zaman unutmayacaq.Onun əziz, ölməz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər