Rayonumuzun pambıqçılıq təsərrüfatlarında çiyid səpini geniş vüsət alıb. Aprelin 6-dan səpin kampaniyasına uğurla start verən pambıqçılar sonrakı günlərdə də bu istiqamətdə tədbirləri davam etdiriblər. Aprelin 7-də Boyad kənd sakini Hafiz Əhmədov, Hacılar kənd sakini Dövlət Abbasov, Qaraxanlı kənd sakini Əkbər Fərzəliyev, Şərəfxanlı kənd sakini Elşən Məmmədov, aprelin 8-də isə Ağcabədi şəhər sakini Famil Quliyev, Minaxorlu kənd sakini Nazim Qəhrəmanov, Kəhrizli kənd sakinləri Arif Bəbişov, Sevindik Həsənov və Şərəfxanlı kənd sakini Allahyar Qasımovun başçılıq etdikləri təsərrüfatlarda çiyid səpini aparılıb. Əkin sahələrində həyata keçirilən səpin kampaniyası yüksək aqrotexniki qaydada təşkil edilib.
Adıçəkilən pambıqçılıq təsərrüfatları rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC, MKT Ağcabədi filialı və “P-Aqro” MMC emal müəssisələri tərəfindən yüksək keyfiyyətli, məhsuldar pambıq sortları traktor və səpin aqreqatları ilə təmin olunub, yerlərə mütəxəssislər ayrılıb.
Ağcabədi İcra Hakimiyyətiniin başçısı Rafil Hüseynov səpin zamanı həmin təsərrüfatlarda olub, görülən işlərlə maraqlanıb. Əkin sahələrində səpinin gedişi ilə tanış olan rayon rəhbəri istehsalçılar, mexanizator və mütəxəssislərlə görüşərək, lazımi məsləhətlərini və tapşırıqlarını verib.
Yəhya PAŞAZADƏ