(Onun ifası Xan Şuşinski tərəfindən yüksək qiymətləndirilmişdi)
Qarabağın gözəl guşələrindən biri olan Ağcabədi torpağı mütəfəkkir şairimiz Məhəmməd Füzulinin və dahi bəstəkarımız Üzeyir Hacıbəyovun Vətənidir. Doğma Qarabağımızın ayrılmaz bir parçası olan Ağcabədidə həmişə şairə, sənətə, musiqiyə, muğama böyük həvəs, maraq və hörmət olmuşdur. Bu torpağın havası da, suyu da adama muğam aşılayır, buranın övladları muğamla nəfəs alırlar. Təsadüfi deyil ki, Ağcabədidə böyük muğam ustaları dünyaya göz açmış, öz ölməz ifaçılıq üslubları, səsləri ilə yaddaşlarda silinməz izlər buraxmışlar. Respublikamızın görkəmli muğam ifaçıları Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Yaqub Məmmədov məhz mayası Ağcabədidə yoğrulmuş məlahətli səsləri ilə ürəkləri riqqətə gətirmiş, muğam dinləyicilərinə mənəvi zövq verərək, onları feyziyab etmişlər.
Ağcabədinin unudulmaz muğam ifaçılarından biri olan Narıngilə (el arasında ona Nargilə deyirdilər) Cəfərova 1889-cu ildə Ağcabədi şəhərində, Üzeyir Hacıbəyovun adını daşıyan məkanda dünyaya göz açmışdır. Heç bir musiqi təhsili olmayan Narıngilə dərin yaddaş və müşahidə qabiliyyətinə malik olduğundan bir dəfə eşitdiyi, ya da gördüyünü yaddaşına böyük hərflərlə yaza bilirdi. Muğamatı da möhkəm hafizəsi sayəsində müstəqil öyrənən Narıngilə muğamı çox ustalıq və yanıqlı oxuyardı. Təbii ki, istedadı çox güclü idi. Və bu istedada uyğun olaraq Narıngilə muğam ifaçılığını özünə həyat yolu seçmişdi. Amma nədənsə, bu muğam ifaçısı haqqında geniş oxucu kütləsinin məlumatı olduqca azdır. Halbuki Narıngilə xanım el şənliklərində, toylarda, bayram konsertlərində öz təkrarolunmaz ifası ilə dinləyiciləri heyran qoyub, onların ürəklərinə yol tapa bilmişdir. Narıngilə xanımın ifası məşhur muğam ustası Xan Şuşinski tərəfindən yüksək qiymətləndirilmiş, Xan əmi onun səsinin ecazkarlığından danışmışdır. Narıngilə xanım “Qarabağ şikəstəsi” nin, “”Kürd-Şahnaz” muğamının və “Heyratı”, “Arazbarı” ritmik muğamlarının mahir ifaçısı olmuşdur.
* * *
Bir dəfə kəndə kolxozçulara konsert vermək üçün konsert briqadası gəlir, Narıngilənin yerli pərəstişkarları onun da oxumasını xahiş edirlər. Bakıdan gələn artistlər Narıngilənin nadir və zil səsə malik olduğundan xəbərsiz olduqlarından ona yuxarıdan aşağı, əyalət müğənnisi kimi baxırlar. Narıngilə xanım “Qarabağ şikəstəsi” oxuyur. Bakılı tarçalan Narıngiləni güya pərt edəcək imiş kimi, zilə çəkir. Narıngilə sərbəst, ustalıqla oxumağına davam edir. Bakılı tarzən başa düşür ki, Narıngilə muğamın məqamlarına yaxşı bələd olan bir xanəndədir və onunla zarafat etmək olmaz. Narıngilə oxumağını bitirdikdən sonra tarzən ondan üzr istəyir, səsinin zil və məlahətli olduğunu xüsusi qeyd edir.
* * *
Ağcabədi şəhər sakini, şair publisist, muğam pərəstişkarı Yəhya Paşazadə söyləyir ki, 60-cı illərin ortalarında hələ uşaq ikən Narıngilə xanımın ifasının şahidi olub. Yəhya Paşazadə deyir: “Narıngilə yaxın qohumum, şair Əhya Naimin qəzəllərini həmişə oxuyardı. O, vaxt indiki təzə xəstəxananın ərazisi boş idi. Rayona qastrola gələn artistlər adətən orada, açıq havada konsert verərdilər. Onda mənim 8-9 yaşım olardı, dedilər konsert olacaq. Biz də küçəmizin uşaqları ilə ora getdik. Möhtəşəm bir konsert oldu. Bu bayaram şənliyinə möhtəşəmlik qatan həmyerlimiz Narıngilə xanımın təkrarolunmaz ifası oldu. N. Cəfərova konsertdə dinləyicilərin xahişi ilə oxudu. “Segah” muğamını elə oxudu ki… Buna oxumaq demək azdır. Narıngilə xanım şirin, zil, məlahətli səsi ilə dinləyiciləri valeh etdi. Bu qadının səsindəki məlahət, ürəyə yatımlılıq, özünəməxsus ifa üslubu bizi sehrlədi. Tam başqa bir aləmə apardı. Onun o məlahətli, doğma qarabağlı səsi hələ də qulaqlarımdan getmir. Mən Narıngilə xanımın o “Segah” ından sonra muğama ürəkdən vuruldum. Davamlı olaraq usta muğam ifaçılarını dinləyirəm. Hər dəfə muğam dinləyəndə Narıngilə xanımın o unudulmaz ifası yenidən yadıma düşüb, qəlbimə hakim kəsilir”.
* * *
Ah, nalə vardı Narıngilənin səsində. İlahi vergisi olan bu səsdə xoş, cingiltili yanğı hökm sürürdü. Eşq aşiqi olan Füzuli dərdi, bu böyük şairimizin qəzəllərini oxuyanda özünü daha qabarıq göstərirdi. Narıngilə oxuyanda adam onun ecazkar səsində sanki əsl özünü tapır və muğamın sehrinə calanırdı. Onun muğam ifası səsin dili ilə danışırdı. Muğamın təsirindən adam pərvazlanıb uçmaq, ərşi qucmaq istəyirdi. Qarabağ laylası, duası vardı onun insanlıq dolu səsində. Narıngilə Tanrının ona bəxş etdiyi əvəzsiz istedadı özündən əvvəlki dahi muğam ustalarından öyrənib, onlarla birlikdə səfərlərdə qavradıqlarını cilalayırdı. Nəticədə xalqımızın yaratdığı muğam möcüzəsi öz rəngarəngliyi, qədirsiz mənası, fəlsəfəsi ilə bizləri insanlığa, bütövlüyə, dünyəviliyə səsləyirdi. Onun ifasını dinləyəndə adamın ruhu da dincəlirdi.
* * *
Moskvada bir dəfə tanışım, musiqişünas türkiyəli qardaşla musiqi haqqında xeyli söhbət etdik. Türk söylədi ki, onlarda muğam yoxdur (türklərdə uzun şərqi deyilən mahnılar var, amma bizdəki zil səs, tükənməyən zəngulə və səs uzatma yoxdur). Amma Azərbaycan muğamı onları dəli edir. Bizimkilərin açıq ağızla xeyli çəkən zümzüməmizə (türklər buna qırtlaq çarpışması deyirlər), bülbül kimi cəhcəhimiz onların heyrətinə səbəb olur. Möhtəşəm muğam sənəti və ifaçılarımızın böyüklüyündən söhbət etdik, o, bizim musiqinin geniş, əhatəli, möhtəşəm, eyni zamanda rəngarəng və zəngin olmasını xüsusilə vurğuladı. Bizim böyük, korifey sənətkarlarımızdan danışan türkiyəli musiqişünas, məndən belə oxumağın, ifaçılıq qabiliyyətini və səsin hardan qaynaqlandığının səbəbini soruşdu. Bizdə sanki hamının oxuduğunu vurğulayıb, bu nə sirrdir deyə xəbər aldı. Mən də cavabında musiqinin bizim iliyimizdə, qanımızda olduğunu bildirdim. Bunun sirr yox, Yaradan tərəfindən bizə təmənnasız bəxş edildiyini, azərbaycanlıların musiqi, muğamla nəfə aldığını söylədim. Onu da xüsusi vurğuladım ki, azərbaycanlı ifaçılar bu Tanrı vergisini insanlara çatdıranda ruhları ilə oxuyurlar… Həmsöhbətim mənimlə razılaşdı…
Biz həyatda yeddi rəngin olduğunu qəbul edirik. Amma yanılmayaq ki, bu yeddi rəngdən daha parlaq rənglər var. Biz hələlik, sadəcə olaraq o rəngləri görə bilmirik… Səsin rəngini görən olubmu? Əlbəttə, yox! Narıngilənin səsində o rəngləri biz gördükmü? Eşitməklə axı çox şeyi axıra kimi qavramaq mümkün deyil. Amma yanıqlı, məlahətli, tükənməz səsi olan Narıngiləyə dinləyicilərə səsin rəngini və bu rəngin çalarlarını çatdırmaq nəsib olurdu. Onun sehrli, özünəməxsus təravətli səsi adamın ruhunu oxşayırdı.
* * *
Narıgilənin nəvəsi Mikayılla yaxından tanış olduq. Yavər dayının oğlu olan Mikayıl musiqi və poeziya dəlisidir. Hərtərəfli bilik sahibi Mikayıl musiqini içəridən və incəliklərinə qədər qavramağı bacarır. Özü də hərdən şeir yazır. Təbrizə, böyük şairimiz Şəhriyarın doğma şəhərinə səfər edən Mikayıl bu dahi söz ustasının adı ilə bağlı hər bir yeri qarış-qarış gəzib, ziyarət etmişdir. Şəhriyarın ifasında şeirlər səsəndirən çoxlu disk alıb gətirmişdir. 6 saylı Ağcabədi şəhər tam orta məktəbində təsərrüfat işləri üzrə müdür işləyən Mikayıl boş vaxtlarında xalqımızın musiqi və ədəbiyyat korifeylərinin əsərlərini dinləyir. Özü dediyi kimi, belə peşəkar muqisi və poeziya nümunələrini dinləyəndə təkcə feyziyab olmur, adam həm də muğam sahibi olan xalqımızın nə qədər böyüklüyünü, musiqimizin, poeziyamızın ölməz olduğunu bir daha anlayır… “Nənəmin çox yerli-yataqlı, möhkəm, tükənməz, kişi səsi kimi səsi var idi. Oxuyanda adam riqqətə gəlir, musiqinin nələrə qadir oluğiunu bir daha anlayırdın. Təəssüf ki, onun səsi yazılmış, cəmi iki lent yazısı qalıb. Onlar da ki, qırıq-qırıq, qulaq asmaq mümkün deyil. Bu lentləri bərpa etdirə bilsəm daha dərdim olmazdı. Nənəmlə bağlı o qədər unudulmaz xatirəm var ki, heç bilmirəm hansını danışım. Yay vaxtı nənəm Ağcabədinin istisindən qaçar, bizi götürüb yaylağa gedər, orada toylarda iştirak edər, konsertlər verərdi. Nənəm “Qarabağ şikəstəsi”, “Bayatı Qacar”, “Arazbarı”, “Heyratı” ritmik muğamlarını çox ustalıqla və təsirli oxuyardı. Musiqi savadı olmasa da muğamları oxuyanda bu hiss edilməzdi. Yaradanın ona bəxş etdiyi fenomen istedad hər şeyi yerində və vaxtında nizamlayırdı. Muğamda gəzişmələri doğru edər, boğazda musiqinin çalarlarını sahmana sala bilirdi. Zil səsi tükənməz idi. Səsinin rəngi könül oxşayan, yatımlı və qürurlu idi… Kəlbəcərdə nənəm bizi başına toplayıb konsertə aparırdı. Burada ağcabədili qarmonçalan Müstəcəb qarmon çalır, üç- beş qəpik pul qazanırdı. Nənəmi görən kimi onu tanıyan yerli arıçı, muğam həvəskarı tez nənəmə yaxınlaşdı. “Qarabağ şikəstəsi” oxumağını xahiş etdi. Dedi, sən oxu, mən də xoşuma gəlsə, nəvələrini bala qonaq edəcəyəm. Nənəm qavalı götürüb qarmonçalan Müstəcəbə sarı baxdı ki, müşaiət etsin. Amma nənəm bir ağız oxumuşdu ki, Müstəcəb hamının diqqətinin nənəmə dikildiyini görüb aradan çıxdı. Nənəm özü qavalının müşaiəti ilə oxudu. Elə oxudu ki, onun səsindən təsirlənən arıçı bidonlardakı balın hamısını bizə verdi…”
* * *
1973-cü ildə vəfat edən Narıngiləniin Ağcabədi qəbiristanlığıdakı məzarına baş çəkdik. Düşmən işğalından azad olan Qarabağımız haqqında xüsusi şövqlə “Qarabağ şikəstəsi” oxuyan Narıngilənin məzarını ziyarət edib, onun üzərini təmizləyib, xatirəsini hörmətlə yad etdik. Sanki qulaqlarımızda unudulmaz xanəndənin məharətlə ifa etdiyi təkrarsız “Qarabağ şikəstəsi” yenidən səsləndi…
Adil MİSİRLİ