Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda
Hərbi Qənimətlər Parkının açılışında geniş çıxış edib. Tədbir zamanı qeyd olunub ki,
Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı.
Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban
verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq.
Onların qanı yerdə qalmadı. Həm birinci, həm də ikinci Qarabağ müharibələri
şəhidlərinin qanını, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin
intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan
tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni
torpaqlarımızdan qovduq.
Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü,
iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə
barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım
atmamışdılar. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan
ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda,
Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər bir amalla
yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı,
Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir
Prezident İ. Əliyevin vurğuladığı kimi ikinci Qarabağ müharibəsi bizim şanlı
tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər
xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir,
bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə
olacaq.
Qazanılmış Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci
Qarabağ müharibəsi bizim gücümüzü göstərdi. Çünki biz XXI əsrin müharibəsini
aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz
peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni
torpaqlarımızdan qovduq.
Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər
tərəfindən öyrənilir. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində
İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir.
Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o
cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş
digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər.
Hərbi Qənimətlər Parkının yaradılmasının müharibənin miqyasını və
Qələbənin möhtəşəmliyini göstərdiyini qeyd edən ölkə PrezidentiQələbənin
əbədiləşdirilməsinə xidmət edən təşəbbüs adlandırıb. Yaradılmasına bu ilin yanvar
ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai
rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad
olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin
nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır” şüarı əks
olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o
cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz
qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən
tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada
Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir
qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar,
2
döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi
nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi,
sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar
Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş
imkan yaradır;
Göstərildiyi kimi Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan
Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan
Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki,
bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş
torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı.
Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən
sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər;
Erməni vandalizmi insanlığa qarşı cinayətdir. Törədilmiş vəhşiliklər dəhşətlidir.
Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz
saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri
şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki,
onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq.
Əlbəttə, Vətən müharibəsində əldə olunmuş Qələbə böyük ordu quruculuğu
siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordu quruculuğu hər zaman dövlət
siyasətinin prioritet istiqaməti olub. Biz danışıqlar masasında prinsipiallıq göstərərək,
eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə
xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş
qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz
edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq.
Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün
aparılmışdır. Bunun üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki
silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll
etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə
silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat
imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi;
Prezidentin qənaətinə görə, İkinci Qarabağ müharibəsinin aparılması üçün
Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin
edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə
artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən
bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbinin təminatı və
rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.
Əslində, ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf
edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi
inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə
lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail
oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa
edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait
yoxdursa, silah da olmayacaqdı. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də
hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya,
enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.
Prezident İlham Əliyev bunu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tarixi həqiqətləri hamı bilməlidir. Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha
əvvəl başlamışdı. 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi
3
Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və
onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir
erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə
Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ
Ermənistana birləşməlidir.
Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə
cürət edə bilmirdi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki,
erməni millətçiliyi baş qaldırsın. Təsadfi edyildir ki, 1970-1980-ci illərdə Azərbaycana
rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı.
Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet
İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi.
Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya
tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır;
Müstəqilliyin ilk illərində faktik olaraq hakimiyyətə gəlmiş və bu gəlişini
rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın
işğal altına düşdü. Şuşa və Laçın ermənilərə təhvil verərilərkən Bakıdakı hakimiyyəti
yıxmaq istəyirdilər. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edildi, parlament
binası zəbt olundu, hakimiyyət devrildi. Bu, AXC- Musavat cütlüyünün böyük
xəyanətidir.
1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat
cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur
olub Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında
asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində
nə qədər böyük ziyan vuruldu. Torpaqlarımız əldən getdi, ordu məhv edildi, vətəndaş
müharibəsinə start verildi, qardaş qanı töküldü.
2003-cü ildə Azadlıq meydanında AXC-Musavat cütlüyü hərbi çevrilişə cəhd
etdilər, xalq onları dəstəkləmədi. 2005-ci ildə isə Azərbaycanda “narıncı inqilab”
etmək istəyirdilər. Başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar
gətirilmişdi. Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı
ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi.
Halbuki, bütün “narıncı inqilablar” xalqların və dövlətlərin tənəzzülü ilə bitmişdir.
Bu cür inqilabların nəticəsində ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər,
artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox
aşağıdır.
Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna
çevrilməməliyik deyən dövlətimizin başçısı sonda bildirib ki, əvvəla erməni dövləti
bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
ilk qərarlarından biri də İrəvan Ermənistana verildi.paytaxt düzəltmək idi. Azərbaycan
Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz
tarixi həqiqətləri bilməliyik. 1918-1920-ci illərdəki müstəqilliyimiz yarımçıq idi. İrəvan
Ermənistana verildi. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə
bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq
etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik.
Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində
bizim üçün o qədər saxta tarix uydurmuşlar ki, həmin saxta tarixin girovuna
çevrilmişik.