ƏBÜLFƏT MİSİROĞLU
(1946-1998)
ƏIhmədov Əbülfət Misir oğlu 14 dekabr 1946-cı ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1966-cı ildə indiki Dövlət Neft Akademiyasına daxil olub. İki il orada qiyabi təhsil aldıqdan sonra, Ağcabədi rayon komsomol komitəsində təlimatçı, şöbə müdiri, komsomol katibinin müavini və ikinci katib vəzifələrində çalışıb. 1969-1971-ci illərdə M.Qorki adına Moskva Dünya Ədəbiyyat İnstitutuna daxil olub və təhsilini burada davam etdirib. Tələbəlik dövrünün ilk yaradıcılığı müxtəlif əsərlərlə SSRİ Yazıçılar İttifaqının nəşri olan “Tverskoy Bulvar” tələbə almanaxında əks olunub. İnstitutu bitirdikdən sonra 1971-1972-ci illərdə “Beyləqan” qəzetində müxbir vəzifəsində calışıb.
1970-ci illərdə Azərbaycan ədəbiyyatına gələn gənc istedadlı ədəbiyyatçılar arasında Ə.Misiroğlunun da adı xüsusi qeyd olunur. Onun “Kiçik kəndin dəmirçisi”, “Sevinc donu”, “Bir papaq fındıq”, “Gözlər” və daha onlarla povest və hekayələri mütəmadi olaraq Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanı olan “Liferaturnı Azerbaydjan” jurnalında vә “Ədəbiyyat” qəzetində çap olunur, oxucu rəğbəti qazanır. Yazıçının “Gecələr olmayaydı” povest və hekayələr kitabı da məhz bu dövrə təsadüf edir.
1972-1975-ci illərdə Ə.Misiroğlu Azərbaycan Dövlət Televiziyasının gənclər redaksiyasında müxbir vəzifəsində çalışıb. Bu müddət ərzində onun “Molodaya Proza Azerbaydjana” kitabında çap olunmuş “Ağ daşlar” hekayəsi, yazıçını oxucu kütləsinə daha yaxından tanıtdırır. Az sonra onun eyni adlı kitabı nəşr olunur. “İydə çiçəyi”, “Bir gilə göz yaşı”, “Gözbağlıca” və daha neçə-neçə povest və hekayələri isə “Havadan asılmış dünya” kitabında yer alır. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Gənclik” redaksiyasında böyük redaktor vəzifəsində çalışır.
Ə.Misiroğlu 1991-ci ildə “Ümid” yaradıcılıq evi, 1992-ci ildə isə Müstəqil Azərbaycanın ilk siyasi partiyalarından biri olan “Ümid” partiyasını təsis edir. 1993-cü ildən həyatının sonunadək bu partiyaya sədrlik edən Ə. Misiroğlu 1998-ci ildə ölkədə dördüncü dəfə keçirilən president seçkilərində prezidentliyə namizəd qismində iştirak edir. Bu dövr ərzində, 1993-cü ildə “İnterfaks” ictimai-siyasi qəzeti və 1994-cü ildə “Günəş kooperativi” dərgisini təsis edir.
1996-cı ildə “General doğulmurlar” bədii-tarixi romanı yazıçının sağlığında nəşr etdirdiyi son kitabı olur. “Azərbaycan oğulları” silsiləsindən olan bu kitab Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə mərdlik və sücaət göstərmiş döyüşçülərimizə həsr olunub.
SSRİ Yazıçılar İttifaqının, SSRİ Politoloqlar və Sosioloqlar Assosiasiyasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ə.Misiroğlu İraq xalqının tarixən qatlaşdığı əzab-əziyyətlərə həsr etdiyi əsərlərə görə, bu ölkənin keçmiş prezidenti Səddam Hüseyn tərəfindən xüsusi təşəkkür məktubu almış ilk və sonuncu Azərbaycan yazıçısıdır. Ə.Misiroğlu “Qızıl Qələm” mükafatının laureatı, həmçinin Çeçenistan Respublikasının prezidenti Cövhər Dudayev tərəfindən fəxri vətəndaş elan olunmuş ilk yazıçımızdır.
Ə.Misiroğlu 1998-ci il dekabrın 14-də ürək çatışmazlığından vəfat edib.
Əsərləri:
- “Ağ daşlar”. B., “Gənclik”, 1986, 160s, 2000 nüs.
- “İki səs”. B., “Gənclik”, 1971, 30s, 200 nüs.
- “Gecələr olmayadı”. B., “Gənclik”, 1980, 142s, 1500 nüs.
- “Havadan asılmış dünya”. B., “Yazıçı”, 1985, 200s, 1000 nüs.
- “Generallar”. B., “Yazıçı” 1996, 240s, 1000 nüs.
Aranqazeti.az müəllifin bir hekayəsini sizlərə təqdim edir
VAXTSIZ KÜLƏK
Tufan birdən qopdu. Pəncərələri taybatay vurub açdı. Arakəsmənin qapısı necə çırpıldısa, çiliklənib tökülən şüşələr qorxulu bir səs qopardı. Bulud Soltanlı yerindən qalxıb tez əlini telefona atdı, qulağına aparanda dizləri əsdi:
– Telefon işləmir!
Onun həyəcanlı səsi Ülkəri də çaşdırdı.
– İki daşın arasında nəyinə gərəkdi telefon?! Pəncərələri örtüb, bərkitmək lazımdır. Yoxsa külək evi viran eləyəcək.
Arvad taybatay açılmış enli pəncərələri güclə örtdü.
– Tez ol, şkafın alt gözündən çəkici bəri gətir.
– Burda çəkic yoxdur.
– Yaxşı bax, çəkic göyə çıxmadı, ha…
– Tapmıram…
Ülkər əsəbiləşdi:
– Gəl, sən pəncərəni saxla, gəl…
Bulud Soltanlı gəlib kürəyini verdi pəncərəyə. Külək az qalırdı onu ata, ayaqlarını yerə dirəyib, hirsindən dodaqlarını çeynədi: “Axı, bu telefon, bu işıq niyə hamısı birdən kəsildi”.
Bir dəqiqə keçməmiş arvadı çəkic və mismar gətirdi. Sonra ortalıq stolunu pəncərənin qabağına çəkdi.
– İndi keç bu tərəfə. Mən çiynimlə saxlayım, sən çıx stolun üstünə, pəncərələri mıxla çərçivəyə, birtəhər dayansın, sonra aşağısını bərkitmək asandır.
Bulud Soltanlı çəkici və mismarları alıb, çıxdı stolun üstünə. Çəkic bir dəfə taqqıldadı, ikinci dəfədə pəncərənin üst şüşəsi ovxam-ovxam olub töküldü arvadının boynuna. Ülkər ikiəlli baş-gözünü tutanda, külək pəncərəni Bulud Soltanlının düz alnına çırpdı. Arvadı onun qışqırığını eşitmədi, öz hayında idi:
– Kibrit yandır, Bulud, qan məni apardı.
Bulud Soltanlı çaşıb özünü itirmişdi. Yod lazımdı, bint lazımdı.
Qolundan yapışıb arvadını mətbəxə gətirdi. “Əlini götür, baxım” – deyib, kibriti yandırdı. Ülkər qorxa-qorxa əlini çәкәndә əri sevindi: elə qorxulu şey yoxdu.
O, arvadının alnına yod sürtdü, bintlə bərk-bərk bağladı. Külək hələ də öz işindəydi, ev-eşiyi alt-üst eləyirdi. Yenə рәncərənin qabağına gəldilər. Nə işıqlar yanırdı, nə də telefon işləyirdi. Ülkər yenə pəncərənin arxasında dayandı. Bulud Soltanlı stolun üstünə çıxıb çəkici götürdü.
Ülkərin alını bərk ağrıyırdı. Öz-özünə fikirləşirdi ki, Allah saxladı, tininə düşsəydi təpəmi xəncər kimi yarardı. “Yox, bu külək deyil,küləkdə bu boyda güc olmaz, yəqin burulğanıydı – ötdü, dalınca da şiddətli külək başladı”. Belə burulğanlar haqqında eşitdiklərini, biliklərini yadına saldı…
Birdə gördü qolları süstləşib gücdən düşür, daha pəncərəni saxlaya bilmir, əri isə hələ də taqqıldadır.
– Nə oldu iki mıxçanı vurmaq? Qollarım heydən düşdü.
– Vura bilmirəm…
– Di tez ol, düş, tez ol!
Bulud Soltanlı dinməz-söyləməz düşdü.
– İndi neyləyək?
– Gəl pəncərəni saxla, görüm mən vura billəmi.
Bulud Soltanlı keçib pəncərəni saxladı. Ülkər çəkici götürüb stolun üstünə çıxdı. Hər dəfə çəkici vuranda içini çəkib ufuldayırdı.
– Nə oldu, Ülkər, niyə ufuldayırsan?
– Nə olacaq, çəkic barmaqlarımı əzib qoydu ora. Ülkər çəkici ara vermədən vurur və vurduqca elə ufuldayırdı ki, elə bil bədəninə köz yapışırdı.
Pəncərə yerinə bərk oturmuşdu, ancaq Ülkərin barmaqlarının başı əzilib gör-gör göynəyirdi. O əzilmiş barmaqlarını gah ağzına aparıb hovxurur, gah qoynuna salırdı, ağrı isə azalmaq bilmirdi.
Bu dəfə telefonu Ülkər qaldırdı.
– İşləmir, – deyə ağrılı-ağrılı dilləndi.
– Cəhənnəmə işləsin, gəl yıxıl yat, soyuq səni alacaq.
Bu sözdən elə bil Ülkərin dərdi açıldı.
– Səni tapan gündən nə vaxt canım qızıb ki…
Nədi, deyirsən mən…
– Nə “mən, mən” salmısan axı, kişi də pəncərəyə bir mıx vura bilməzmi?
Mıx vurmaqnan adam kişi olur?
– Olur, niyə olmur, Kişilik elə iclas eləmək deyil ki,
Bulud Soltanlı dilxor oldu:
– Deyirsən, kişi gərək çəkic vurmağı bacarsın?
– Əlbəttə.
– Deməli, mən kişi deyiləm?
– Mən deyirəm, kişinin əlindən hər iş gəlməlidir.
– Eybi yoxdur, yorğanı çiyninə elə, soyuq olar.
– Səni tanıyıb tapandan nə vaxt canım isinib ki?
Elə hey buz yağıb üstümə. Camaat kefində-damağında olanda, mənim də işim-peşəm buz əritmək olub gecə-gündüz. O gün olmayıb qaşqabağın sırsıra bağlasın?
– Yəni mən gülmürəm ki?
– Gülürsən, elə gülüşündən də buz tökülür. Bir ağ gün qismət olmadı mənə Allahın altında, hər gecə özünlə bir yığın dərd gətirib əndərdin üstümə.
Arvadı elə danışdı ki, Bulud Soltanlı borclu qaldı onun qabağında.
– De görüm, hansı dərdi tökmüşəm sənin üstünə?
Ülkərin kövrəlmiş səsi daha da titrədi:
– Birdir, ikidir – hansını sayım?!
– Say! Say görüm o hansı dərddir.
– Hansını sayım? Pambıq susuzluqdan yanıb – od olub gəlmisən. Yağış məhsulu döyüb – tufan olub gəlmisən. Dərmanlama gecikib – zəhər olub gəlmisən. Ürəyin də dönüb olub iclas zalı, harasını qurdalayırsan məruzədi. Bircə dəfə görmədim ər nə olan şeydir. Yazıq uşaqlarımın da gözü sevinmədi. Barmağını qatla de ki, ər kimi bircə dəfə gələndə əlində bükülü bir şey gətirib demisən ki, bunu sənə almışam, ay arvad, geyin baxım. Yazıq uşaqlarım da mənim da mənim kimi. Bircə dəfə cibindən bir konfet çıxarıb uzatmamısan onlara. Görməmişəm işdən sonra arvadını, uşağını yanına salıb gəzdirəsən. Evdə oturmaqdan qəfəs quşuna dönmüşük.
Bulud Soltanlı haldan çıxdı:
– Bəs bu qədər pal-paltar hardandı?!
– O, paltarların heç birini sən alıb əlində gətirməmisən. Düzdü, sən qazanmısan, sənin pulunla alınıb, ancaq hamısını özüm almışam. Onu bil ki, sənin qazancınla bütün dünyanın malını da alsam, ərin əlində gətirdiyi bir turş alça qədər qiyməti yoxdur. Bulud Soltanlı qalxıb otağın içində var-gəl elədi.
– Belə çıxır ki, qadın kimi xoşbəxt eliyə bilməmişəm!
– Bəs nə , bunu indi bilirsən?! Qadına ər nəvazişi lazımdır. Neynirəm soyuq miras anbarını, öləndə başımın altına qoyub yatmayacam ki?
– Demək, sən həyatından narazısan?!
– Əlbəttə, narazıyam. Sənin üzünə vurmadığıma baxma. Suçu Rəhimlə Səkinənin ər-arvadlığına baxıb köks ötürməkdən içim düyün-düyündür.
– Sən düz deyirsən, günahkar mənəm. Atalar yaxşı deyib ki, itini ac saxla, dalınca gəlsin. De görüm neynəyib, axı, Suçu Rəhimlə arvadı?!
– Neyləyəcək, evində tapılırsan ki, görəsən neynəyirlər. Səkinə oturur xanım kimi süfrənin başında, əri gözünün qabağında samovara od salır, qaynadır. Dəmləyib diz-dizə otururlar tutun qara kölgəsində.
Soltanlı təəccüblə:
– Elə bu?!
– Bu niyə olur ki! Geyinib-gecinib qoşa gedirlər xeyir-şərə. Kefləri istədiyi havanı çaldırıb oynayırlar, deyib gülürlər. Sənsə barmağını qatla, bu kənddə yüz dəfə xeyir iş olub, bir dəfə gəlib demisənmi ki, Ülkər, dur geyin, düş yanıma, gedək! Demisən!
Bulud Soltanlı udqundu.
– Bəs onda neynirəm o bir heylə pal-paltarı, sandıqda üst-üstə tökülüb qalıb. Allahın Səkinəsinə qibtə eləyirəm.
– Axı, sənin ərin katibdir. Katibin belə-belə işlərə vaxtı çatmır.
Ülkər köksünü ötürdü:
– Kaş elә mənim də ərim suçu olaydı. Ancaq mən geyinib-gecinib el arasına çıxaydım. Evdə oturmaqdan qulaqlarım kar olub. Söz də düşəndə başıma qaxırsan ki, sənin ehtiyacın yoxdur. Var mənim ehtiyacım. İstəyirəm birinin ürək dolu gülüşünü, birinin gileyini eşidim, bir ağbirçəyin söhbətinə qulaq asım…
– Get nə qədər istəyirsən söhbət elə. Toya get, yasa get, kimdi bunları sənə qadağan eləyən!?
– İndən belə gecdir… Adamlara yovuşub-yanaşa bilmirəm. O, qədər tək qalmışam ki, quruyub saqqız çöpünə dönmüşəm…
– Elə bunlara görə özgələrə qibtə eləyirsən?! – deyə katib başını buladı. – Yox, arvad, mənim çuvalımın dibi yırtıq imiş… Ona qalsa mən də həsəd aparıram.
– Kimə?
– Cəmilə ilə əri Mürsələ.
– Niyə?
– Bircə dəfə ertədən dur bax, onda görərsən. Cəmilə hər səhər işə gedəndə ərinin dalınca bir parça dumduru su atır. Elə bil kişi uzaq bir səfərə gedir. Kolxozun sınıq-salxaq “QAZ-51” maşınını sürür. Onun uzaq yolu sahələrə kübrə daşımaqdı. Ancaq di gəl ki, Cəmilə bu sınıq-salxaq maşının şoferi olan əri üçün tir-tir əsir, hər gün onun dalınca su atır. Su atır ki, ərinin yolu aydınlıq olsun. Sən bunu bir dəfə də olsa eləmisən?
Bulud Soltanlının xatirələri baş qaldırdı. Cəmilə ilə bir partada oturduğu günlər gözlərinin önündə dayandı. Yeddinci sinifdə oxuyurdular. Cəmilə buludu heç adam yerinə də qoymurdu. Bir də ki, Buludun hamıdan yaxşı oxuduğuna görə Cəmilənin ondan zəhləsi gedirdi. Bu şalvarı yamaqlı, atasız Bulud məktəbdə dönüb olmuşdu bir od parçası. “Qara yazı lövhəsində ağ təbaşirlə nə yazılarsa, elə bil Buludun dimdiyi sınıq kepkalı başına yazırlar”. Bu Cəmilənin sözləri idi. “Cəmilə necə də məğrur idi onda… Biz bir-birimizi sevirdik. Mən gizlədə bilmirdim bu məhəbbəti, o isə bacarırdı”… Bulud Cəmilənin məhəbbət məktublarını indi də saxlayırdı. Hərdən arxivini qurdalayanda oxuyurdu onları. Birdən-birə kəsilmişdi Cəmilənin məktublarının arası. Son beş məktubuna cavab almamışdı Bulud. Axırıncı cavab məktubunu uşaqlıq dostu Həsən yazmışdı: “Dostum Bulud, daha Cəmiləyə indən belə məktub yazma, – o, başqasına ərə getdi. İndi şofer Mürsəlin arvadıdır. Yay tətilinə gələndə daha ətraflı danışarıq”… O “yara” indi də ürəyindən çıxmırdı Bulud Soltanlının.
Ülkərin səsi Buludu xəyaldan ayırdı:
– Yaxşı qadındı Cəmilə, bunu heç kim inkar eləyə bilməz. Ancaq dolanışıqları bir az çətindir. Yeddi qızı var, əri də o cındır maşınla dümələnir. Sən ona niyə təzə bir maşın verdirmirsən?
Bulud mənalı-mənalı başını yırğaladı:
– Mən ona həyatımı verirdim bir vaxt – istəmədi. İndi maşın versəm götürər? Azı on dəfə sədri onların qapısına göndərmişəm ki, gəlib təzə maşını təhvil alsın, istəməyib…
Ülkər susdu və handan-hana dilləndi.
– Deməli, o səni bəyənməyib?
– Bəli.
– Niyə?
– O vaxt da məktəbdə belə bir vaxtsız külək qopmuşdu. Biz onuncu sinifdə oxuyurduq.