Ağcabədidə ağac qətliamı törədənlər kimlərdir

            Azərbaycan dünyanın əsrarəngiz gözəlliyə malik zəngin təbiəti olan ölkələrindəndir. Bu gözəlliyi sevməklə bərabər, onu qorumaq da başlıca şərtdir. Odur ki, hər bir kəsin bu sahədə üzərinə mühüm vəzifə düşür. Ölkəmizdə təbiətin mühüm hissəsi olan yaşıllıqların salınması, inkişaf etdirilməsi və mühafizəsi hər bir dövrdə xüsusi əhəmiyyət daşıyır. Dövlətimiz tərəfindən bu sahə həmişə diqqət mərkəzində saxlanılır. Daha dəqiq desək, ölkə ərazisində yaşıllıqların salınması və qorunmasına daim diqqət və qayğı göstərilir. Görülmüş tədbirlər nəticəsində paytaxt Bakı şəhəri ilə yanaşı respublikanın bütün bölgələrində ağac əkilməsi, yaşıllıq zolaqların salınması istiqamətində ciddi addımlar atılır.

            Rayonumuzda da yaşıllıqların artırılmasına geniş start verilib. Bölgənin ayrı-ayrı ərazilərində əkilmiş yeni ağaclar, salınmış yaşıllıqlar göz oxşayır, ürək açır. Son vaxtlar şəhər mərkəzində, yol kənarlarında, küçə və meydanlarda əkilmiş ağaclar, yaşıllıq zolaqları bu baxımdan diqqət çəkir. Ağacların əkilməsində əməyi olanlar gördükləri işdən zövq alır, iftixar hissi keçirirlər.

            Lakin təəssüflər olsun ki,  yaşıllıqlara xor baxan, öz mənafeləri naminə ağacların məhvinə qol çəkən şəxslər də tapılır. Təəccüb doğuran haldır ki, günün-günorta çağı hamının gözləri qarşısında ağaclar kəsilir, qırılır. Necə deyərlər, onların qətliamı həyata keçirilir.

            Üzeyir Hacıbəyli adına prospektdə “İrşad” Elektroniks mağazasının yerləşdiyi binanın qarşısında adı “Qırmızı kitab”a düşən 30 ildən çox yaşı olan 5 ədəd Şərq çinarının, Nəriman Nərimanov küçəsində yerləşən avtoyuma məntəqəsinin önündəki yaşı 10 ildən çox 4 ədəd sərv ağacı, “Neptun” mağazasının qarşısındakı 10 ədəd çəkil və 1 ədəd sərv ağacının kəsilməsinə nə ad vermək olar?

            Əvvəla, hər bir əkilən ağac insan əməyinin, zəhmətinin nəticəsidir. İkincisi, ağacları məhv edənlər ekoloji tarazlığı pozur, əhaliyə ciddi ziyan vurur. Üçüncüsü isə yaşıllıqları məhv etmək, yerində müxtəlif obyektlər inşa etdirənlər ekoloji durumu korlamaqla yanaşı, insanlara sosial-mənəvi zərbə də vurmuş olurlar.

            Ulu öndər Heydər Əliyev həmişə belələrinə qarşı barışmaz mövqe nümayiş etdirirdi. O, deyərdi ki, ağac kəsənlər qolumu kəsmiş kimidir. Odur ki, sərvəti olan ağacların məhvinə səbəb olan, təbiətin nizamını pozan, onun qədrini bilməyənlər barədə ciddi ölçülər götürülməlidir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər