“Aran” qəzeti Vətən müharibəsi döyüşçüsü , Ağcabədi Pedaqoji Kollecinin müəllimi Bəxtiyar Əliyevlə müsahibəni təqdim edir
– Ağcabədi Pedaqoji Kolleci hər zaman vətənpərvər gənclik yetişdirməsi ilə seçilib. Kollecin rəhbərliyi, eləcə də müəllimlərinin bu işdə rolu danılmazdır. Vətən müharibəsi bunu bir daha sübut etdi. Kollecin artıq üçüncü döyüşçü müəllimi ilə bağlı “Aran” qəzetinə material hazırlayırıq. Oxucularımıza sizi daha yaxından tanıtmaq üçün özünüz haqda qısa olaraq hansı məlumatı verərdiniz?
– Tamamilə düzgün vurğulayırsınız. Ağcabədi Pedaqoji Kolleci bölgəmizdə və Respublikamızda vətənə məhəbbəti, dövlətimizə və onun atributlarına, xüsusilə bayrağımıza sevgisi ilə seçilən gənclərin yetişdirilməsində özünəməxsus yer tutur. Bu Vətənpərvərliyin və milliliyin gənclərə aşılanmasında vətənsevər rəhbərlik və pedaqoji kollektivin də rolu boyükdür. İl boyu Kollecdə vətənpərvərlik mövzusunda təşkil edilən tədbirlərdə, eləcədə bu səpgili ümumrayon tədbirlərində xüsusi həvəslə və ürək yanğısı ilə iştirak edən müəllim və tələbələrimiz “Aprel döyüşləri”nə və “Vətən müharibəsi”nə də bu ürək yanğısı ilə qoşuldular. Kollecin müəllim, tələbə və məzunlarından 50 nəfərə qədəri doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağcabədi şəhidlərindən Mustafazadə Ceyhun Şükür oğlu Kollecimzin məzunudur.
Qeyd etdiyiniz kimi Kollecin ölkəmizin ərazi bütovlüyü və süverenliyi uğrunda gedən döyüşlərdə iştirak edən müəllimlərindən biri də mənəm.
Mən Əliyev Bəxtiyar Məhəmməd oğlu 27 oktyabr 1976-cı ildə Ağcabədi rayonunun Üzeyir kənd kəndində anadan olmuşam. 1993-cü ildə Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olmuşam. 1997-ci ildə Universiteti bitirərək Ağcabədi şəhər M.Aranlı adına tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. 11 may 2003-cü il tarixdən 17 noyabr 2004-cü il tarixinə qədər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarında zabit kimi həqiqi hərbi xidmət keçmişəm. 2011-ci ildən Ağcabədi Pedaqoji Kollecində işləyirəm. Kollecdə Psixoloq, Hərbi səfərbərlik üzrə mühəndis, Tədris hissə müdiri vəzifələrində ayrı-ayrı dövrlərdə fəaliyyət göstərmişəm. Hazırda Qeydiyyat, Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıram. İctimai-siyasi, pedaqoji və hərbi vətənpərvərlik işinin təbliğindəki fəaliyyətimlə əlaqədar olaraq dəfələrlə rayon rəhbərliyi, Kolecin direktoru və ayrı-ayrı hərbi birləşmələrin rəhbərlikləri tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşam.
“Vətən müharibəsi” başlanan gündən 2 gün sonra 29 sentyabrda müharibəyə yollanmışam. Füzuli və Xocavənd uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişəm. Cənab Prezidentin sərəncamları ilə medallarla təltif olunmuşam.
– Döyüşə yollanarkən içinizdə qələbə inamı var idimi? Var idisə, haradan qaynaqlanmışdı bu inam?
– Bir tarixçi kimi deyə bilərəm ki, Türkləri digər xalqlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri, ən başlıcası məğubiyyətlə heç zaman barışmamaları və prinsipiallıqlarıdır. Diqqət edin! 100 illər əvvəl işğal olunmuş ərazilərimizdən bu gün də əlimizi üzməmişik. Beynəlxalq aləmdə qəbul edilmiş müqavilələrlə başqa dövlətlərin tərkibində olmasına rəğmən … Bu gün üçün o torpaqları almaq gücümüzün olmamasına rəğmən … Ümidimizi heç zaman itirmirik. Bu günün reallığında həyata keçirə bilmədiyimiz haqq savaşımızı unutmuruq, unutdurmuruq.
Əzəli torpaqlarımızı işğaldan azad olacağına inamım isə Ulu Öndər H.Əliyevin 1994-ci ildə atəşkəsə nail olduqdan sonra İqtisadi inkişaf və nizami ordu quruculuğu işlərinə başlaması ilə yarandı. Qələbəyə inamım Ali Baş Komandan İlham Əliyevin güclü iqtisadiyyata söykənən hər tərəfli xarici siyasət yürütməsi ilə və ordunu tam müasir silahlarla təchiz etməsi ilə möhkəmləndi. Ən nəhayət cənab prezidentin “Qarabağ Azərbaycandır!” devizi məni bir vətəndaş, bir zabit kimi qələbəyə əmin etdi.
– Döyüş zamanı yadınızda qalan ən təsirli məqamlardan bir neçəsini söyləyə bilərsinizmi?
– Müharibəyə sentyabrın 29 getsəm də döyüş əməliyyatlarına oktyabrın 1-də qoşuldum. Ta müharibənin sonuna qədər hər gün təsirli hadisələr baş verirdi. Onların hamısı yaddaşıma həkk olunubdur. Bu hadisələri zaman-zaman tələbələrə, gənclərə anlatmağa qərar vermişəm. Qoy qələbəmizin necə qanlar, necə canlar, necə əzablar bahasına əldə edildiyini hər kəs, ələlxüsus gənclər idrak etsinlər və əhəmiyyətini anlasınlar. Bir epizodu “Aran” oxucularına danışmaq istəyirəm: Oktyabr ayı idi Füzuli şəhəri yaxınlığındakı yüksəkliklər uğrunda döyüşürdük. Yağış leysan kimi yağdığından döyüş səngimişdi. Bir qrup əsgər və zabitlə “Məngələn ata ” deyilən dağın yamacında oturub hücum əmri gözləyirdik. Hər kəs başından dabanına kimi suyun və palçığın içində idi. Birdən əsgərlərdən biri : “Komandir, bu yağış da zəhləmizi tökdü” dedi. Mən isə cavabında : “Bu yağış deyil, şəhidlərimizin analarının göz yaşlarıdır” dedim. Bu zaman ətrafdakı hər kəsin gözlərində yaşlar gilələndi və yağışa qarışdı. Düşmənə qarşı amansız olan kişilərin bu duyğusallığı mənə çox təsir etmişdi.
– Kollecin vətənpərvər ruhundan söz açdıq. Amma ümumilikdə Azərbaycan gəncliyindən gileyli idik. Həmişə deyirdik ki, indiki nəsil o hadisələri yaşamayıb. Ona görə bizim kimi hiss edə bilməzlər faciələrimizi. Unudacaqlar hər şeyi… Onlar daha çox əyləncəyə meyillidir… Amma 44 günlük müharibə bizim düşüncələrimizi tamamilə alt-üst etdi. Həqiqətən maraqlıdır. Nə zaman, necə yetişdi bu gənclik?
– Doğrudur. Sizinlə razıyam. Gənclərin əyləncəyə meyilliliyi, bəzi tərz və üslubları, bəzən də mənfiyə inteqrasiya meylləri bizi də hər zaman narahat edirdi. Lakin bu istiqamətdə həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq iş aparılırdı. Görünür dövlətin, təhsil müəssisələrinin, ziyalıların təbliğatı öz bəhrəsini vermişdir. Ana yurda, vətən torpağına, bayrağına bağlılıq bu millətin ruhuna hopmuşdur. Ona görə də məqamı gələndə vətən eşqi pərvazlanır.
– Döyüş zamanı ümidsizliyə qapıldığınız an oldumu?
– Qətiyyən. Hər şəhid verdikdə qisas hissi ilə daha alovlu yanır, daha da çox ümidlənirdik.
– Orada kimin üçün darıxdınız. Ümumiyyətlə darıxmağa vaxt var idimi?
– Düzünü deyim ki, o, odun–alovun içərisində, bir tərəfdə itgilərimiz və qisas hissimiz, digər tərəfdə uğurlarımız və yeni döyüş planlarımız…
Açığı kiminsə üçün darıxmağa nə vaxtımız, nədə imkanımız yox idi. Darıxırdıq… Amma Şuşaya bayrağımızı sancmaq üçün darıxdıq.
– Auditoriyaya girəndə, tələbələrlə söhbət edəndə Vətən müharibəsindən əvvəlki Bəxtiyar müəllimlə indiki Bəxtiyar müəllimin arasında bir fərq hiss edirsinizmi?
– Elə həmin müəlliməm, sadəcə bir fərq var. Qürurluyam. Çünki torpaqlarını işğaldan azad etmiş dövlətin vətəndaşıyam, qalib ordunun zabitiyəm. Və ölkəmizin təkcə işğal tarixini deyil, həm də zəfər tarixini tədris edəcəyəm.
– Həyatınızda, fəaliyyətinizdə “Kaş ki…” dediyiniz nələrsə olubmu? Bölüşə bilərsinizmi bizimlə?
– Mən inanclı insanam. Baş verən hər şeyə real yanaşıram. Odur ki, heç vaxt “Kaş ki” deməmişəm.
– Daha hansı sualı sizə verməyimi istərdiniz? Və cavabınız nə olardı o suala?
– Hörmətli Məhsəti xanım!
Siz yaradıcı insansınız. Bir döyüşçü müəllimə ünvanlanası bütün sualları dəqiqliklə seçmisiniz. Ona görə də hesab edirəm ki, bəhs etmək istədiyim məqamlara toxunduq.
Sizə və “Aran” qəzetinin kollektivinə aktual mövzuları gündəmə gətirdiyinizə, milli vətənpərvərlik ruhunda yazılar dərc etdiyinizə və bizlərə dəyər verdiyinizə görə təşəkkür edirəm.
Söhbətləşdi: Məhsəti Musa