Bir küçənin igidləri

                                                              

                Vətənimizin hər bölgəsi öz qəhrəman oğulları ilə fəxr edir. Bu oğullar doğma  torpaqlarımızın hər qarışı üçün canlarını fəda etməyə daim hazırdılar. Bu yazıda  onlardan Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsinin iki vətənpərvər övladı  haqqında danışmaq istərdim.

  Həsənov  Fərid  Zöhrab oğlu 1992-ci il avqustun 6-da Ağcabədidə anadan olub.1998-ci ildə Əkbər Əliyev adına şəhər 12 saylı tam orta  məktəbinin  1-ci sinifinə daxil olub. 2009-cu ildə sözügedən  məktəbi bitirib. 2010-cu ilin oktyabrından 2012-ci ilin aprelinə qədər Naxçıvanda  Milli Ordu sıralarında hərbi xidmətdə olub.Orduda qumbaraatan kimi qulluq göstərib. 2012-ci ildən 2020-ci ilin sentyabrına qədər müxtəlif sahələrdə çalışıb.2020-ci ildə vətənin müdafiəsinə qalxan və könüllü olaraq ordu sıralarına yazılan minlərlə oğullarımızdan biri də Fərid oldu. Fərid snayperçi kimi fəaliyyət göstərib və xeyli sayda erməni döyüşçüsünü məhv edib.  Füzuli ,Qubadlı,Cəbrayılda  vuruşub. ”Qubadlının azad olunmasına  görə”  və  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Qarabağın incisi olan Şuşanın alınmasından sonra  “İsa bulağı” -nın müdafiəsini təmin edənlərdən biri olub.Sol biləyindən qəlpə yarası  alan Fərid Füzulidə , Qubadlıda  yaralıları döyüş meydanından xilas edib. Hüsülüdən olan əsgər yoldaşını xilas edən zaman 9 saat meşə ilə yol gedərək onu arxa cəbhədəki  tibb məntəqəsinə çatdırıb. Fərid haqda onu tanıyan və xasiyyətinə bələd olan insanların   fikirlərini almaq istədik.  Sinif müəllimi Bəsti Mehdiyeva onunla bağlı  fikrini bizimlə bölüşdü: “Fərid vətənpərvər ,ailəcanlı,böyüyüyün-kiçiyin yerini bilən idi. Hər zaman ehtiyacı olan insanlara qayğı göstərər , köməyini əsirgəməzdi. Onun bu   cür vətənpərvər olması və şücaəti ilə fəxr edirəm. Bilirsiniz,  Vətən, ana kəlmələrini öyrətdiyim şagirdimin vətəni bu cür sevməsi mənə necə qürur hissi verir? Allah Fərid və onun kimi oğullarımızı pənahında saxlasın.”

 Haqqında məlumat vermək istədiyimiz daha bir   Vətən Müharibəsi  iştirakçısı  Əhmədov İlqar Eldar oğlu 9 yanvar 1990-cı ildə Ağcabədi şəhərində anadan olub.1996-cı ildə Əkbər Əliyev adına tam orta məktəbinin 1-ci sinifinə gedib. 2007-ci ildə məktəbi bitirib.  2008-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağrılıb və ordu sıralarında sürücü kimi xidmət edib.2009-cu ilin iyuluna qədər Ağstafanın Soyuqbulaq kəndində “N” saylı hərbi hissədə artilleriya diviziyasında xidmət edib.Əsgərlikdən sonra bir sıra fəaliiyət sahələrində çalışıb. 2013-cü ildə “SOCAR”-ın nəqliyyat departamentinin” Ağcabədi Xidmət sahəsində” sürücü vəzifəsində çalışıb. 29 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı “Goran “ poliqonuna qatılıb , burada təlim keçdikdən sonra Füzuli, Zəngilan, Xocavənd, Qubadlıda vuruşub .”Qubadlının azad olunmasına görə”,  ”Xocavəndin azad olunmasına  görə”   medalları ilə təltif olunub. Dekabrın 7-dən mülki həyata qayıdıb. Hal-hazırda Tərətər Regional Qaz İstismar İdarəsinin Ağcabədi Qaz İstismar Sahəsində sürücü işləyir. Ailəlidir.2 övladı var. Oğlu Eldar  6,qızı Zərifə 4 yaşındadır. Onlar İlqar cəbhədən qayıdanda əllərindəki  pulları atalarının başına yağdıraraq, sevinc göz yaşları içərisində “ Bəs noldu Paşinyan” deyə atılıb- düşüblər.

            YAP Ağcabədi  rayon təşkilatının  Aparat rəhbəri,  Hüsü Hacıyev  küçəsinin sakini Nazim Bünyadov küçələrinin igid oğulları haqqında ağızdolusu danışdı.”Fərid də, İlqar da hər ikisi gözümüz önündə böyüyüblər. Çox tərbiyəli, sakit oğlanlardır. Amma bu sakit oğlanlar bizi elə təccübləndirdilər ki!  Öz  vətənpərvərlikləri , düşmənə nifrət hisslərini döyüş meydanında nümayiş etdirdilər.  Könüllü cəbhəyə gedib sona qədər vuruşdular. Onların müharibəyə getmələri və qələbə ilə qayıtmaları  bizim küçənin sakinləri üçün böyük bayram idi. Onlar  küçəmizin adını göylərə qaldırdılar. Fəridlə İlqar hər cür tərifəlayiq oğlanlardır. Küçəmiz onlarla fəxr edir, qürur hissi duyuruq. Sağ olsunlar.Onlar əsl qəhrəmanlardır!”

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər