Məmmədquluzadə Həmidə xanım Əhmədbəy qızı (Cavanşir) 1873-cü il yanvarın 19-da Ağcabədi rayonunun Kəhrizli kəndində zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini ailədə rus müəllimlərindən almışdır. 16 yaşına qədər Qarabağda atasının himayəsi altında yaşamışdır. Ailə qurduqdan sonra isə Karsda, Brestdə yaşamışdır. Lakin ərinin vəfatından sonra atası Kəhrizli malikanəsini ona vəsiyyət etmiş və Həmidə xanım iki övladı ilə bərabər yenidən Qarabağda yaşamışdır. 1907-ci ildə Cəlil Məmmədquluzadə ilə ailə qurmuş və o vaxtdan Tbilisidə işləməyə başlamışdır. Cənubi Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin (1908-1917) yaradıcılarından biri və sədr müavini olmuşdur. Kəhrizli kəndində Həmidə xanım məktəb və qızların işləməsi üçün yüngül sənaye üzrə emalatxana açmışdır. Onun qurucusu olduğu məktəb 1920-ci ilə qədər, emalatxana isə 1926-cı ilə qədər fəaliyyət göstərmişdir. “Molla Nəsrəddin” jurnalının nəşrində də Həmidə Məmmədquluzadənin xidmətləri olmuşdur. Ədəbi fəaliyyətə 1934-cü ildən başlayan Həmidə xanım atasının və həyat yoldaşı Cəlil Məmmədquluzadənin bioqrafiyalarını, M.Ə. Sabir haqqında xatirələrini yazmış, o cümlədən Azərbaycan yazıçılarından rus dilinə tərcümələr etmişdir. 1939-cu ildən Azərbaycan Sovet Yazıçıları İttifaqının üzvü olmuşdur. 1955-ci il fevralın 6-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri:
1. “Mirzə Cəlil haqqında xatirələrim”. B., “Azərbaycan”, 1967, 268 s, 5000 nüs
2 “Mirzə Cəlil haqqında xatirələrim”. B., “Gənclik”, 1981, 212 s, 5000 nüs
“MİRZƏ CƏLİL HAQQINDA XATİRƏLƏRİM”
KİTABINDAN PARÇALAR
Mirzə Cəlil pasportunda yazıldığına görə 1869-cu ildə doğulmuşdur. Mirzə Cəlilin babası usta Hüseynqulu keçən əsrin qırxıncı illərində İranın Xoy şəhərindən Naxçıvana köçmüşdür, atası Məşədi Məmmədqulu da o zaman kiçik uşaq ikən valideyni ilə birlikdə Naxçıvana gəlmişdir.
Məşədi Məmmədqulunun Naxçıvan şəhərində kiçik bir duz dükanı olmuşdur. O, təxminən 1860-cı ildə Naxçıvan şəhərini sakini Sara Babayeva ilə evlənmişdir.
Mirzə Cəlilin atası və anası dindar olmuşlar. Onlar hər gün namaz qılar, ildə bir ay oruc tutar, uşaqlarını da bunlara riayət etməyə məcbur edərlərmiş. Mirzə Cəlil kiçik ikən onlara qulaq asmış, böyüdükdən sonra bu adətlərə etinasız yanaşmışdır. Yeddi yaşına çatar-çatmaz o, əvvəlcə Hacı Molla Bağırın, sonra Molla Əlinin məktəbində oxumuşdur. Bəzən Mirzə Cəlil xatırlayırdı ki, həmin məktəblərdə kiçik bir səhvə görə uşaqların, o cümlədən onun ayaqlarını falaqqaya salıb çubuq ilə döyərlərmiş. Sonra onu şəhərin rus məktəbində oxumağa vermişlər. Mirzə Cəlil burada dörd il oxumuşdur. Proqrama görə həmin məktəblərdə azəri dili çox səthi öyrədilirmiş. Bundan sonra qərara gəldilər ki, onu Qori Seminariyasına oxumağa göndərsinlər. Beləliklə, Qori Seminariyasını əla qiymətlərlə bitirən M. Cəlil elə həmin il Uluxanlı kəndinə müəllim təyin olunmuş, sonra isə Nehrəm kənd məktəbinə köçürülüb, on il orada işləmişdir.
Nehrəmdə Mirzə Cəlil kənd qızlarından Həmidə xatunla evlənmiş və onların qızı Münəvvər 1897-ci ildə anadan olmuşdur.
Mirzə Cəlil ilk dəfə yazıçılığa Nehrəmdə başlayıb, “Danabaş kəndinin məktəbi” və başqa kiçik əsərlərini orada yazmışdır.
1897-ci ildə Mirzə Cəlil Naxçıvana köçmüş və həmin ilin yayında bir yoldaşı ilə Moskvaya getmişdir.
1898-ci ildə Mirzə Cəlilin arvadı vəfat etmiş və o, İrəvana köçüb, sonralar burada qəza idarəsində tərcüməçi vəzifəsində çalışmışdır. Bu zamanlar o, “Yan tütəyi” (Mirzə Cəlilin dediyinə görə, o zaman bu hekayə yazıçı E.Sultanovun çox xoşuna gəlmişdir) və “Poçt qutusu” hekayələrini yazmışdır…