Zərifə xanım Əliyevanın timsalında mənəvi kamilliyin ən uca zirvəsində dayanan Azərbaycan qadınının, əziz xatirəsi ilə milyonlarla insanın qəlbində yaşayan görkəmli elm fədaisinin obrazı canlanır. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə bağlı Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Zərif ana, zərif qadın” adlı onlayn tədbirdə səsləndirilib.
Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşı Mirəli Mirəliyev və başqaları çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Xalqımız qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış akademik Zərifə Əliyevanın xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur. Tanınmış həkim, alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.