KƏNDİMİZ HAQQINDA YARIMÇIQ SALNAMƏ

Bilmirəm, bu, yay fəslini hardan xatırladım?…

            Nə bilim, yadıma düşdü.

            “Nazəndə sevgilim yadıma düşdün”.

            Sevgilim nə idi? Lap həyəcanlandım, bağışlayın. Nə isə…

            Bir dəfə yayda gəlmişdim şanlı kəndimizə. Burada “şanlı” sözünü kim hansı mənada başa düşür düşsün, bu, elə də ciddi məsələ deyil.

            Gəlməkdə məqsədim bir az şəhərin hay-küyündən uzaqlaşmaq, istirahət etmək idi. Və bu ərəfədə bir neçə rayondan yaxın dostları kəndə qonaq dəvət etmək istəyirdim ki, gəlsinlər, həm birlikdə bir az vaxt keçirək, həm də kəndimizlə tanış olsunlar. Amma sonra bu fikrimdən daşındım.

            Hmm, indi hamınız sual vermək istəyirsiniz, niyə daşındın?

            Doğrusu, etiraf edim, içimdəki “paxıllıq” hissi buna imkan vermədi. Daha doğrusu, qorxu…

            Çün onlar gəlib şanlı insanlarımızın (başqa cür düşünməyin, özümü də nəzərdə tuturam) ekoloji təmizliyini və mədəniyyətini görüb heyran olacaqdılar. Sonra məsələn, bunu necə etdiyimizi soruşacaqdılar, onda ən azı bir gün izah etməli olacaqdım: Biz çox ağıllı adamlarıq və həmişə asan, kreativ üsullar fikirləşib tapırıq.

            Misal üçün, dost-tanışa etibarın itdiyi zamanda biz evdən çox kənarlaşmamaq üçün, düz qapımızın ağzında – yolun ortasında zibillik düzəltmişik, hər evin belə özəl zibilliyi var. Burada həm də məqsəd yolda yaranan çala-çökəyi bərpa etməkdir…

            Daha sonra biz sürpriz etməyi sevərik və buna görə də gecələr maşınlarımızdan yollarımıza “səliqə” ilə içi dolu paketlər “düzərik”, hansı ki, buna “ətirləyici paketlər” demək lap yerinə düşər, zibil deyəni bağışlayan deyiləm onsuz da… Səhər həm özümüz, həm də kəndimizə gələn qonaqlar bu “ətir”lərdən “bihuş” olurlar, ağılları başlarından çıxır…

            Və bir az fasilə verib, dərindən nəfəs alıb, yenidən sözümə davam edəcəkdim, deyək itlər, pişiklər, toyuqlar ölür, biz öldürmürük ki, ölüm haqdır…

            Son cümlənin sonundakı bu üç nöqtə üç saniyəlik sükütdur və bu sükutdan sonra üzümü dostlarıma tutub soruşacaqdım, siz o leşləri neyləyirsiniz? Onlar da cavab verəcəkdi ki, həyətimizdə yandırırıq, ya da basdırırıq… Mən də cavabında başımı təəssüflə yelləyib, onlara səhvlərini anladacaq, belə etmək olmaz deyəcəkdim. Səbəb; gec-tez insanlar da ölümlə üz-üzə gələcəklər… Ona görə onlar yolları üstündə tez-tez leş görməli və iyləməlidirlər ki, ölümdən qorxmasınlar, iyrənməsinlər, öyrəşsinlər, nəhayət, ən əsası təsəlli tapsınlar ki, öləndən sonra da bu dünyada; yer üzündə qalacaqlar…

            Biiip! Bu anda bir maşın yanımızdan elə sürətlə keçəcəkdi ki, toz dumanında bir-birimizi itirib, qışqırıb çağırmağa başlayacaqdıq… Öskürə-öskürə iki-üç saatlıq axtarışdan sonra kəndin orasından-burasından bir-birimizi tapacaqdıq… Əlbəttə, bunun nə demək olduğunu bilmək istəyəcəkdilər… Həə, təbii ki, bir bələdçi kimi, ev yiyəsi kimi bunun da nə demək olduğunu onların nəzərinə çatdırmağı özümə borc bilib deyəcəkdim, kəndimizdə dağ olmasa da, duman həmişə var. Bunu bizə dağ kimi həmkəndlilərimiz yaşadır, ümumiyyətlə, yaydır deyə, sakinlərimizə dağ ab-havası yaşatmaqla onları sevindirməyə çalışırıq…

            Bəlkə qəfil birindən soruşacaqdım, sən qatı duman görmüsən? Yəqin, hə deyəcəkdi. Tez mən onun yalanını üzə çıxaracaqdım, yoox, görməmisən. Qatı duman, dostum, adamın içinə də işləyir, adamın nəinki özü, nəfəsi də azır…

            Off, axırda yorulub, dostlarıma kəndin ortasındakı fermalardan danışmayacaqdım, dəqiq bilirəm. Qoy bunu özləri tibb kitablarından oxuyub öyrənsinlər ki, insan hər gün buradan gələn qoxuları almalıdır, ciyərlərə və bronxlara xeyirdir. Bundan əlavə, iybilmə qabiliyyətini gücləndirir. Oxuyub öyrənsinlər, ortopedik cəhətdən ayağın sağlamlığı üçün insan mal təzəyi üzərində yeriməlidir həmişə. Bu da xüsusi “tibbi” traktor və lapetlərin köməyi ilə kəndimizdə hər gün həyata keçirilir…

            Ancaq dəxli olmasa da, bu yerdə bir söz yadıma düşdü, bilmirəm, nə üçün gətirib “təzək”lə “bəzək”i qafiyə edib, “çölü bəzək, içi təzək” kimi məntiqsiz bir şey uydurublar, guya təzək pis şeydir…

            Səbr! Deyəsən, dostlarım məni cana yığacaqdılar tamam, belə görünür… Onda mən də özümü saxlaya bilməyib, onlara əsəbi halda deyəcəkdim: SAĞ OLUN!..

Şərhlər