On bir ayın sultanı Ramazan

            Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.

            İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və müqəddəs ay hesab olunur. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə rəbb dilindən “leylət al-Qadr” tərcümədə qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi  salamatlıqdır!(Qədr surəsi 3-5). Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən biri də müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir. Məhz buna görə də fitr zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər. Bayram günü bütün müsəlmanların bir-birilərini bayram münasibəti ilə təbrik etmələri və bir-biriləri üçün dua etmələri təqdirə layiqdir. 1993-cü ildən Azərbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa o qədər yaxşıdır.

            Bu bayramı xalqımız üçün özəl edən məqamlardan biri də ölkəmiz müqəddəs bayramı bütöv şəkildə Qarabağla birlikdə qeyd etməsi olacaq. Müqəddəs ayda xalqımız üçün ruzi-bərəkət, sağlamlıq arzu edirik.

            Hüseyn QULUZADƏ

Şərhlər