Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər (Bərdə və Ağdam əhatə edilməklə) rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi” layihəsini həyata keçirir.
22 aprel 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin rəhbəri Aleksandr Frakasetti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Komitə əməkdaşlarının iştirakı ilə Ağcabədi rayonunda İcma Resurs Mərkəzinin açılışı olmuşdur.
Öncə Ağcabədi rayon İcra Hakimiyyətinin konfrans zalında görüş keçirilmiş, layihə çərçivəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra yeni yaradılan İcma Resurs Mərkəzinin açılışında iştirak edən qonaqlar mərkəzdəki şəraitlə tanış olmuşlar.
Bildirilmişdir ki, bu layihə nəinki qadınlara, müharibədən zərər çəkən hər kəs o cümlədən uşaqlara və əlilliyi olan şəxslərə də yardım göstərilməsini nəzərdə tutur. Layihə çərçivəsində müharibə zamanı zərər çəkmiş şəxslərə sosial-iqtisadi dəstək, o cümlədən qazanc imkanlarının artırılması, psixoloji və biznes məsləhətləri xidmətlərinin göstərilməsi təmin ediləcək.
Layihə erkən bərpa və icma dayanıqlığı proqramının bir hissəsi olaraq, müharibənin ciddi təsirinə məruz qalmış 3 rayonda – Füzuli, Ağcabədi və Tərtərdə “İcma Resurs Mərkəzləri” yaratmaqla ən həssas təbəqələrə xidmətlər göstərməyi hədəfləyir. İcma Resurs Mərkəzlərinin formatı BMT-nin İnkişaf Proqramı tərəfindən 2011-ci ildən bəri uğurla həyata keçirilmiş və hazırda 10 bölgədə qadınlar üçün məşğulluq və özünüməşğulluq dəstək xidmətləri ilə aktiv şəkildə fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri modelinə əsaslanır. Hər üç mərkəzin xidmətindən ətraf bölgələr, xüsusən də Bərdə, Ağdam rayonları da faydalana bilər. Mərkəzlər icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək, həmçinin qadınlar, uşaqlar və əlilliyi olan şəxslərə yaşayış, psixososial və məşğulluq üzrə məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcəkdir.
Fotolar Mais İbrahimovundur