Prezident İlham Əliyev 20 aprel 2021-ci il tarixində Hacıqabul rayonun səfər etmişdir. Səfər zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkə rəhbəri bir çox vacib və insabnları maraqlandıran mövzulara toxunub. Qeyd edilib ki, vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Kənd yollarının 75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib.
Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Yeni açılan obyektlər rayonların gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir
Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.
Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Bu cür yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq.
Bütövlükdə Azərbaycanda 50-dək aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Bu işlər özəl sektorla birlikdə görülməlidir. Dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan vəsait iki milyard manat təşkil edir. Bu böyük vəsaitdir. Və bu aqroparklar son 4-5 il ərzində yaradılıb. Ölkə üzrə aqroparklarda çalışanların sayı 7000 nəfəri ötüb, yəni bu kəndlərdə yaşayanlar üçün iş yerləridi. Biz daxili istehsalı, qeyri neft sektorunu stimullaşdırırıq.
Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir.
İşğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə işlər gedir. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib.

Azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır.
Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Paralel olaraq vurulmuş zərərin hesablanması davam etdirilir. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir.
Kəndlərin bərpası da mərhələlərə bölünməlidir. İlk növbədə, mövcud infrastruktura yaxın olan kəndlər bərpa olunmalıdır. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.
Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. May-iyun aylarında bu istiqamətdə işlərə start veriləcək.
Müharibə başa çatandan dərhal sonra bütün infrastruktur layihələrinə start verildi. Çox böyük həcmli bir işdir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir.
Ermənilərin törətdiyi vəhşiliklərdən söz açılarkən qeyd olunub ki, dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur.
İşğal nəticəsində vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunun üçün xarici mütəxəssislər cəlb olunacaq. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.
Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin də taleyi eyni olacaq. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
Böyük müzakirələrə səbəb olan “İsgəndər –M” raketləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsi də günün mövzusudur.
“İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Azərbaycanöz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcəkdir.