Yusif Misiroğlu Əhmədov 1948-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. 1965-ci ildə Ağcabədi şəhər orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Uzun illər Ağcabədi rayonunda nəşr olunan “Aran” qəzetinin məsul katibi olub. Sonralar o, “Ədalət” qəzetində xüsusi müxbir, “Dədəm Qorqud” qəzetində redaktor, baş redaktor, “Mühakimə” müstəqil hüquq qəzetində redaktor, “Qorqud” nəşriyyatında direktor müavini vəzifələrində çalışıb. Müxtəlif mətbuat orqanlarında yüzlərlə məqalələri, resenziyaları, portret-oçerkləri və publisistik yazıları işıq üzü görmüşdür.
Y. Misiroğlu ədəbi mühitdə son dərəcə orijinal yazı üslublu, istedadlı bir jurnalist kimi tanınmaqla, eyni zamanda, bədii nəsr təfəkkürünə malik yaradıcı bir insan idi.
O, neçə-neçə maraqlı hekayə və povestlər qələmə almışdı. “Gecənin yuxusu adlı iri həcmli romanın müəllifidir.
Aranqazeti.az müəllifin bir hekayəsini sizlərə təqdim edir.
İZAHATIN SƏRLÖVHƏSİ
Mahmud jurnalistika fakültəsini bitirincə universitetin və pedaqoji institutların tarix, ədəbiyyat fakultəsini bitirənlər və bir də texniki institutları bitirib şeir yazan bəzi cızmaqaraçılar mətbuat sahəsində doluşub kamali-ədəblə yerləri tutmuşdular.
Mahmud yumalist diplomu ilə açdığı qapılarda həmin adamlarla üzləşirdi. Hətta dəhlizlərdə də onlarla toqquşurdu. İşi belə görən Mahmud bir neçə gün evdən çölə çıxmayıb fikirləşdi və durub hamamda işləyən uşaqlıq dostu Kamalın yanına gəldi. Kamal hamamda ocaqçı işləyirdi.
Kamalla görüşüb hal-əhval tutandan sonra Mahmudun işsizliyi məlum olanda, Kamal xeyli fikirləşdi və qəm eləmə dedi səhər açılan kimi növbəni təhvil verib, düz səni apararam zavoda, işə düzəldib gələrəm.
– Necə? – deyə Mahmud təəccüb elədi.
– Çox asanlıqla, Mənim köhnə hamam müdirim indi gedib zavoda mədəniyyət evinin müdiri işləyir. Məncə o sənə yanında bir iş verər.
Zavoda gələndə müdir doğrudan da onları səmimi qarşıladı.Oturmaq üçün yer göstərdi. Hər ikisi əyləşdi. Kamal Mahmuda işləmək lazım olduğunu deyəndə, o heç bir tərəddüdsüz-filansız razılıq verdi. Mahmud sənədlərini topladı, ərizəsini yazdı və üç gün keçmədi ki, həmin idarədə işə girdi.
O kiçik qırmızımtıl bir stolun arxasına keçib oturdu. Siyirtmələri çəkib çəkib açdı. Burda nə desən vardı: lazımsız formalar, əl yazıları, telefon nömrələri, əzik-üzük şəxsi vərəqə, pozan qırıqları… Narahat, yorğun bir beynin tör-töküntülərini görəndə özündə ruhən bir yorğunluq hiss etdi.
Həddən artıq zəhmli baxışları, kobud əlləri, qara, lopa bığı olan keçmiş hamam müdiri, müdirsayağı əmiranə bir səslə Mahmudu yanına çağırdı. Söz ağzından çıxmamış Mahmud yel kimi qalxıb qabağında dayandı:
– Eşidirəm.
– Bu yazıları apar ver maşınbüroya, gəl otur yerində.
– Baş üstə, – deyib Mahmud qapıdan yel kimi çıxdı. Yazını verib, tez də qayıdıb ədəb-ərkanla oturdu. Fasilə vaxtı çıxıb nahar elədi və yenə də qayıdıb dinməz-söyləməz stulunda oturdu. Başını aşağı salıb özü üçün yazıb-pozmağa başladı.
Mahmudun belə qaradinməzliyi müdiri açmadı. Çünki özü deyib-gülən, zarafatcıl adam idi, bəxtindən də bu idarəyə neçə adam götürmüşdüsə, hamısı qaradinməz çıxmışdı. Bu qaradinməzləri də nə qədər eləmişdi “əhilləşdirə” axırda ərizələrini yazdırıb işdən azad eləmişdi. İndi ürəyi lap çırpınırdı, darıxırdı, az qalırdı Mahmudun qolundan yapışıb desin, qalx ayağa, nə qədər nağıl bilirsən de, eynimiz açılsın. Vay o gündən ki, Mahmud isə dinməz-söyləməz oturub qurdalanırdı. Birdən müdirin səsini eşitdi.
– ,Mahmud, elə bil yatmısan, oğul…
– Yatmamışam, yoldaş müdir.
– Bə niyə heylət xorulduyurdun?
– Xeyr, xoruldamıram.
– Xoruldayırsan, oğul xoruldayırsan.
– Vicdan haqqı xoruldamıram. Bekarçılıqdı, özümçün şəkillər çəkirəm.
– Ver, görüm nədi çəkdiyin. Özün də dur get yazıları maşınbürodan al gətir.
– Baş üstə.
Mahmud qayıdıb yerinə oturmamış, müdir dilləndi:
– Elə bil axsayırsan, oğul.
– Xeyr, Allah eləməsin.
– Yox, axsayırsan.
– Vallah axsamıram.
– Onda qaşınırsan, get çim.
Mahmud öz-özünə təəccüb elədi.
– Bu gün tezdən çimib gəlmişəm. Bədənim də heç zaman qaşınmayıb.
– Mənə də yox də, gözümü açandan müdir işləyirəm, bilmirəm işçim qaşınır, yoxsa yox? Burda səni işdən çıxaran yox, bir şey eyləyən yox, niyə boynuna almırsan, a bala! Ya deynən, qaşınıram, ya da deynən gedib çimərəm. Birinci gündən müdirlə vermisən çəniyə, belə görürəm ki, sənlə işləmək qeyri-mümkündü.
Mahmud çıxılmaz vəziyyətdə qaldı.
– Nə deyirsiniz onu da eləyim, yoldaş müdir.
– Heç nə lazım deyil. Ala bu kağızı apar maşınbüroya.
– Baş üstə.
Mahmud hər gün müdirin suallarına cavab verirdi.
– De görüm, şəhərdə neçə dəlləkxana var?
– Deyəsən yüz olar.
– Yalan deyirsən. Doxsan doqquz dəlləkxana var.
` – …Saat neçə olar?
– Birə on dəqiqə qalıb.
– Yalan deyirsən, birə doqquz dəqiqə qalıb.
– Bağışlayın üzr istəyirəm.
– Nə üzrbazlıqdır, müdiri saymırsan, sonra da deyirsən belə.
Mahmud and-aman elədi. Dedi, saat mexanizmi müxtəlif cür işləyir. Bütün saatlarda bir dəqiqə, beş dəqiqə fərq olur. Mən sizə yalan satmıram. Üç gündən sonra zavodun direktorunun qəbulunda olanda, direktor soruşdu:
– Hə, işlər necə gedir, Cavanşir müəllim? Təzə işçin necədir, deyəsən başıaşağı oğlandır?
Cavanşir sımsırığını sallayıb, içini çəkdi.
– Məndə elə bəxt hardadı. Gəldiyi üç gün deyil, gah yatır, gah xoruldayır, gah stolda dəf çalır, gah axsayır, gah qaşınır, gah yalan satır. Mən də ki, özünüz bilirsiniz, tələbkar adamam.
– Elə şey yoxdur, bir ay müvəqqəti götürmüşük. Yoxla, gördün o yan bu yandır, əmrini yaz ki, yoxlama müddətində özünü doğrultmadı.
– Əlbəttə, əlbəttə, mənə boyevoy işçi gərəkdir. Bu isə gah asqırır, gah öskürür, bilmək olmur nə yuvanın quşudur.
Mahmudun onların söhbətindən xəbəri yox idi. Hər gün elə maşınbüroya kağız aparıb gətirir və yerində otururdu. İşsiz-gücsüz oturmaqdan canı boğazına yığılmışdı. Beş il gecə-gündüz oxuyub, arzuladığı jurnalist peşəsi indi оndan çох-çох uzaqlarda qalmışdı. Nəsə yazmaq istəyirdi, harasa getmək istəyirdi. İstəyirdi neft daşlarına gedib oradan maraqlı bir şey yazsın. Ancaq icazə almağa ürək eləmirdi. Çünki müdiri onu gözindən kənara qoymaq istəmirdi.
Mahmud xeyli fikirləşib götür-qoy etdikdən sonra axr ki, tapdı. İşə gələndə qaşqabağını sallayıb müdirinin qabağında boynunu bükdü.
– Nə olub, ay Mahmud? – deyə müdir xəbər aldı. Üç günlük icazə verərsiniz?
– Paho, Allah rəhmət eləsin. Get…
Mahmud qapıda sevinə-sevinə çıxdı.
Heç iki dəqiqə çəkmədi, müdiri də qapını bağlayıb onun dalınca çıxdı. Taksilərdən birinə oturdu. Maşını düz Mahmudgilin qapısına sürdürdü.
Qoca nurani bir kişi onun qabağına çıxdı.
– Sizə kim lazımdır?
Cavanşir cavab verdi:
– Mən Mahmudun müdiriyəm. Eşitdim nənəsi ölüb, gəldim başsağlığı verməyə.
Kişi çaşıb qaldı:
– Bu onun anasıdır, mən də atası. Ölən də yoxdur.
– Ola bilməz, – deyə müdir etiraz elədi. – bəlkə qoca nənəsi ölüb?
– Qoca nənəsi düz on beş il bundan qabaq ölüb.
– Bəs Mahmud özü hanı?
– Harasa üç günlüyə getdi.
Müdir bərk əsəbləşmişdi. Stolun üstünə ağ kağız və qələm qoyub onu gözləyirdi. Həftənin ikinci günü idi. Mahmud sübh tezdən içəri girəndə, müdir kağız və qələmi ona uzatdı:
İzahat yaz!
– Yazmışam, – deyə Mahmud qəzet üçün yazdığı ilk oçerki ona verdi.
Müdir alıb ötəri baxdı və hirslə:
– Bu nədir yazmısan? “Nənəm ölməmişdi”.
Mahmud astaca dilləndi:
– Bu mənim yalanımı, sizin tələbkarlığınızı və neftçilərimizin əməyini birləşdirən mürəkkəb izahatın sərlövhəsidir, -dedi.
– Axı, sənin nənən ölməyib!
– Elə mən də ona görə yazmışam ki, “Nənəm ölməmişdi”.