Böyük Azərbaycan şairi və mütəfəkkiri, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir xəzinəsini parlaq söz inciləri ilə zənginləşdirmiş nadir şəxsiyyətlərdəndir. Hər bir zamanın şairi olan dahi sənətkarın ölməz irsi əsrlərdən bəri xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib, Şərqin misilsiz mədəniyyət salnaməsində bu gün də öz yerini qoruyub, saxlamaqdadır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz tarixi Sərəncamı ilə 20-ci yüzilliyin 21-ci ilini Azərbaycanda “Nizami Gəncəvi ili” elan edib. Bu Sərəncam qüdrətli söz ustasının yaradıcılığının daha geniş tədqiq edilməsində, təbiliğində xüsusi önəm daşıyır.
Azərbaycanın qədim Gəncə şəhərində bütün ömrü boyu yazıb-yaratmış Nizami Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixinin səhifələrini ecazkar söz sənəti nümunələri ilə bəzəmişdir. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya-poetik fəlsəfi fikrinin zirvəsində dayanır. Böyük sənətkar çoxsaylı davamçıları olan zəngin bir ədəbi məktəbin əsasını qoyub. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi mənbələrin ənənəvi mövzularından bəhrələnən şair öz nəhəng yaradıcılığı ilə özündən sonrakı ədəbi nəsillərin, o cümlədən Azərbaycan, İran, Əfqanıstan, Hindistan, Pakistan, Türkiyə, Özbəkistan, Tacikistan, eləcə də Gürcüstan söz sənəti ustalarının yaradıcılığına ciddi təsir göstərib.
Təbii ki, görkəmli Şərq sənətkarları əsrlərlə Nizaminin əsərlərindən ilham almış, öyrənmiş, irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edərək, onu böyük ustad kimi qəbul etmişlər. Təxminən, yüzdən çox şair xəmsə yaratmağa çalışıb, lakin Nizamiyə çata bilməyib. Şərqdə irili-xırdalı yüzlərlə “Leyli və Məcnun” adlı dastan, hekayə və digər janrda olan əsərlər qələmə alınıb. 40-dan çox şair “Leyli və Məcnun” poeması yazıb. Əlbəttə, bu əsərlərdə Nizaminin təsiri açıq şəkildə özünü göstərir. İzzəddin Həsənoğlu, Əhvədi, Əssar Təbrizi, Nəsimi, Məhəmməd Füzuli kimi məşhur şairlər Nizami ədəbi məktəbinin humanizm, dostluq, məhəbbət ideyalarını yeni şəkildə davam və inkişaf etdiriblər. Hətta Sədi və Hafiz Şirazi kimi görkəmli söz ustalarının yaradıcılığına da Nizaminin güclü təsiri olmuşdur. Maraqlıdır ki, Nizami dövründə, həmçinin ondan da əvvəlki dövrlərdə yaşamış Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi və Əfzələddin Xaqani kimi böyük sənətkarlar onun səviyyəsinə çatmayıblar. Bəlkə də, onlar Nizami Gəncəvi istedadı qarşısında yüksələ bilməmişlər.
Nizami Gəncəvi yalnız şair sayılmayıb. O, dövünün bütün elmlərini şeirə gətirib, ədalət, azadlıq, xüsusilə qadın azadlığı, insana hörmət kimi bəşəri ideyaları tərənnüm edib, ölməz “Xəmsə” poemalarında öz parlaq fikirlərini, arzularını çatdırıb. Elə bir elm sahəsi, elə bir həyat səhifəsi, mövzu yoxdur ki, onun “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndənamə” kimi nəhəng əsərlərində toxunulmasın. Bu da Nizaminin hərtərəfli biliyə malik dövrünün bütün elmlərinə yaxından bələd olan bir insan olduğunu sübut edir. Elə bu səbəbdən də məşhur Nizamişünas alim, akademik Bertels şairin hamıdan əvvəl bəşəriyyətin min illərlə düşünüb, arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsi ilə yüksəliş və doğru-düzgünlük haqqında müfəssəl məlumat verdiyini qeyd edib.
Yeri gəlmişkən, qeyd edək ki, Nizami Gəncəvinin dünyanın məşhur kitabxana və muzeylərini bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da geniş imkanlar yaradıb.
Mütəfəkkir şairin yaradıcılığı həmişə dünya şərqşünaslarının diqqət mərkəzində olub. Onun əsərləri Avropa və Şərq xalqlarının dillərinə çevrilərək, nəşr edilib, haqqında geniş tədqiqatlar, araşdırmalar aparılıb. Respublikamızda da Nizami irsinin öyrənilməsi, tanıdılması istiqamətində mühüm addımlar atılıb. Sənətkarın əsərlərini yüksək dəyərləndirən elmi mətnlər hazırlanıb, kütləvi tirajla nəfis şəkildə kitabları çap olunub.
XX əsrin yarısından etibarən, Nizami yaradıcılığının tədqiqi daha da geniş vüsət alıb. Bu sahədə dahi şairin ölkəmizdə qeyd olunan 800 və 850 illik yubileyləri mühüm önəm kəsb edib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssüfkeşlik və vətənpərvərlik qayğısı ilə yanaşan ümummilli lider Heydər Əliyev Nizami yaradıcılığına da yüksək dəyər verib. Onun təşəbbüsü ilə 1979-cu ildə qəbul edilmiş “Azərbaycanın böyük şairi Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbiri haqqında” qərar bu sahədə yeni perspektivlər yaradıb. Ulu öndərin təşəbbüsü ilə 1981-ci ildə keçirilən Nizami Gəncəvinin 840 illik yubileyi tədbirləri respublikamızın mədəni və ictimai həyatında əlamətdar hadisəyə çevrilib.
Şairin 850 illik yubileyi şərəfinə UNESKO tərəfindən 1991-ci ilin “Nizami ili” elan olunması da önəmli hadisə hesab olunur.
Dahi sənətkarın xatirəsi daim uca tutulur, hörmət və ehtiramla yad edilir. Ədəbiyyatda, incəsənətdə, musiqidə, filmlərdə yaradılmış möhtəşəm Nizami obrazları bu cəhətdən xüsusi rola malikdir. Şairin xatirəsinə doğma vətəni Gəncə şəhərində məqbərə, Bakı, Sankt-Peterburq və Roma şəhərlərində abidələri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir.
Nizami Gəncəvi Əbülqasim Firdovsidən sonra məsnəvi şeir formasında yazan ən böyük sənətkar sayılır. O, epik janra gətirdiyi lirik səciyyə ilə özünəməxsus yeni bir üslub yaradıb. Şairin həm də epik əsərlərinin dili sadəliyi, fəlsəfi biçimi, mükəmməlliyi ilə seçilib. Nizami epik əsərlərinə lirik ruh gətirən sənətkardır. Şirin əsərlərinin rəvan, aydın dili onların poetik siqlətinin artmasına rəvac verib. Dil rəvanlığı, obraz zənginliyi və yüksək ustalıq Nizami yaradıcılığının Azərbaycan ədəbiyyatının intibah zirvəsi olduğunu aydın nümayiş etdirir. Nizami dilinin gözəlliyini,ahəngdarlığını onun lirik əsərlərinin toplandığı divanından da aydın görmək olar. Mənbələrdə bu divanın 20 min beytə yaxın olduğu deyilsə də, onun çox az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Şair bütün yaradıcılığı boyu divanını xatırlatmış, şeirləri və qəzəlləri ilə fəxr etmişdir.
Bunu da qeyd etmək yerinə düşər ki, Zəncan Universitetinin professoru əslən azərbaycanlı alim Hüseyn Türksoy Misirin Xədəviyyə kitabxanasında araşdırma apararkən Nizami Gəncəviyə aid ehtimal edilən türk dilində divan nüsxəsini tapıb. Azərbaycan alimi, professor Sənan İbrahimov həmin divana ön söz yazıb, onu latın qrafikinə çevirərək, nəşr etdirib.
Yəhya PAŞAZADƏ