Gənc idmançının nailiyyətləri

            Bu gün sizə daha bir idmançımız haqqında söz açacağam. Söhbət dəfələrlə dünya və avropa çempionatlarının mükafatçısı və Azərbaycan çempionu olan, Karate-do idman növü ilə məşğul olan Məmmədov Adəm Mehman oğlundan gedir.

            Məmmədov Adəm Mehman oğlu 1996-cı il noyabrın 15-də Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuşdur. 2002-ci ildə Rəncbərlər kəndində yerləşən, şəhid Mobil Həsənovun adını daşıyan tam orta məktəbdə təhsil almağa başlamışdır. Orta məktəbdə oxuduğu vaxtlarda arıq və balaca olan Adəmin idmanın karate-do növü üzrə marağı yaranmağa başlayır. Karateyə marağın yaranmasının başlıca səbəbi məşhur döyüş ustası olan Bruce Lee olmuşdur. Beləcə də karate-do idman sahəsi ilə məşğul olmaq qərarına gəlir. 2008-ci ildə Ağcabədi rayonunda tanınmış məşqçi Eldəniz Qənbərovun rəhbərliyi altında karate idmanı ilə məşğul olmağa başlayır.

            A. Məmmədov 2011-ci ildə isə imtahan verərək Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə qəbul olmuş, Nəqliyyatların Daşınmasının Təşkili fakültəsində təhsil alaraq 2015-ci ildə həmin kolleci bitirmişdir.

            Karate-do idman növü ilə məşğul olmağa başlayandan çevik, taktikalı bir idmançı kimi özünü yaxşı təqdim edə bilmiş, 2011-ci ildə Azərbaycan yığmasına düşməyi bacarmışdır. 2015-2017-ci illərdə Ağstafa rayonunda N saylı hərbi hissədə xidmət edən Adəm idmançı olduğundan qulluq etdiyi dövr ərzində karate-do idman növü üzrə respublika və beynəlxalq yarışların çempionatlarında iştirak etmiş, mükafatlar qazanmışdır.

            Dəfələrlə keçirilən çempionatların mükafatçısı olan Adəm 2011-ci il iyunun 11-də Bakı şəhərində keçirilən uşaq, yeniyetmə və gənclər arasında 3-cü, klublar arası çemionatda  Vado-Ryu karate-do üzrə 3-cü yerə layiq görülmüşdür. 

            Fiziki cəhətdən qabiliyyətini artıran idmançımız 2011-ci ildə Bakı şəhərində keçirilən uşaq, yeniyetmə və gənclər arasında 4-cü, klublar arası çempionatda Vado-Ryu karate-do üzrə 1-ci yeri qazanmışdır. Ölkəmizdən kənarda da respublikamızı ləyaqətlə təmsil edən idmançımız 2014-cü ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 2-ci yerin qalibi olmuşdur.

            2017-ci ildə isə Sumqayıt şəhərində keçirilən Xəzəryanı ölkələrin Beynəlxalq turniri yarışında 1-ci, WKF komanda yarışı üzrə 3-cü yerə layiq görülmüşdür. 2018-ci il 26-28 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Albena şəhərində Şotokun karate-do üzrə keçirilən 10-cu Avropa çempionatında 2-ci yer tutmuşdur. Adəmin ən böyük nailiyyətlərindən biri də 2018-ci ildə İstanbulda keçirilən WSF karate-do növü üzrə dünya çempionatında olmuşdur. O, bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutmuş, qızıl medal qazanmışdır.

            Müəllimin zəhmətini itirməyən Adəm gələcəkdə keçiriləcək yarışlarda daha yaxşı nəticələr əldə etmək üçün ciddi məşqlər edir, daha böyük hədəflərə çatmaq üçün əlindən gələni əsirgəmir.

            Hazırda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  tələbəsi olan Adəmə uğurlar arzulayırıq.

Hüseyn QULUZADƏ

Şərhlər