Yalançının: Azad söz, yoxsa yalan xəbər?

         Son illər respublikamızda vətəndaş hüquqlarının müdafiəsi, müraciət və tələblərə baxılmasına diqqət və qayğının artırılması ərizə və şikayətlərin ədalətlə həll olunması, ictimai nəzarətin gücləndirilməsi üçün geniş demokratik şərait yaradılıb. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkədə azad sözə, ictimai fikrə daim meydan verilməsi xüsusi önəm kəsb edib.

Bu sahədə kütləvi informasiya vasitələrinin, internet saytı və televiziyalarının, sosial şəbəkənin imkanlarından hərtərəfli istifadə olunur. Bu gün sosial şəbəkələr əhalinin müraciətlərinin, problemlərinin öyrənilməsi baxımından mühüm önəm daşıyır.

Lakin, təəssüflər olsun ki, respublikamızda bərqərar edilmiş söz və fikir azadlığından, demokratik mühitdən bəziləri öz məqsədləri üçün  istifadə edir, özlərini cəfakeş kimi qələmə verir, canfəşanlıq göstərirlər. Adlarını yazar, jurnalist qoyan bu cür şəxslər dəqiq faktlara, məlumatlara əsaslanan materiallar hazırlamaq əvəzinə, ucuz şöhrət xatirinə yalan və böhtandan ibarət mövzuları tələm-tələsik işıqlandırmağa çalışırlar. Guya ki, iş görürlər, kiməsə yaxşılıq etmək istəyirlər. Allah kəssin tələsik işi! Problem problemə qarışır. Necə deyərlər qaş düzəldiləcək yerdə vurub göz çıxardırlar. Lap “Sonxəbər TV İnfo”nun “YouTube” kanalı ilə yayımladığı müsahibədə olduğu kimi…

Adıçəkilən internet televiziyasının əməkdaşı Ağcabədi rayonunun Hüsülü kənd sakini, Birinci Qarabağ Müharibəsi iştirakçısı, keçmiş polis işçisi Tahir Əhmədova hazırlıqsız-filansız mikrafon təqdim edir. O da başlayır birnəfəsə danışmağa. Gah ailəsinə məxsus qoyun-quzu otardığı torpaq sahəsinin qanunsuz  alınıb başqa bir müharibə veteranına verilməsindən söz açır, gah da yerli icra nümayəndəliyi və bələdiyyəsinin fəaliyyətindən gileylənir. Sonra qəfil söhbəti dəyişərək rayon rəhbərliyindən şikayətlənməyə başlayır, icra başçısının və onun birinci müavininin qəbuluna düşə bilmədiyini bildirir.

Yəqin ki, müsahibə zamanı yalnız səsi eşidilən “Sonxəbər TV”nin əməkdaşı bilməmiş deyildir ki, respublikada koronavirus pandemiyası ilə əlaqədar rayon icra hakimiyyətlərində vətəndaşların qəbulu dayandırılıb. Onlar müraciətlərini onlayn qaydada çatdırmalıdırlar. Bundan əlavə, müraciətlər ilk öncə rayon icra hakimiyyətinin yanında Müraciətlərə Operativ Baxılma Mərkəzinə ünvanlanmalıdır. Tahir Əhmədov isə yalnız 2020-ci ilin 9 iyununda MOB Mərkəzinə bir dəfə müraciət edib ki, həmin müraciəti də cavablandırılıb, həllini tapıb. “Sonxəbər TV”nin əməkdaşı isə bunlarla maraqlanmadan deyilənləri birbaşa çəkib yayımlayır. Özünün məsələyə münasibəti yoxdur. Olmasın Tahir Əhmədov, olsun başqa birisi. Şikayətlər hara ünvanlanıb, jurnalist həmin orqanlarla əlaqə saxlayıbmı, məsələni araşdırıbmı, şikayətçinin haqlı və ya haqsız olduğunu müəyyən edə bilibmi? Bu necə jurnalistlikdir? Bu necə fəaliyyətdir. Biri gəlib desə ki, filankəs mənə daş atdı, gözüm çıxdı, sən araşdırmadan çəkib yayımlayacaqsan? Əgər dəqiq araşdırılsaydı, aşkar olunardı ki, Hüsülü bələdiyyəsinin qərarı ilə Tahir Əhmədovun iddia etdiyi həmin torpaq sahəsindən hər biri 0.10 ha olmaqla, ümumilikdə 0.20 ha oğlu Cavad Əhmədova və kürəkəni Anar Əhmədova həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, Tahir Əhmədovun qızının qaynı Sənan Əhmədovun adına 0.10 ha torpaq sahəsi sənədləşdirilir.

Eyni zamanda göstərilən ərazidən digər kənd sakinləri Çingiz Məhərrəmov və Məmməd Hüseynovun adlarına hər biri 0.08 ha olmaqla, cəmi 0.16 ha torpaq sahəsi sənədləşdirilib. Beləliklə, adları çəkilən şəxslərə verilən və ümumi istifadə üçün nəzərdə tutulan 0.03 ha sahəsi çıxmaqla, 0.29 ha torpaq sahəsi Tahir Əhmədov tərəfindən zəbt edilib.

Hörmətli jurnalist, əslində, vətəndaşların hər bir problemi aidiyyatı qurumlar tərəfindən öyrənilməli və həllini tapmalıdır. Daha kənd bələdiyyəsinin, daşınmaz əmlakın dövlət reyestr xidmətinin, region üzrə ünvan və reyestr xidməti ərazi idarəsinin işlərinə rayon icra hakimiyyəti cavabdeh deyildir. Yaxşı olar, müzakirəyə çıxardığınız mövzunu əvvəlcə özünüz dəqiqləşdirəsiniz ki, sonra əməlinizdən peşman olmayasınız.

“Aran”

Şərhlər