Gündüz gəlir, gecə gedir?

Ətrafımızda olan hadisələri böyütmək “sevimli” xüsusiyyətlərimizdəndi. Belə baxanda görünür ki, laqeyd yanaşdığımız təkcə koronavirusdu. Niyə laqeyd deyirəm?

Əvvəl hər kəs tibbi maskadan istifadə edirdisə, indi artıq maskasız gəzən insanlar da gözə dəyməkdədir. Həm də maska taxanların əksəriyyəti yalnız gündüzlər ondan istifadə edirlər. Axşam gəzintilərində maskasız insanlara daha çox rast gəlinir. Görünür, virus gecədən qorxur və bildirir ki, bəs mən indi gedirəm, maskanızı çıxarın, sabah gələndə yenidən taxarsınız.

Söhbət təkcə öz sağlamlığımızdan getmir. Aid olduğumuz cəmiyyət və insanları qorumaqdan gedir. Hamı təmiz havada nəfəs almaq istəyir. Bəli. Bəzən yorucu olur. Amma öhdəsindən gəlmək mümkündür. Qapısına pandemiya ilə əlaqədar lövhə asıb, yaxud heç asmayıb qaydalardan bixəbər olmaqla, “virus boş şeydi” deməklə yox.

Gələk maskadan necə istifadə etməyə. Əslində, onlar gün ərzində 3 saatdan bir dəyişməlidir. Ancaq adam tanıyaram ki, həftələrlə eyni maskadan istifadə edir. Maska çirklənir, köhnəlir, sahibindən əl çəkir, sahibi isə ondan əl çəkmək istəmir. Qırılmış ipinə düyün vurub yenidən istifadə edir. Maskaların 1 il ərzində satış sayına nəzər saldıqda da məlum olur ki, insanlar ondan düzgün istifadə etmirlər. Yəni az maska, çox sayda can itkisi…

Canınıza qıymayın!

Rəmziyyə HƏSƏNOVA

“Aran”ın əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər