Mehrablı kəndinin 55 yaşlı sakini Zülfüqar Əliyev rayonumuzda, eləcə də onun hüdudlarından kənarda qabaqcıl təsərrüfat işçisi kimi tanınır. O, sovetlər dönəmində kənddə fəaliyyət göstərən kolxozda təsərrüfat briqadiri kimi pambıqçılıqla məşğul olub. Həmin dövrdə hər il 35 hektar əkin sahəsindən 40-45 sentner məhsul götürülüb.
Təcrübəli pambıqçı kolxozlar ləğv edildikdən sonra da bu sahədə fəaliyyətini davam etdirib. O, 1998-2001-ci illərdə 60 hektar pay torpağının hər hektarından 38 sentnerdən çox pambıq istehsal edib.
Z. Əliyev fermer təsərrüfatı yaratmaqla daha böyük uğurlara imza atıb. O, yaxın qohumları ilə birlikdə önəmli əkin-biçin işlərini həyata keçirib.
Hazırda fermer təsərrüfatına məxsus 74 hektar əkin sahəsinin 8 hektarında dənlik arpa, 12 hektarında yonca əkilib. Təsərrüfatın digər 54 hektar əkin sahəsində isə pambıq yetişdirilir. Həmin pambıq sahələrində rayonda ilk olaraq yüksək keyfiyyətlə çiyid səpini həyata keçirilib. Görülmüş aqrotexniki tədbirlər nəticəsində əkin sahələrində yaxşı bitiş alınıb. Bugünlərdə cərgələr arasında kultivasiya işlərinə start verilib. Sahələrdə suvarma işləri də diqqət mərkəzində saxlanılır. Z. Əliyevin dediyi kimi, suvarma sahəsində heç bir problem yoxdur. Bu istiqamətdə zəruri addımlar atılır.
Pambıq sahələrinin şumlanılmasında, keyfiyyətli çiyid, mineral gübrələrlə, dərman preparatları ilə təmin olunmasında, həmçinin müvafiq texnika ilə təchizatında “P-Aqro” MMC kollektivinin əməyini xüsusi ilə qeyd etmək lazımdır.
Ötən il fermer təsərrüfatında 60 hektar əkin sahəsindən 38 sentner pambıq əldə edilib. Hər cür diqqət və qayğı ilə əhatə olunmuş fermer cari ildə daha yüksək nəticə qazanmaq əzmindədir. O, 54 hektar pambıq sahəsinin hər hektarından 50 sentner məhsul götürəcəyinə söz verib.
Yeri gəlmişkən, qeyd edək ki, səriştəli istehsalçı heyvandarlıqla da məşğul olur. Təsərrüfatda bəslənilən 150 baş qoyun-quzudan əldə edilən gəlir kollektiv üzvlərinin dolanışığına sərf olunur.
Zülfüqar Əliyev həm də gözəl ailə başçısıdır. O, üç övlad böyüdüb boya-başa çatdırıb. Böyük oğlu Hüseyn təsərrüfat işlərində atasının yolunu davam etdirir. Ailənin qız övladı ali təhsilli müəllimdir. Kiçik oğul Elnur Əlizadə isə Milli Ordu sıralarındadır. O, 2019-cu ildən hərbi xidmətə başlayıb, Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib. Onun Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə nümayiş etdirdiyi igidliklər bu gün dillər əzbərinə çevrilib. Düşmən üzərində qazanılan parlaq tarixi qələbədə xüsusi payı olan cəsur əsgər göstərdiyi hünərlərlə doğma Ağcabədinin adını zirvələrə ucaldıb.
Yəhya PAŞAZADƏ