Qələbəyə çevrilmiş ömür

            Hər bir insanın həyatında dərin izlər buraxan hadisələr çox olur. Həmin hadisələr heç vaxt unudulmur, yaddaşlara həkk olunur. İndiki gənclərimizin ömrünə təsir edən ən mühüm hadisə Vətən Müharibəsi hesab olunur. Torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə Azərbaycanın cəsur oğulları misilsiz qəhrəmanlıqlar göstəriblər. Onlar ölümdən belə qorxmayaraq azğın düşmənə sarsıdıcı zərbələr vurmuşlar. Onların döyüş meydanlarında nümayiş etdirdikləri igidliklər dillər əzbərinə çevrilmişdir. Həmyerlimiz Camal Məmmədli də Azərbaycanın belə igid oğullarından biridir.

            Məmmədli Camal Zeynal oğlu 1999-cu il oktyabrın 19-da Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə şəhid Cavad Həsənovun adını daşıyan Hüsülü kənd tam orta məktəbində təhsil almışdır. Hər bir Azərbaycanlı övladı kimi o da vətənə xidmət borcunu yerinə yetirmək üçün 2017-ci ilin oktyabr ayında Salyan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Nizam-intizamın ilə seçilən Camal Nümunəvi əsgər kimi xidmət etmişdir. 2019-cu ilin aprel ayında tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə sıravi işlərdə çalışmışdır.

            Qarabağ Müharibəsi başlayanda bir Azərbaycan övladı tək, Vətənin mənfur düşməndən azad olunması uğrunda şərəfli bir mübarizədə iştirak etmək üçün 2020-ci ilin sentyabrın 21-də Ağcabədi rayon Hərbi Komissarlığında könüllü olaraq yazılır. Sentyabr ayının 23-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyə yollanır, sentyabrın 27-də müharibə başalayanda isə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərə qatılır. I taborun tank əleyhinə batareya tağımında əsgər kimi döyüşən Camal Alxanlı kəndində gedən döyüşdə fəal iştirak edir və bədəninin müxtəlif hissələrindən qəlpə yaraları alır. Döyüşdə yaralı vəziyyətdə qalan Camalı əsgər yoldaşları xilas edir. 15 gün Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hospitalda müalicəsini davam etdirilir. Səhhəti tam qaydaya düşməsə də, yaraları nisbətən düzələn igidimiz oktyabrın 13-də Cəbrayıl, Qubadlı istiqamətindəki döyüşlərə qatılır. Oktyabr ayının 26-da erməni faşistlərinin minamyot silahlarından atılan mərmi qəlpələri Camalı yenidən yaralayır. Müharibə bitənədək döyüşlərdə iştirak edə bilməsə də, şərəfli və qeyrətli vətən övladı kimi yerinə yetirir.

            C. Məmmədli ona tapşırılan missiyanı layiqincə yerinə yetirdiyinə, Füzuli, Qubadlı rayonunun alınmasındakı fəal iştirakına görə ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

            `Camal  hazırda ev şəraitində müalicəsini davam etdirir. İgidimizə sağlam can, xoş həyat arzu edirik.

Hüseyn QULUZADƏ

Şərhlər