Vətənpərvərlik elə bir anlayışdır ki, onu dəqiq bir neçə sözlə ifadə etmək çətindir. Çünki Vətəni hədsiz dərəcədə sevməyin gözlə görünməyən tərəfləri də var. Vətənpərvərlik, Vətəni, torpağı sönməz, dərin məhəbbətlə sevmək insanla bir dünyaya göz açır. Bu duyğu, fikir, məqsəd, amal elə insanla birgə doğulduğu üçün onunla bir addımlayır, onun yol, məslək yoldaşı olur… Vətənpərvərlik insanın canında, qanında, iliyində, düşünən beyninin ən dərin qatlarında özünə əbədi məskən salır.
Belə vətənpərvər oğullardan biri Fərzəliyev Sərvər Əkbər oğlu 1992-ci ilin mart ayının 18-də rayonumuzun Qaraxanlı kəndində anadan olub. 1998-ci ildə Qaraxanlı kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2010-cu il, aprelin 4-də hərbi xidmətə çağrılıb, 2011-ci ilin oktyabrında hərbi xidməti başa vurub.2016-cı ildə könüllü olaraq ordu sıralarına qatılıb. Elə həmin ilin dekabr ayından orduda gizir kimi qulluq edir. Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində işləyir. Gizir hərbi rütbəsini daşıyır.
Sərvər hələ uşaqlıqdan hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. O, saatlarla televizorun qarşısından çəkilmir, hərb və müharibə filmlərinə baxardı. Arada, nəfəsini dərmək üçün həyətə düşəndə də dincəlmir, yaşıdları, qonşunun uşaqları ilə çevik, hərəkətli oyunlar oynayardı. Atışma oynuna həmişə üstünlük verərdi. Böyüyüb gizir olması, orduda müddətdən artıq xidmət etməsi heç də təsadüf deyil. Bu onun uşaqlıq arzusunun həyata keçdiyi zərurətin təzahürüdür.
Sərvər 2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsində gedən döyüşlərə müharibənin ilk günündən qatılıb. Noyabrın 2-də Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb. Müalicə üçün hərbi qospitala göndərilib. Noyabrın 12-də hələ yarası tam sağalmamış yenidən cəbhəyə gedib (qospitaldan qaçıb). Amma döyüş meydanına ürəkdən can atsa da, cəbhədə lazımi hərəkət edə bilməyib. Yenidən, tam müalicə almaq üçün qospitala göndərilib.
Bu yazını hazırlayan zaman Sərvər müalicə alırdı. Telefon vasitəsilə Sərvərlə söhbət etdim. Əsgər yoldaşları üçün darıxdığını bildirdi. Və Vətən üçün, torpaqlarımız naminə son nəfəsinədək döyüşməyə hazır olduğunu söylədi. Köksünü ötürüb, bircə tez sağalsaydım deyə əlavə etdi…
Adil MİSİRLİ