Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Oftalmologiya elminə misilsiz xidmət edən Zərifə xanımın işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayacaq.