Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, müasir biçimli qarmonları Alman musiqişünası Kristian Buşman (1805-1864) 1822-ci ildə icad edib. Sonralar Rusiyanın qədim Tula şəhərində qarmon istehsal olunub. XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib.
Şuşalı çəkməçi Hüseyn Azərbaycanda qarmonun ilk ifaçılarından sayılır. Mir Möhsün Nəvvab Qarabaği (1833-1918) “Vzüuhul-ərqan” əsərində qarmonun təsir qüvvəsindən, dinləyicidə oyatdığı estetik duyğulardan yazır.
XIX əsrin sonlarında azərbaycanlı qarmonçalanların sifarişi ilə bir sıra uğurlu islahatlardan sonra yeni növ qarmon yaradılmış və alət Azərbaycan qarmonu adlandırılmışdır.
Məşhur qarmonçalanlar Aftandil İsrafilov, Əhəd Əliyev (Kor Əhəd), Teyyub Dəmirov, Aslan İlyasov, Zakir Mirzəyev, Ənvər Sadıqov qarmonda öz peşəkar və özünəməxsus ifaları ilə minlərlə qarmon həvəskarının ürəyinə yol tapa bilmişlər.
Ağcabədidə də tanınmış qarmonçalan olan Müstəcəb ƏIiyev, Muxtar Əliyev, Zahid Novruzov, Hüsən Bəşirov, Soltan İbrahimov, Ayaz Novruzov, Vəli Abbasovun adlarını bu musiqi alətində gözəl ifaları ilə dinləyicilərin yaddaşına əbədi olaraq həkk etdiklərini qeyd etmək istərdik.
Ağcabədinin ən məşhur qarmonçalanlarından biri də Rafiq Fərəc oğlu Məmmədovdur. 1940-cı ildə Ağcabədi şəhərində anadan olan Rafiq Məmmədovun musiqili həyatı bir çox yaddaqalan hadisələrlə zəngindir. O, söyləyir ki, ürəyimdə, beynimdə həmişə bir narahatlıq olurdu. Bunun nədən və niyə baş verdiyini özüm də dəqiq anlamır və izah edə bilmirdim. Elə bil kənardan gözəgörünməz bir nə isə gizli cazibə qüvvəsi ilə məni ətrafdan ayırır, öz arxasınca aparırdı. Özüm özümə təəccüb edirdim. Hərəkətlərimdə, davranışımda bir narahatçılıq, qəribəlik hiss edirdim ki, bunun əsl səbəbini anlamağa çalışsam da, cavab tapmaqda çətinlik çəkirdim. Amma bir dəfə zərurətdən doğan təsadüf nəticəsində məndə olan bu qəribəliyin səbəbi agah oldu. Başa düşdüm ki, mən hər yerdə, hər şeydə musiqi axtarır, görürəm. Bu yəqin ki, yaradanın bəzi bəndələrinə verdiyi əvəzolunmaz bəxşişdir. Buna istedad, vergi də deyənlər var. Amma iş orasındadır ki, sənin qəlbinin dərinliyində, düşünən beyninin bir küncündə ancaq sənə məxsus və səninki olan hiss, duyğu mövcud olur. Və sonra sən musiqi alətinin köməyi ilə bu duyğunu düşüncəli şəkildə başqalarına, dinləyiciyə çatdıra bilirsən.
…On beş yaşım olardı. Bir dəfə sinif yoldaşım ilə xeyli gəzib dolaşdıqdan sonra axır ki, gəlib bizim evin yanında, masa arxasında oturduq ki, bir az dincimizi alaq. Birdən mənə kim və necə dedi, bunu izah edə bilmərəm, başladım masanın bir tərəfdən üstünə barmaqlarımla nəsə ritm yaratmağa, musiqi çalmağa.Bir xeyli bu ruhda çalandan sonra, başa düşdüm ki, bu “Boz at” mahnısıdır. Tez sinif yoldaşıma əmimin indiyədək əl vurmadığım qarmonunu gətirməsini xahiş etdim. Sağ olsun, bir göz qırpımında o, tez əmimin qarmonunu gətirdi (Yaxşı ki, əmim evdə yox idi. O, yaxşı qarmon çala bilməsə də, qarmonunu bizə qısqanır, əl vurmağa qoymurdu). Qarmonu götürüb heç bir not bilməyən, birinci dəfə əlinə qarmon alan mən əməlli-başlı “Boz at” mahnısını çaldım. Xeyli rahatlaşdım və qarmonun dəlisi oldum. O gündən mənim qarmonla dostluğum başladı və bu günə kimi davam edir.
Rafiq Məmmədovun heç bir musiqi müəllimi və öyrədəni olmayıb. O, qarmon ifaçılığının incəliklərini o vaxtın məşhur qarmonçalanı Teyyub Dəmirovun ifasına radioda (o vaxt televizor yeni-yeni istehsal olunmağa başlayırdı) qulaq asmaqla öyrənib. Yox, təkcə öyrənməyib, bu musiqi alətinin rayonda ən mahir ifaçılarından biri olub.
Rafiq müəllim deyir ki, əmisi Əhməd əsgərliyə gedəndə bəlkə də buna yeganə sevinən var idisə, o da Rafiq idi. Çünki əmisinin 12 dillli qarmonu ona qalacaqdı və artıq o, günlərlə sərbəst qarmon çala bilərdi.
18 yaşında artıq püxtələşmiş qarmonçalan olan Rafiq Məmmədovu 1958-ci ildə rayon pionerlər evinə qarmon müəllimi kimi işə götürürlər. Düz on il Rafiq burada çalışır, qarmon ifaçılığının sirlərini gənclərə öyrədir. Sonra rayon mədəniyyət evində səyyar xidmət göstərir. “Rast” ansamblının ən fəal üzvlərindən biri olur. Üç il Hindarx qəsəbəsində, 1 il də Hüsülü kənd Musiqi Məktəbində qarmon müəllimi işləyir. Sonralar rayonda tanınmış qarmon ifaçıları olan Hüsən Bəşirov, Aydın Mustafayev, Soltan İbrahimov, Əşrəf Şirinov kimi tələbələri olub.
Rafiq Məmmədov ölkənin məşhur xanəndələri Xan Şuşinski, Yaqub Məmmədov Ağcabədiyə toya gələndə onları qarmonda müşayiət edib. Ağsaqqallar söyləyirlər ki, Yaqub Məmmədov deyirmiş ki, Rafiqin müşayiəti ilə oxumaq adama ləzzət verir. Onun qarmonunun səsi adamın iliyinə işləyir. Rafiqin müşayiəti ilə ürəkdən oxumamaq olmur.
Rafiq müəllim yuxarıda adıçəkilən məşhur xanəndələrlə bərabər, tanınmış muğam ifaçıları İnqilab Quliyevi, Elxan Niyazovu, Aşıq Muxtarı, Seyid Rasimi toylarda, el şənliklərində müşayiət edib.
Şəhər sakini, şair publisist, musiqi həvəskarı Yəhya Paşazadə deyir ki, Rafiq Məmmədov bizdən xeyli böyük idi. Amma rayonda onu hamı mahir qarmonçalan kimi tanıyırdı. Qəribə orası idi ki, heç bir müəllimi olmayan Rafiq təkcə eşitməklə, qulaq asmaqla muğamları, havaları yaddaşının və barmaqlarının köməyi ilə dinləyicilərə ürəkdən çatdıra bilirdi. Rafiq müəllim sıravi bir musiqi ifaçısı deyildi. O, qarmonu əlinə alanda sanki həyatda bir çox varlıqları unudur, musiqinin ucsuz-bucaqsız zənginliklərinə baş vururdu. O, təkcə qarmon çalmırdı. Qarmonun pərdələri, qarmon özü onun əlində ağlayır, fəryad qoparırdı. Adam onun ifasını dinləyəndə təlatümə gəlir, musiqinin insanda yaratdığı bütün ovqatları yaşayırdın. Sən həyatın işinə bax, ifaçının barmaqları ifa zamanı sanki dilə gəlir, danışır. Dilsiz barmaqla dinləyicini feyziyab edib, ona estetik zövq vermək hər ifaçıya nəsib olmur. Rafiq müəllim isə əsl sənətkar, qarmonun böyük, ustad ifaçısı idi. O vaxtkı biz azyaşlı ağcabədililər toylara, el şənliklərinə ancaq Rafiqi dinləməyə gedirdik. Rafiq anadangəlmə musiqiçi idi. O, qarmonla barmaqları ilə danışmağı bacarırdı.
…1977-ci ildə indiki Heydər Əliyev adına sarayda keçirilən muğam festivalında qarmonçalan Rafiq Məmmədovun üzv olduğu “Rast” ansamblı qızıl medal qazanır.
1987-ci ildə Rafiq Fərəc oğlu Məmmədov Ümumittifaq Xalq Yaradıcılığı festivalında laureat adını qazanır.
İki qızı, iki oğlu, 7 nəvəsi olan Rafiq indi ömrün ahıllıq dövrünü yaşayır. Böyük ailəyə başçılıq etməklə bərabər, gələcək nəslin muğam həvəskarı, musiqi pərəstişkarı kimi yetişmələri üçün işlər görür, musiqinin insan həyatında tutduğu yerdən söhbət açır. Və hərdən bu keşməkeşli həyatda həmişə ona dayaq, söykək olan dostu, qarmonunu əlinə alır. Ömrün keçən günlərinə qarmonun köməyi ilə yenidən baş vuran Rafiq deyir ki, qarmon çalanda adamın ruhu dincəlir. Dünyaya tam başqa gözlə baxır, təbiətin, musiqinin insan həyatında tutduğu rolu bir daha dərindən anlayırsan. Təbiətlə bir yerdə sən də dincəlirsən…
Qarmonçalan Rafiq Fərəc oğlunun artıq 81 yaşı var. Tanıyanların, yaxınlarının həyatında öz qarmonu, barmaqları ilə silinməz iz buraxan Rafiq müəllim həyatın fəal yaşayış tərzini davam etdirir. Özü dediyi kimi, musiqi adamın ömrünü uzadır. Sizin də ömrünüz uzun və mənalı olsun!
Adil MİSİRLİ