Rayonun qabaqcıl fermerlərindən biri olan Famil Quliyev keçən təsərrüfat ilində 99,5 hektar sahədə pambıq əkib becərib. O, sahələrdən 368 ton 853 kiloqram götürüb ki, bu da hər hektardan 37 sentner “ağ qızıl” deməkdir. Bu il 95 hektar sahədə pambıq əkən F. Quliyev hər hektardan 45 sentner pambıq götürmək əzmindədir. Təcrübəli fermerin pambıq sahəsində onun işi ilə əyani tanış olduq. Hazırda əkin sahələrində normal bitiş alınıb və pambığın daha normal inkişafı üçün cərgələr arası kultivasiya çəkilir, eyni zamanda sahələrə nitrogen gübrəsi verilirdi. Bu gübrə kultivasiya sayəsində narınlaşan torpaqda nəmliyi lazımi səviyyədə saxlayır. Ümumiyyətlə, Famil Quliyev pambığa vaxtında və aqrotexniki qaydalara ciddi riayət etməklə qulluq edir. Oğlu Orxan təsərrüfatda atası Famil Quliyevə yaxından kömək edir. Fermerin hətta 8 yaşlı nəvəsi, onun adını daşıyan Famil də boş vaxtlarında pambıq sahələrinə gəlir, babasından pambıq becərmənin sirlərini öyrənir.
Famil Quliyevin pambığa göstərdiyi böyük diqqət və qayğının canlı şahidi olduq. İnanırıq ki, bu təcrübəli təsərrüfatçı pambığa etdiyi lazımi qulluq sayəsində yeni uğura imza atacaq və bol məhsul əldə etməyə nail olacaqdır.
Adil MİSİRLİ