“Yalançının…”

Özünə umac ova bilmir… Niyə çığırırsan?

Əvvəl də yazdığımız kimi bəzi “jurnalistlər” onlara təmin olunan azadlığı, azad fikrin ifadəsini ağıllarına və ağızlarına nə gəldi söyləməklə qarışıq salır, nəticədə həmin sərbəstlikdən sui-istifadə etməklə qabartmaq istədikləri mövzudan başqa bütün məsələlərə toxunur, yalan, qərəzli məlumatlar yayır, dövlətin səlahiyyətli nümayəndələri haqqında əsası olmayan fikirlər səsləndirir, təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirlər. Bu materialları hazırlayan “jurnalistlərin” məqsədi vətəndaşın problemini işıqlandırmaqdan çox, sensasiya yaratmaq, diqqət çəkmək, qısa zamanda qalmaqalla da olsa məşhurlaşmaqdır.

Bunlardan biri haqqında əvvəl də bəhs etdiyimiz, gündə bir “youtube” kanalı yaxud “facebook” səhifəsi açıb canlı yayımlar edərək adını “jurnalist” qoymuş, ağzı köpüklənə-köpüklənə təhqiramiz ifadələr işlədən, “istintaq” aparan Salmanzadə Xəyyam Surxay oğludur. Bağırmaqdan başqa bir danışıq tərzi olmayan bu “jurnalistin” kimliyi və mənliyi barədə bir azdan söhbət açacağıq.

İndi isə Xəyyam Salmanzadənin hal-hazırda rayonumuzun Sarvanlar kəndində yaşayan Vətən müharibəsində yaralanmış Süleymanov Şiraslan Tapdıq oğlunun yaşadığı evdən “Kanal13.TV” adlı facebook səhifəsindəki canlı yayımı və həmin yaralının özü barədə danışaq.

Əslində Yuxarı Qiyaməddinli kənd sakini olan Süleymanov Şiraslan Tapdıq oğlu 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, daha sonra 27 sentyabrdan başlanan Vətən müharibəsinin iştirakçısı olub. Oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüşlərdə yaralanıb və bir müddət müalicə alıb.

Ş.Süleymanov müharibədə olduğu vaxt və sonrakı dövrdə onun evinə 3 dəfə rayon İcra Hakimiyyəti tərəfindən öz daxili imkanları hesabına digər müharibə iştirakçıları və yaralılara olunduğu kimi ərzaq yardımları göndərilib. Bundan başqa, ötən ay rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı ilə bağlı bütün yaralılara göndərilən ərzaq payından da həmin sakinə də çatdırılıb. Həmçinin, dövlət tərəfindən 550 azn sığorta haqqı verilib və “YAŞAT” Fondu tərəfindən onun hesabına 2500 azn vəsait köçürülüb.

Rayon İcra Hakimiyyətindən redaksiyamıza verilən məlumata görə Ş.Süleymanov 19 aprel 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinə gəlib, icra başçısı yaz-tarla işləri ilə bağlı sahələrdə olduğu üçün rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov tərəfindən qəbul edilib, dinlənilib və günün sonunda icra hakimiyyətinin başçısı məlumatlandırılıb. 22 aprel 2021-ci il tarixdə isə poçt vasitəsilə rayon İcra Hakimiyyətinə yazılı müraciəti daxil olub. Qəbul zamanı, eləcə də yazılı müraciətində yalnız müalicəsi ilə bağlı köməklik göstərilməsini xahiş edib, həyətyani torpaq sahəsi ilə bağlı məsələ qaldırmayıb. Şöbə müdiri isə qaziyə rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsinə lazım olan hər cür köməkliyin göstərilə biləcəyini qeyd edərək, vətəndaşın öz yanında “YAŞAT” Fondunun nümayəndəsi ilə danışaraq ixtisaslaşmış xəstəxanalarda onun müalicəsinə köməklik göstərilməsi ilə bağlı müraciətinin qeydə alınması məsələsini qaldırıb.

Onlar həmişə diqqət mərkəzindədir.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, Ağcabədi rayonunda Vətən müharibəsində yaralanan 301 nəfər qazinin və həlak olan 43 nəfər şəhidin ailəsi daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Müharibə dövründə evinə qayıtmış rayondakı 101 nəfər qazi Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov tərəfindən evlərində ziyarət olunub, həmin günlərdə evdə olmayan bütün yaralıların ailələrinə isə yardımlar göndərilib. Rayon İcra Hakimiyyəti bundan sonra da həmin şəxslərin və ailələrin, eləcə də Vətən torpaqlarının azadlığı uğrunda yaralanan Ş.Süleymanovun müraciətlərinin rayon İcra Hakimiyyətinin səlahiyyətləri və imkanları daxilində daim diqqət mərkəzində saxlanılacağını bildirib.

Videoda səsləndirilən Yuxarı Qiyaməddinli bələdiyyəsi tərəfindən Ş.Süleymanova həyətyani torpaq sahəsinin verilməməsi ilə bağlı isə bələdiyyə sədri vətəndaşın heç bir yazılı müraciətinin olmadığını, yalnız bir dəfə telefonla əlaqə saxlayaraq həyətyani torpaq sahəsi istədiyini, qarşılığında isə bunun üçün yazılı müraciət etməli olduğu və qanunvericiliyin tələblərinin ona izah edildiyini bildirib. Bələdiyyə sədri vətəndaşa qanunamüvafiq qaydada lazımi köməklik göstəriləcəyini də söyləyib.

Biz də öz növbəmizdə qazimizə tezliklə Allahdan şəfa diləyirik.

Hərdən öz balanı da yada sal.

İndi isə Vətən müharibəsi iştirakçısını dövlət qurumlarına qarşı dolduran və düzgün yönləndirməyən, dövlət qurumlarının səlahiyyətlərindən xəbərsiz, hər hansı məlumatı dövlət orqanları ilə dəqiqləşmə aparmadan fakt kimi ortaya qoymağa çalışan, özünü fədakar, cəfakeş kimi göstərən kəmsavad “jurnalist” barədə qısa bir informasiyamız var…

Xəyyam adlı bu şəxs  neçə illərdir ki, ərazidə olan şəxsləri onların imkansızlığından, bəzilərinin çətinliyindən istifadə edərək dövlətin əleyhinə qaldırmaqla və yerli strukturların fəaliyyətinə kölgə salmaqla məşğuldur. Amma bu şəxs fədakar, cəfakeş rolunda çıxış etməyinə baxmayaraq ailəsini atmış, məhkəmə qərarı ilə ailəsinə ödəməli olduğu alimenti belə ödəməkdən boyun qaçırmış biridir. Öz ailəsinin, övladının qayğısına qalmayan, uşağını son “ata” çörəyindən məhrum edən bu şəxs camaatın qayğısına necə qala bilər?! Öz uşağına, ailəsinə baxmır, amma başqasının guya dərdinə qalır. Bunun adı yalançı təəssübkeşlikdir!! Başqa heç nə.

Bundan əvvəl də Xəyyam adlı bu “jurnalist” Ağcabədi rayonun Cəfərbəyli kənd sakini, qazi olmayan, müharibə zamanı Ağdam rayonunda təsadüfən yaralanmış mülki şəxsi müharibə qazisi kimi təqdim etməyə çalışaraq dövlət orqanlarının üzərinə şər və böhtan atmış, yalan məlumatlar yayaraq ictimaiyyəti çaşdırmağa cəhd etmişdi. Yalnız bu cür şər və böhtanla məşğul  olan şəxsin işi məhkəmə olduğu üçün indi də bu cür videolarla məhkəməyə və yerli sturkturlara təsir göstərməyə çalışır.

Beləliklə, “YALANÇININ…” başlıqlı rubrikamızın “qonağı” yenidən Xəyyam Salmanzadədir!!!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər