Müharibədə ziyan dəymiş binaların bərpası davam edir

         Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində rayonumuzun ərazisində dağılmış və zərər çəkmiş binaların yenidən qurulması, bərpası və təmiri istiqamətində işlər uğurla davam etdirilir.

Bölgədə ziyan dəymiş 519 tikilinin 494-ü fərdi yaşayış evindən ibarət olub. Sözügedən fərdi evlərin 8-i tamamilə dağılıb, yararsız hala düşüb, 486-sı isə ciddi zədələnib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə müqavilə bağlanılmış potratçı təşkilatlar tərəfindən həmin yaşayış evlərində yenidənqurma, bərpa və təmir işlərinə başlanılıb.

Bundan əvvəl, fərdi yaşayış evlərinə ziyan dəymiş rayon sakinlərinin hər birinə ilk olaraq dövlət tərəfindən 1000 manat məbləğində vəsait ödənilib. Evləri tamamilə dağılmış 8 nəfər sakinin hər birinə 6000, onların ailə üzvlərinin hər birinə isə 1500 manat məbləğində yardım göstərilib. Eyni zamanda həmin sakinlərin dağılmış evlərinin yerində inşası dövlət vəsaiti hesabına həyata keçirilir. Hazırda rayonda ziyan dəymiş 300 yaşayış binası təmir olunur. Artıq 204 fərdi yaşayış evində təmir işlərinə yekun vurulub.

Yəhya PAŞAZADƏ

Şərhlər