Oruc səbr və dözüm üçün ən mükəmməl tərbiyəçidir

         Rəbbin bəndələrinə “Ramazanda oruc tutun” əmri, bu ayı bərəkətli edən ən mühüm amillərdən biridir. Oruc farsca “ruzə” sözündən türkcəyə “oruzə” şəklində keçən termindir. Hərfi mənası hərəkətsiz olmaq deməkdir. Oruc sözünün mənasına gəldikdə, günəş çıxmazdan əvvəl göydə görünən qırmızılıqdan öncəki müddətdən günəşin batmasından bir az keçən zamana qədər heç bir şey yeməmək, içməmək və pis əməllərdən uzaq olmaq anlamına gəlir.

Orucu bəşər həyatını nizamlayan ən birinci ibadət formalarından biri adlandırmaq olar. Peyğəmbərimiz də hədisdə buyurub: “Bütün ibadətlərin qarşılığı veriləcək, lakin oruca bərabər ibadət yoxdur”. Elə həmin səbəbdən bütün peyğəmbər və övliyaların şəxsi həyat və təbliğlərində bu ehkam xüsusi yer tutub.

Müsəlmanlar üçün rəhmət və bərəkət ayı olan Ramazanda oruc tutmaq barəsində müqəddəs kitabımız olan Qurani Kərimdə belə buyrulmuşdur: “Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi”. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar (Bəqərə Surəsi 183-185 ayələr).

Oruc tutan şəxslərin iki sevinci vardır: Biri iftar açan vaxtı, digəri oruc olduğu müddətdəki sevincidir. Oruc tutan şəxs Allahın sifətlərinin təcəllisini özündə daşıyır. Çünki Allah da yemək-içməkdən münəzzəhdir.

Oruc vəfa duyğusunun təzahür etdiyi saf ibadətdir. Oruc əmanətə sadiqlikdə ən mükəmməl tərbiyəçidir.

Müxtəlif səbəblərdən oruc tutmayan şəxslər davranış və yemək-içməklərində çox ehtiyatlı olmalıdırlar.Bu həm mənəvi cəhətdən doğru, həm də oruclunun iradına tuş gəlməmək üçündür.

Rəbbimiz orucunuzu, ibadətlərinizi, dualarınızı qəbul etsin.

Hüseyn QULUZADƏ

Şərhlər