ŞAMİL CƏMŞİD (1927-2007)

Şamil Cəmşidov 5 may 1927-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Ali Təhsil aldıqdaan sonra əmək fəaliyyətinə müəllim kimi başlamışdır. Ağdam müəllimlər İnstitutunda baş müəllim (1949-1953), Ağcabədi şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat və məntiq-psixologiya müəllimi işləmişdir.

1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitutu) elmi işə dəvət olunmuşdur. Akademiyada işlədiyi dövrdə Əlyazmalar Xəzinəsinin zənginləşməsi, təbliği, azəri, türk dilinin mənşəyi və Azərbaycan ədəbiyyatının bir sıra problem məsələlərinin həllində böyük xidmətləri olmuşdur.

Əsərləri möhtəşəm sənət abidəmiz olan “Kitabi-Dədə Qorqud”un tarixi tədqiqinə həsr olunmuşdur. Bu sahədəki elmi nailiyyətləri onu dünya türkologiyasında görkəmli Qorqudşünas alim kimi tanıtmışdır.

Şamil Cəmşid Atatürk adına Türkiyə Böyük Tarixi-Dil qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, əmək və müharibə veteranı olmuşdur.

Filologiya elmləri doktoru Şamil Cəmşid həm də bədii yaradıcılıqla məşğul olurdu. Sabiranə şeirləri oxucularda böyük maraq doğurmuşdur.

Şamil Cəmşid 4 monoqrafiyanın, 11 elmi məqalənin müəllifidir.

    

            Əsərləri:

  1. “Kitabi-Dədə Qorqud”. B., “Gənclik”, 1969, 216 s, 5000 nüs.
  2. “Kitabi-Dədə Qorqud”. B., “Sevinc”, 1990, 218 s, 5000 nüs.
  3. “Nisgilli vərəqlər, tikanlı yarpaqlar”. B., “Elm”, 2002, 312s, 10 000 nüs.
  4. “Azərbaycan yazılı dastan abidələrinin tədqiqi”. B., “Elm”, 2002, 168s, 5000 nüs.
  5. “Kitabi-Dədə Qorqud”. B., “Elm” 1996, 296s, 10 000 nüs.

Aranqazeti.az müəllifin bir şeirini sizlərə təqdim edir.

QƏZƏLLƏR

Ah, nə xoş dəmdə o cananə bizə gəlmiş idi!

O xumar gözlərini süzə-süzə gəlmiş idi.

Yol uzaq, incə ayaq, tərləmiş o gül bədəni,

Aşiq eşqilə canın üzü-üzə gəlmiş idi!

Döşənib, payimal oldum onun qədəmlərinə,

Eşqimin şiddəti, əlbəttə yüzə gəlmiş idi!

O danışdıqca, o güldükcə gəlib pərvazə,

Gül üzü qönçələnib, rəngi təzə gəlmiş idi!

Qızarırdı yanağı lalə kimi rəngarəng,

Tellərin gərdəninə düzə-düzə gəlmiş idi!

Eşqimin şövkəti xar etmiş idi əğyarı,

Sevgilim az qala, qorxdum ki, gözə gəlmiş idi!

Sonra bir quş kimi uçduqca gözümdən o mələk,

Sandı Şamil ki, onun şəkli bizə gəlmiş idi!

*     *      *

Gözlərim öylə gözəlləşdidi ey yar səni,

Bir mələkzadəyə bənzətdi baxanlar səni!

Görcək allanmış o gül çöhrəni hallandı rəqib,

Amandı, qoyma gələ kuyinə tovlar səni!

Nazəninlərdi cahan mülkünə verən ziynət,

Solmasın qönçələrin, yüz yaşa dildar, səni!

Gül üzün, qönçə ləbin, xoş baxışın cazibədar,

Gördüm ey canü dilim, eşqdə huşyar səni!

Heç zaman Şamil unutmaz o ala gözlərini

Xatirində yaşadar ta nəfəsi var, səni!

*     *     *

Gələnlər doymamış getdi, bu dünyada gözü qaldı,

Sinəsində deyilməmiş kitab-kitab sözü qaldı!

Kimi tapındı Allaha, kimi şərabə diz çökdü,

Kimi izsiz ötüb keçdi, kimininsə izi qaldı.

Kişilər xalq səadəti yolunda can fəda etdi,

Yaxşıların adı qaldı, yamanların özü qaldı,

Haqq-ədalət sorağında dahilər şəm tək yandı,

Ürəklərdə məşəl yaxdı, odu qaldı, gözü qaldı.

Şamil nə gördü aləmdə cəfadən özgə ömründə,

Həyati-nobaharımın çoxu getdi, azı qaldı!

*      *       *

Bəh-bəh, bu nə xublar bazarı, vəsfə söz gərək!

Təsvirə sığışmaz, durasan üzbəüz gərək!

Qol-qılçalar gümüş, sinələr qönçə bağıdır,

Kök sağrılar əsdikcə, tamaşaya göz gərək!

Süzgün baxıb ötdükcə hər aşiqguş pəri,

Mərdanə durub, dözməyə möhkəmcə diz gərək!

Tovuz quşu tək incə bədənlər bəzəklidir,

Hürküdməyək o, incə mələkləri biz, gərək!

Aşiqlər hərə ya gəlinə, ya qıza bənddir,

Şamil deyir, hər kim ola, ilqarı düz gərək!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər