Şəhid balası ağlamaz

    Şəhid qanı tökülən torpaqdan Vətən qoxusu gəlir. Elə bir Vətən ki, oğullar ondan ötrü canlarını fəda edir, gözlərini qırpmadan ölümün üstünə gedirlər. Belə oğulları ölüm də öldürə bilmir. Onlar ölmür, əbədiyyətə qovuşurlar. Vətəni, Vətən torpağını əbədiyaşar edirlər.

Həyatda adi gözlə baxanda qəribə adı verdiyimiz çox hadisələr baş verir. Ancaq beyni yükləyib, bir az düşünəndə görürsən ki, bu hadisələrin dərin və məntiqi mənası var. Və onlar heç də qəribə deyillər. Sadəcə, bizim belə mövcudluğa münasibətimiz qəribədir. Yəni biz baş verənləri heç də olduğu kimi ya anlamır, ya da onun daşıdığı, kəsb etdiyi həqiqi mənanı sona qədər qavramaq qabiliyyətində olmuruq.

…Əslən Xocavənd rayonunun Əmirallar kəndindən olan Elmin Əvəz oğlu Mirzəyev 1995-ci il fevralın 20-də Ağcabədinin Avşar kəndində dünyaya göz açıb. Valideynləri Avşarda, qohumlarının yanında qaçqınlıq həyatı sürən zaman Elmin doğma Əmirallardan xeyli uzaqda məcburi köçkün kimi anadan olub. Bəli, məhz doğma Vətəndə qaçqın olaraq həyata qədəm qoyub. Avşarda məktəbə gedən Elmin sonra valideynləri ilə birlikdə Beyləqanda məskunlaşan Xocavənd qəsəbəsinə köçür. Məktəbi də burada bitirir. 2012-cü ilin aprelindən 2015-ci ilin oktyabrına kimi Bakıda N saylı hərbi hissədə qulluq edir. 2015-ci ilin ortalarından orduda MAXE kimi çalışır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə bir hərbçi kimi ilk gündən qoşulan Elmin oktyabr ayının 2-də Füzulidə gedən döyüşlər zamanı döş qəfəsindən və qarın boşluğundan ağır qəlpə yarası alır və qəhrəmancasına həlak olur. Beyləqanda, Xocavənd qəsəbəsində torpağa tapşırılan Elminin həyat yoldaşı Elnarə Mirzəyeva, 6 yaşlı Alina və 3 yaşlı Səma adlı qızları yadigar qalır. Həyat yoldaşı Elnarə Xanlar qızı Elmin haqqında yana-yana və göz yaşları içində danışır: “Elminlə əvvəlcə uzaq qohum idik. O, bizim kənddə doğulub, məktəbin aşağı siniflərini də Avşarda oxuyub. Sonralar Beyləqanın Xocavənd qəsəbəsinə köçsələr də, biz uşaqlıq xatirələrini unutmur, ara-sıra görüşəndə də o illərə yenidən qayıdırdıq. 2015-ci ilin may ayının 1-də ailə həyatı qurmağımız aramızda olan isti münasibəti daha da yaxın, doğma etdi. Onunla ailə həyatı qurandan sonra sanki yenidən doğuldum. Mən artıq həyata başqa gözlə baxmağa başladım.  Elmin ürəyimdə o qədər böyük yer tutmuşdu ki, mən indi onun barəsində keçmiş zamanda danışa bilmirəm. Dünya, həyat Elminsiz təsəvvürümə belə sığmır. Onun yoxluğunu heç cür qəbul edə bilmirəm. O, məndən ötrü günəş, ay işığıydı. Ömrümə yeni rəng verib, həyat yolumu həmişə işıqlandırırdı. O qədər xeyirxah,  sadə, təvazökar, istiqanlı, insanpərvər, rəhmdil insan idi ki, onu sevməmək mümkün deyildi. Çox ailəcanlı idi. Qızlarını dünyalar qədər sevirdi. Mən bir az bikefləyib, kefsiz olanda, bir bəhanə ilə, xoş və səmimi sözləri, hərəkətləri ilə könlümü alırdı. Elmin hər cür xoş, tərifli sözə layiq insan idi. Tanrı sanki onu mənəvi gözəllikdən yaratmışdı. Mən insanın ürəyinin yumruğu boyda olmasına qətiyyən inanmıram. Elminin ürəyi dünyamız boyda idi. Ora dünya sığırdı. Elmin o qədər xoşniyyətli, gülərüz idi ki, indi çöhrəsini gözlərim önünə gətirəndə lap dəli oluram. İlahi, onun nə qədər arzu və niyyəti vardı. Nə onun, nə də mənim görmədiyim Qarabağla bağlı minbir arzumuz vardı. Torpaqlarımız azad olduqdan sonra orada həyəti olan ev tikdirmək istəyirdik. Bağımızda hər cür gül-çiçək əkib becərmək həvəsindəydik. Deyirdi ancaq o torpaqları erməni murdarlığından bu cür təmizləmək mümkündür.  Mən onu zarafatla qıcıqlandıranda ki, oraları görməmisən, amma dilindən düşmür. Orda nə tapmısan ki, bu qədər əzizləyirsən o dağları? İnciməzdi, deyərdi ki, Qarabağ mənim iliyimdə, qan yaddaşımdadır. Damarlarımda axan qan da Qarabağ eşqi ilə dövr edir. Qarabağsız Azərbaycanın mövcud olmadığını həmişə vurğulayırdı. Qarabağdan ötrü şəhid olsam, daha dərdim olmazdı deyərdi. Elmin qovuşdu arzusuna. Qarabağ üçün şəhid oldu, canını fəda etdi. İndi o, göyün yeddinci qatındadır. Biz isə onun yolunu həsrətlə gözləyirik. Onun yoxluğuna inanmaq mümkün deyil. Mən onu, mənə həyat bəxş valideynlərim, onun və bizim həsrətində olduğumuz Qarabağımız qədər sevirdim. Mənə o qədər yaxşılıq edib ki! Həyatımın mənası idi…

*      *      *

…Bir dəfə təlim keçirdilər. Helikopterlə qəsəbənin yanından ötəndə zəng etdi ki, qızımız Alina əlində Azərbaycan bayrağı onları salamlasın. Alina belə də etdi. Elmin ailəsinə, övladlarına qırılmaz tellərlə bağlı idi. Həmişə qulluq etdiyi hərbi hissədə bir tədbir olanda Alinanı hərbi geyimdə ora aparardı. Alina da Vətənə, hərbə sonsuz məhəbbət hissi  aşılaya bilmişdi. Alina sonralar da qəsəbənin yaxınlığından helikopter uçanda üçrəngli bayrağımızı götürüb salam göndərir və böyük kədərlə indi onun Elminsiz uçduğunu söyləyirdi.

Alina hazırlıq kursuna gedir…

*       *       *

Bütün qız uşaqları ilk sözlərini ana yazanda, o, atasının şəkillərinin yanında qırmızı qərənfil rəngli ata yazır. Adamın ürəyinin başına od düşür. 3 yaşlı qızımız Səma atasının böyüdülmüş şəkli ilə yatır. O, şəkli təkcə öpmür, saatlarla qucağından yerə qoymur. Elə həsrətlə, kədərlə, istəklə atasının şəklini öpür ki… Elmin Alinanı oxutmaq istəyirdi. Deyirdi qızım hüquqşünas olacaq.

*       *      *

Nə bilim, həyat nə qədər mənalı olsa da, hərdən onun o qədər sərt, qəddar üzü olur ki, adam yaşamağa yer tapa bilmir. Elmin getdi, əbədilik bu həyatla vidalaşıb bizi tərk etdi. İndi mənim və qızlarımın bircə borcumuz var. Elminin adına layiq yaşamaq, onu unutmamaq və onun həyata keçirə bilmədiyi arzularının qolundan tutub pərvazlandırmaq. Həmişə başqaları üçün yaşayan Elmin özü üçün yaşamağa vaxt tapa bilmədi. İndi biz, onun yaxınları Elminin yarımçıq qalan ömrünü yaşamalıyıq… Hərdən qızlarımdan biri ataları üçün qüssələnib ağlamaq istəyəndə mənim onlara təskinliyim bircə bu olur ki, deyirəm qızım şəhid balası ağlamaz axı. Bu sözlər onlara bəs edir. Heç biri ağlamır və şəhid atalarının müqəddəs bir yerdə, Tanrının hüzurunda olduğuna inanırlar”. Elə mən də belə düşünürəm:

Adil MİSİRLİ

Şərhlər