Sabah artıq gec olacaq…

Həyatımız müxtəlif anlardan ibarətdir və hər birini qiymətləndirməliyik. Elə bir zaman gələr ki, onlardan ən azı birini qaytarmaq istəyərsən. Bir toxunuş üçün hər şeyi vermək istəyərsən, amma bu mümkün olmaz.

Xoşbəxtliyin dəyərini onu itirəndə başa düşürük. Anlamaq, qəbul etmək, bağışlamaq və mübarizə aparmaq… Bunlar həyatımız üçün ən vacib olanlardır.

Ətrafınızdakı insanları anlayın, sevdiklərinizi başa düşün. 

Bütün hadisələri normal qəbul edin. Ən böyük və amansız günahları belə bağışlayın. “Bəzi şeylər bağışlanmır!” deyəcəksiniz? Dünyada bağışlanmayan elə bir şey yoxdur. Necə deyərlər: “Əgər Allah belə bizim günahlarımızı bağışlayırsa, biz kimik ki, bir-birimizin xətalarını bağışlamayaq?” Anlamalısan ki, həyat davam edir, fərqli rənglərə boyanıb və sabahın necə olacağı bizdən asılıdır.

Bunun üçün vaxtında bağışlaya və bağışla deyə bilməlisən. Sənə yaxşılıq edənlərə qarşı özündə minnətdarlıq duyğusunu aşılamalısan.

Mübarizə aparmağı bacarmalısan… Bəli, paxıllıq, həsəd və təkəbbür kimi hisslərinə qarşı mübarizə aparmalısan. O zaman dünyamız daha gözəl olacaqdır…

Hər zaman bizə elə gəlir ki, həyat uzundur və hələ vaxtımız var… Bağışlanmağa, hər şeyi geri qaytarmağa və düzəltməyə imkan olacaq. Bir insana onu necə sevdiyini söyləməyə, bizi bağışlamasını istəməyə və bir çox addımlar atmağa vaxtımız olmaya bilər.

Uşaq olanda bizə elə gəlir ki, böyüyəcəyik, həyatımız ondan sonra başlayacaq. Məktəbi, universiteti bitirirsən və beləliklə, işə gedəndə həyat orada başlayacaq fikirləşirsən! Həmişə başlayacağını gözləyirik… Amma vaxt gedir. Bu gün sevdiklərimizi bəlkə də sonuncu dəfə görürük. Ürəyinizi açmaq üçün hansısa əlamətdar günü və səbəbi gözləmək lazım deyil. Bunu bu gün edin, çünki sabah artıq gec olacaq… Sizə doğma və əziz olan insanlara sizin üçün nə qədər vacib olduqlarını göstərin. Bu gün deməsəniz, sabah dünənki kimi olacaq. Xəyallarınızı reallaşdırın. Bu an gəldi…

Həmidə ƏKBƏROVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər