Şüşəsalan Kamil

“Elə etməliyik ki, o kağıza ləkə düşməsin”

         Müasir texnologiyaların inkişafı bir çox peşələrin əmək bazarından çıxarılmasına, unudulmasına gətirib çıxarır. Papaqçı, dulusçu, qalayçı, saatsaz, xalçaçı, misgər və bu kimi digər adlara günümüzdə çox az rast gəlinir. Bu günlərdə oğlumun “ana, pinəçi nə deməkdir?” sualını cavablandırandan sonra düşündüm ki, bu kimi peşələrlə məşğul olmuş insanların söhbətləri, iş zamanı yaşadıqları maraqlı əhvalatlar, fikirlər oxucular üçün də maraqlı olar. Həmçinin bugünkü nəslin də həmin peşələrlə bağlı anlayışları yaranar.

Demək olmaz ki, yuxarıda sadalananlar Ağcabədidə də nə vaxtsa geniş yayılıb. Amma bu peşələrdən bəziləri ilə rayonumuzda da məşğul olanlar olub. Onlardan çoxu dünyasını dəyişmiş olsa da, yenə bu yolçuluğa çıxmağa qərar verdim və bu işdə sizlər də bizə yardımçı olaraq peşəsi ilə tanınmış insanlarla əlaqə yaratmağımıza şərait yarada bilərsiniz.

– Bəzən işinin peşəkarı olan insanları elə həmin peşə ilə birgə tanıyırlar. Məsələn, pinəçi filankəs, qalayçı filankəs… Bugünkü qonağımız isə Ağcabədidə şüşəsalan Kamil kimi tanınır.Bununla bağlı suallara keçməzdən öncə istəyərdim Kamil kişi haqda qısa məlumatı elə onun özündən alaq.

– Rəhimov Kamil Rəhim oğlu. 28 iyul 1955-ci ildə Ağcabədidə anadan olmuşam. 5 saylı orta məktəbi bitirmişəm.

– Neçə yaşınızdan şüşə salmaqla məşğul oldunuz?

– 18-19 yaşlarımdan bu işlə məşğulam.

– Mən özüm də şüşələrlə işləməyi sevirəm. Məsələn təbii çiçəklərlə, muncuq, biser, qumla şüşə üzərində maraqlı kompozisiyalar yaratmaqdan zövq alıram. Necə deyərlər, şüşəni hiss edirəm, onun dili ilə danışıram. Sizin üçün necə? Şüşələr sadəcə qazanc üçün maraqlı idi, yoxsa bu işin daha yaradıcı, görünməyən tərəfləri var idi?

– Atam da şüşəsalan olub. Bu sənəti ondan öyrəndim. Sonra özüm istədim ki, onun yolunu davam etdirim. Atam mənə sevdirə bilmişdi işini. O ki qaldı qazanca, pul əl çirkidir. Əsas sənətdir. İnsanların hörməti mənim üçün ən böyük qazancdır.

– Maraqlıdır, rayonda yəqin ki, başqa şüşəsalanlar da olub. Amma bu peşə məhz sizin adınızın yanında əbədiləşib. Şüşəsalan Kamil… Sizcə niyə?

– Şüşəsalanlar çox olub. Nə deyim, yəqin işə olan sevgimdən irəli gəlib. Bir daha deyirəm, mən bu işə tək qazanc üçün yox, sevgiylə yanaşmışam.

– Bu işin çətin tərəfləri nə idi?

– Çətinliyini görməmişəm. İşin ustasına heç nə çətin deyil.

– Peşənizlə bağlı başınıza gələn maraqlı əhvalatlar olubmu? Bir neçəsini danışmağınızı istərdim.

– Çox olub. Müxtəlif ailələrdə olurdum. Hər cür həyat görürdüm. Bir dəfə Beyləqanda bir kəndə getmişdim. Evdə qadın və 2 uşaq var idi. Həyat yoldaşı vəfat etmişdi. Gördüm çox imkansızdırlar. Gedib bazarlıq etdim. Bütün şüşələri saldım. Sonra birlikdə özləri ilə oturub çörək yedim. Heç bir pul da götürməyib sağollaşdım. Bu dünyada yaxşılıq qalacaq. Mən kövrək insanam. Kiminsə pis vəziyyətini görəndə oturub hönkür-hönkür ağlayıram…

Allahımı çox sevirəm. Yaxşılıq etmək, insanlara əl tutmaq lazımdır. Bilirsiniz, ruh ağ kağızdır. Elə etməliyik ki, o kağıza ləkə düşməsin. Tanrı dərgahına təmiz ruhla dönə bilək… Bir dəfə bir yoldaş mənə dedi ki, Allahı görmək istəyirəm. Həmin gün çox isti idi. Günəş adamı yandırırdı. Dedim başını qaldır göyə bax. O, baxdı Günəş gözünü qamaşdırdı, tez gözünü çəkdi. Dedim görə bildin Allahı? Dedi ki, yox, günəş var baxmaq olur ki? Dedim sən heç Allahın yaratdığını görə bilmirsən, özünü necə görəcəksən?

– Bu gün plastik qapı-pəncərələr şüşəsalan peşəsini də demək olar sıradan çıxarıb. Yoxsa hələ də müraciət edən olur?

– Ehtiyac olur. Müraciət edənlər var. Peşəni davam etdirirəm. İnsan yaşadıqca işləməlidi. Həyat yoldaşım çoxdan dünyasını dəyişib. Övladım olmasa da, qardaşım oğlunu böyütmüşəm, nəvələrim də var. Şükür bu günə. Mən insanları çox sevirəm. İstəmirəm kiməsə ziyan dəysin. Hələ gənc olanda tez-tez anam məni yuxudan oyadırdı, deyirdi yuxuda yenə danışırsan ki, filankəsin niyə ayağı yoxdur, filankəs niyə öldü? A bala, camaatı az fikirləş, qoy bir az da başqaları səni düşünsün. Heç olmasa yuxuda rahat ol.

– Eşitdiyimə görə hərdən şeir də yazmağınız var. Bəlkə birini bölüşəsiniz oxucularla…

Çox şükür sənə Allah,

Azad oldu yurdumuz.

Bizə sevinc bəxş etdi

Bizim şanlı ordumuz.

Keçdi dərəni, dağı,

Çəkdi düşmənə dağı.

Qurtardı Qarabağı

Bizim şanlı ordumuz.

Babəkdir, Cavanşirdir,

Hər bir meydangirdir.

Qəfil Şuşaya girdi

Bizim şanlı ordumuz.

Gözdən yox etdi nəmi,

Azaltdı dərdi, qəmi.

Kamil, açdı qəlbini

Bizim şanlı ordumuz.

– Daha nə demək istərdiniz?

– Heç nə… Nə deyim? Sadəcə insanlara demək istəyirəm ki, yaxşılıq etməkdən qalmayın. Yıxılanın qolundan tutun. Yox, gücünüz çatmır, heç olmasa siz də təkrar itələməyin. İmkan verin başqası kömək etsin…

Söhbətləşdi: Məhsəti MUSA

Şərhlər