Mil-Muğan Hidroqovşağında cari və əsaslı təmir aparılıb

Füzuli rayonu ərazisində yerləşən Mil-Muğan Hidroqovşağında və ondan ayrılan kanallarda suvarma işləri üçün əsaslı və cari təmir işləri görülüb. Adıçəkilən qovşaqdan Füzuli ilə yanaşı Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektar ərazinin suvarılmasında istifadə olunur.

AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, respublika ərazisində əkin sahələrinin suvarılması üçün əhəmiyyətli rola malik olan hidroqovşaqlardan biri də Araz çayı üzərində mövcud olan Mil-Muğan Hidroqovşağıdır. Mil-Muğan Hidroqovşaq İstismarı İdarəsinin baş mühəndisi İsrafil Heydərovun məlumatına görə, qovşaq 1972-ci ildən fəaliyyət göstərir və Azərbaycan-İran sərhədində inşa olunub. Qovşağın tikilməsində əsas məqsəd suyun horizontal hündürlüyünü 142,5 metr səviyyəyə çatdırmaqla əkin sahələrinə fasiləsiz su ötürülməsidir.

Hidroqovşaqda 6 seqmentvari suötürücü qapıdan 3-ü Azərbaycan, digər 3-ü isə İran tərəfindədir. Buradan Azərbaycan tərəfinə ayrılan əsas kanal Baş Mil kanalıdır və sugötürmə qabiliyyəti saniyədə 102 kubmetrdir. Kanalın uzunluğu 37,2 kilometrdir. Həmçinin Baş Mil kanalının 29-cu kilometrliyindən suötürmə qabiliyyəti 30 kubmetr/saniyə olan Yuxarı Mil kanalı ayrılır. Bu kanalın da uzunluğu 50 kilometrdir. Kanalın mənsəbində Ağcabədi rayonu ərazisində 100 min kubmetrlik su hövzəsi inşa olunub. Bu hövzə hesabına 2500 hektar sahə suvarılır.

Bundan başqa, Baş Mil kanalının 35-ci kilometrliyindən su sərfiyyatı saniyədə 40 kubmetr olan Yeni Xan qızı kanalı ayrılır. Bu kanal 51 kilometr uzunluqdadır və Beyləqan-Ağcabədi rayonlarından keçməklə Qarqar çayına qovuşur.

Hidroqovşaqdan qidalanan bu kanallar vasitəsilə Füzuli, Beyləqan, Ağcabədi və qismən də İmişli rayonlarında yerləşən əkin sahələri suvarılır. Bu kanallar üzərində 172 ədəd hidrotexniki qurğu mövcuddur.

İdarədən verilən məlumata görə, əkin sahələrinə suyun fasiləsiz çatdırılması üçün hidroqovşaqda və kanallardakı qurğularda mütəmadi təmir işləri görülür. Belə ki, ötən il qovşaqda sudurulducu qurğunun qapılarında, o cümlədən kanal üzərində yerləşən hidrotexniki suburaxıcı qapılarda təmir işləri aparılaraq sazlanıb. Həmçinin kanallar üzərində müasir tipli hidrometrik qurğular əlavə edilib. Bu qurğular hesabına suyun səviyyəsinə mütəmadi nəzarət etmək olur.

Baş mühəndis İsrafil Heydərov bildirib ki, işğaldan azad edilən ərazilərdə yerləşən Xudafərin və Qız qalası su bəndlərinin inşası da suvarmada əhəmiyyətli rola malik olacaq. Həmin bəndlərin inşası başa çatdıqdan sonra Araz çayında il ərzində 1 milyard 612 milyon kubmetr su götürmək mümkün olacaq.

Uzun illərdir fermer təsərrüfatı ilə məşğul olan Rafiq Fərəməzovla söhbət zamanı deyib ki, hidroqovşaqdan ayrılan kanallar hesabına suvarma işləri görülür. “Şükürlər olsun ki, torpaqlarımız azad edilib. O torpaqlarda olan çaylarımızın Azərbaycanın nəzarətinə keçməsi Arazla yanaşı, kanallarda da suyun artmasına səbəb olacaq. Həmçinin əvvəllər ermənilər dağ çayları vasitəsilə Araza tullantılar axıdırdılar ki, bu kimi problemlər də aradan qalxacaq və sularımız daha təmiz olacaq”, – deyə fermer qeyd edib.

İdarədən verilən məlumata görə, bu ildə də əsaslı və cari təmir işləri nəzərdə tutulub. Hidroqovşaqda qapıları qaldıran qurğularda, həmçinin Baş Mil kanalının 1 kilometr hissəsində beton üzlüyün təmiri işləri görüləcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər