Ağcabədi rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən MOB Mərkəzində rayon və kənd sakinlərinin müxtəlif sahələrdə mövcud olan problemlərinə və edilən müraciətlərə həssaslıqla yanaşılaraq onların həlli istiqamətində lazımi tədbirlər görülür. Müraciətlər əsasında həllini tapmış məsələlərdən bir neçəsini diqqətinizə çatdırırıq.
* * *
Rəncbərlər kənd sakinləri olan Əsədov Yaşar, Usubov Elbrus, Quliyev Mahir müraciətlərində onların sahələrinə xidmət edən subartezian quyusunun nasosunun yanaraq sıradan çıxdığını və bununla bağlı MOB Mərkəzinə müraciət etmişlər. Qısa zaman ərzində Ağcabədi rayon Subartezian Quyuları İstismar İdarəsi ilə əlaqə yaradılmış, görülmüş tədbirlər nəticəsində subartezian quyusu işlək vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verilmişdir.
* * *
Avşar kənd sakini olan Qarayev Nizami Sərxan oğlu müraciətində 2,5 hektar pay torpağı sahəsində pambıq səpildiyini bildirmiş, suvarmada çətinliklər çəkdiyini bildirmişdir. SSİ ilə əlaqə yaradılaraq, su verilişi problemi həll olunmuşdur.
* * *
Ağcabədi şəhər sakini Zeynalova Aygül Əli qızı evində istifadə etdiyi telefon və internet xəttinin kəsilməsi barədə MOB-a müraciət etmişdir. Ağcabədi Telekommunikasiya Qovşağı ilə əlaqə yaradılmış, həmin küçədə telefon xəttinin naqillərində olan nasazlıq aradan qaldırılmış, elə həmin gün internet və telefon verilişi bərpa olunmuşdur.
* * *
Ağcabədi rayon Xocavənd kənd sakini Cəfərov Zahir Xəlil oğlu MOB Mərkəzinə müraciətində Qarabağ kanalından su borusu vasitəsilə əkin sahələrinin suya olan tələbatının ödənildiyini və hazırda həmin borunun içi dolduğundan su verilişinin dayandırılmasını qeyd etmişdir. Vətəndaş müraciətində özünün də 4 hektar sahədə pambıq səpdiyini, suvarılma probleminin həll olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. MOB Mərkəzi tərəfindən Ağcabədi SSİ-nin rəhbərliyi ilə əlaqə saxlanılmış və günün ikinci yarısı həmin əraziyə texnika göndərilərək Qarabağ kanalından öz axını ilə kənd sahələrinə gələn borunun içərisinin təmizlənməsi həyata keçirilmişdir. Nəticədə Xocavənd, Aşağı Avşar, Avşar kəndlərinin 100-120 hektar əkinə yararlı, o cümlədən 55 hektar pambıq sahəsinin suvarma suyu ilə bağlı mövcud olan problemi öz müsbət həllini tapmışdır. MOB Mərkəzi öz şəffaf xidmətini davam etdirməkdədir.
Hüseyn QULUZADƏ