Bilmirəm, hardan və necə gəldi, bir də gördüm ki,ölüm başımın düz üstündədir. Başımın işarəsi ilə necəsən deyib, hazır olub-olmadığımı soruşdu.
“Neçə gün idi ki, heç nə yeməmişdim. Taqətim kəsilmişdi. Dilim batmış, söz tutmurdu. Gözlərimə qaranlıq çökür, huşum tez-tez gedirdi. Hərdən huşum başıma gələndə, fikirləşirdim ki, ölüm çağrılmamış gəlsə də, nə yaxşı ki, təmənnasız olur. Bir şey istəyib almadan işini yerinə yetirir. Və bu zaman görəsən bizi dünyadan aparmaqla ölümün məqsədi nədir, qazancı nə olur?! Bax bunları bilmirəm. Bəlkə də ölüm bunun fərqinə varmır. Ölümün bir də nə vecinə, qarşısındaki kim olur olsun. Fərqi yoxdur. Təki dünya seyrəlsin, təki ölüm olsun.
…Ölümü nuru getmiş, zəifləmiş gözlərimlə xeyli süzdüm. Ona deməyə çox sözüm olsa da fikrimi cəmləşdirib, nəsə məntiqli bir şey deməyə cəhd göstərsəm də alınmadı. Artıq gözlərim axır, şüurum beynimin dərinliyindən süzülür, əzəli yerini tərk edirdi. Keçirdiyim hiss və ağrıları kiməsə söyləmək artıq lüzumsuz idi. Son gəlmişdi. Getmək vaxtı yetişmişdi. Həyatda bir çox şeyi istəyəndə təxirə salsan da, ölümü aldatmaq, ya da ləngitmək, təxirə salmaq mümkün olmur. Çünkü buna sadəcə olaraq, gücün çatmır. Ölüm səndən güclü olur…
Bir də gördüm, gözlərim alacalanır, onlara soyuq duman çökür. Və birdən sanki başıma qəfil ağır və küt bir zərbə endirdilər. Çabalamaq, nəsə etmək istədim. Ancaq necə?! Artıq bu mümkün deyildi. Təbiət bizə bəxş etdiklərini son damlasına qədər geri almayınca rahat olmur axı. Nitqi, gücü, qüvvəti, inamı, ümidi…
…Məni ən çox yandıran son anda ətrafdakiların xaoslu hərəkətləri oldu. Birdən kim isə tükürpəşdirici səslə ölür, kişi əməlli-başlı ölür, gəlin xalçanı çöndərək, başı qibləyə tərəf olsun. K-nı çağırın qoy quran oxusun, kişi keçinir (Məni bəlkə də bu sözlər öldürdü). Sanki mən artıq canlı insan deyildim. Bunları eşitmək nə qədər ağır, dözülməz olsa da, cavab verməyə, söz deməyə gücüm çatmadı. Gözlərimi heç azacıq olsa belə, aça bilmədim. Başım üzərində oxunanları sona qədər anlamasam da, dinləmək məcburiyyətində idim.
Heç olmasa gözlərimi özüm sığamaq istədim. Amma sən demə, ölüm o qədər ani olur ki, onu görmək, qılığına girmək mümkün olmur. Gözlərini sığamağa belə vaxt tapa bilmirsən .. Beləcə öldüm. Bir də onu başa düşdüm ki, son nəfəsim getdi. Ağzımdan quruca,odlu nəfəs çıxdı. Və məndən xatirə kimi yaddaşlarda qalacaq ruh göylərə sarı uçdu. Anladım ki, ömrün boyu yığdığın, yaşadığın ad-san, mənəviyyat, şərəf və ləyaqətli ruh özü ilə aparır.
…Qəbristanlıq yaxın olduğundan qonum-qonşu, yaxınlar tabutumu əllərində, başları üstə apardılar. Fürsətçil V. özünü gözə soxur, əlini dəyişmir, yerini başqasına vermirdi. Onun canfəşanlığı mənə qəribə gəlirdi. Axı sağlığımda biz onunla yaxın olmamışıq. Heç bir dəfə də olsun, doyunca söhbət də etməmişdik. Arada V.-nin ayağı səyridi, az qaldı yıxılsın. Düzü çox qorxdum. Dedim tabutun altında qalanlar qulağım eşidə-eşidə məni söyərlər. Amma V. müvazinətini düzəldib, heç bir şey olmamış kimi başını tam yuxarıya qaldırdı. İçkinin iyi məni vuranda onun canfəşanlığını anladım. Amma kimə və necə deyəsən?!
…Qəbristanlıqda başım üzərində mikrofonsuz danışan natiqlərin çıxışları məni çox yordu. Danışdıqlarının çoxunun mənimlə heç bir əlaqəsi yox idi. Axır ki, yorulub getdilər. Başım üzərinə bir də diqqət yetirdim. Başdaşı yox idi. Dörd tərəfi torpaq olana daha ağır başdaşı nə lazım?! Düşündüm ki, yəqin başdaşını sonralar qoyacaqlar. Amma elə bu zaman vəsiyyətim yadıma düşdü. O qədər keşməkeşli, zülümlə dolu, ağır həyat sürmüşdüm ki, öləndə vəsiyyət etdim:
Başdaşı qoymayın
Məzarım üstə.
Qorxuram,
öləndən sonra da
Daş düşə
başım üstə…
Adil MİSİRLİ