Qarşıdan yay ayları gəlir. Yay uşaqların sevdiyi fəsildir. Hələ günün müəyyən saatlarında parklara getmək, oradakı əyləncə mərkəzlərində, atraksionlarda vaxt keçirməyi onlara görə heç nə əvəz edə bilməz. Siz onların parka gələrkən gülən üzlərini, sevinən gözlərini görsəniz…
Nağıllar aləminə düşmüş kimi heyranlıqları, qeyri-ixtiyari olaraq sevinclərini atlanıb-düşməklə göstərməkləri bizim üzümüzdə də təbəssüm yaratmağa bəs edir. Amma bəzən uşaqları gəzmək üçün aparacağımız yerlər ya azlıq təşkil edir, ya da sadəcə adı “park” olur.
Bəli, çox gözəl , müasir Heydər Parkı var. Amma bu yalnız o ərazidə yaşayanlar üçün əlverişlidir. Qarabağ Muğam Mərkəzinin yerləşdiyi ərazi də yaşlı nəslin istirahəti üçün gözəldir, yaşıllıq, gül-çiçək var. Lakin uşaqların əylənməsi üçün burada heç bir şərait yoxdur.
Ağcabədidə yay aylarının necə isti keçdiyi hər kəsə məlumdur. Və belə havalarda uşaq da, böyük də dincəlmək, hava almaq üçün sərin, təmiz yerlərə can atır. Nadinc balacaları evə yığmaq, başlarını qatmaq çətinləşir.
Gündən-günə gözəlləşən, yenidənqurma və bərpa işləri yüksək keyfiyyət və sürətlə davam edən rayonumuzda parklar və park avadanlıqları niyə də artırılmasın? Niyə uşaqların sevinci çoxalmasın ki?
Rəmziyyə HƏSƏNOVA