Şuşa ölkəmizin mədəniyyət beşiyidir

  Qədim Şuşa şəhərinin ölkəmizin mədəniyyət mərkəzi olması artıq rəsmi qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixdə imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı ilə belə bir mühüm addım atılıb.

Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası  olmuşdur.

Dövlət başçısının imzaladığı tarixi Sərəncam Şuşa şəhərinin statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edilib.

Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən  1992-ci il mayın  8-də işğal edilmiş Şuşa şəhərində  xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir.

Vandalizm nəticəsində 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan             170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

Sərəncamda göstərildiyi kimi, Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir. Müraciətdə deyilib:

“Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!

Bu, böyük Qələbədir! 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılması mühüm əhəmiyyət kəsb edib.

Şuşanın azad olunması, onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu Öndərin ən böyük hədəflərindən olub.

Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla əlaqədar Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. 

Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini bildirib. Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir.

Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd edir, dünyanın müxtəlif yerlərində yaşayan ermənilər həmin gün fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazandırmağa çalışıb, şəhərin adını da təhrif edərək “Şuşi” kimi təqdim etmişlər.

1992-ci ildən  sonra hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi   Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkumdur.

Bununla dünya erməniliyinə mesaj verilib ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına çalışan digər dövlətlərə də tutarlı mesajdır.

Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd olunub.

Prezident İlham Əliyev bütün çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləmişdir. “Təəssüflər olsun ki, bəziləri bu çirkin əməllərdə ermənilərlə şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi, guya, təmir ediblər”.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlər Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu nümayiş etdirir.

Sərəncamın 7 may tarixində imzalanması Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilən mühüm addımdır.

Əvvəlcədən mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcəyi qərara alınıb. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. Azərbycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyevanın iştirakçı ilə  bu qədim diyarda “Xarıbülbül” musiqi festivalı keçirilib. 32 ildən sonra keçirilən “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.  

Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunub.

Qeyd etmək lazımdır ki, Şuşanın  mədəniyyət mərkəzi elan olunması daxili auditoriya üçün də mesajlar ünvanlayıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi. Cənab Prezident belələrinə ciddi xəbərdarlıq edib: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!”

Bərpa ilə bağlı görüləcək işlərdən danışan dövlət başçısı bildirib ki, Şuşanın bərpası şəhərə Azərbaycan ruhu qaytaracaqdır.

Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər