Təvəkkül Muxtar oğlu Səlimov 1937-ci il iyulun19-da Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olub. O, 1944-cü ildə Rəncbərlər kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1954-cü ildə oranı bitirib. 1959-cu ildə H. Zərdabi adına Kirovabad (indiki gəncə şəhəri) Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra öz ixtisası üzrə müəllim işləmişdir. Şeirləri ispan, ukrayna və rus dillərinə tərcümə olunmuşdur. Dövri mətbuatda müntəzəm olaraq şeirləri dərc edilmişdir. 2008-ci ildə 71 yaşında vəfat etmişdir.
Əsərləri:
1. “Yadigar”. B., “Azərnəşr”, 1982, 200 s, 5000 nüs.
2. “Günlər məni gözləmir”. B., “Azərnəşr”, 1982, 212 s, 5000 nüs.
3. “Axtar Qarabağda, gəz Qarabağda”. B., “Nurlan” 2000, 194 s, 500 nüs.
4. “Heydər”. В., “Nurlan“, 2001, 98 s, 500 nüs.
5. “Xoşbəxtəmmi görəsən?”. В., “Nurlan“, 2002, 112 s, 500 nüs.
7. “Yaddaşlarda qalan izlər”, B., “Nurlan” 2003, 88 s, 500 nüs.
8. “Sabir girdi yuxuma”. B., “Təhsil”, 2005, 94 s, 500 nüs.
DOYDUM DEMƏDİ
Gileylər eşitdim qoca dünyadan,
Əcəlin əlində acizdir insan,
Qoca da, cavan da köç edən zaman
Heç biri dünyadan doydum demədi,
Kimisi atını dördnala çapdı,
Kimisi itirdi, kimisi tapdı,
Kimi də yoğurdu, kimi də yapdı,
Heç biri dünyadan doydum demədi.
Həyatdan hər cürə nəşə alan da,
O küncdə, bu küncdə daldalanan da,
Zindanda işığa həsrət qalan da,
Heç biri dünyadan doydum demədi.
Təvəkkül, ömürdə şirinliyə bax,
Həyatda bu qədər dərinliyə bax…
Alim də, nadan da son anda ancaq,
Heç biri dünyadan doydum demədi…