Müasir Azərbaycan Respublikasının qurucusu və xilaskarı olan Heydər Əliyev bütün şərəfli ömrünü ölkəmizin tərəqqisinə, xalqın firavan həyatına həsr etmiş, respublikamızın dünya arenasında layiqli yer tutmasına nail olmuşdur.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, tarixi torpaqlarımıza göz dikən erməni qəsbkarlarının işğalçılıq niyyəti ölkədə vəziyyəti gərginləşdirmişdi. Azərbaycan vətəndaşları yeganə çıxış yolunu ulu öndərin hakimiyyət başına keçməsində görürdü. Belə çətin zamanda xalqın imdadına yetişən Heydər Əliyev 1993-cü il iyun ayının 15-də respublika Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycanın şanlı tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Bununla da, ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycanın müstəqilliyinə kölgə salan qüvvələr zərərsizləşdirildi.
1993 –cü il oktyabrın 5-də Heydər Əliyev mütləq səs çoxluğu ilə respublika Prezidenti seçildi. Ulu öndər dağınıq, daxildən müxtəlif qüvvələr tərəfindən idarə olunan Azərbaycan Respublikasında müasir demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq uğrunda mübarizəyə başladı və buna nail oldu. Azərbaycan xalqı Heydər Əliyevin ətrafında sıx birləşdi. Ulu öndər ölkənin müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq üçün siyasi, sosial-iqtisadi, mədəni sahədə genişmiqyaslı islahatlar həyata keçirdi.
Dahi lider xalqına bağlı,ən çətin anlarda öz xalqını dünya ictimaiyyəti qarşısında layiqincə təmsil etməyi bacaran böyük bir şəxsiyyət, Vətənini canından artıq sevən ən böyük azərbaycanlı idi.
Heydər Əliyev böyük layihələrin qurucusu idi. Dünya iqtisadiyyatına inteqrasiyanı qarşıya məqsəd qoyan ulu öndər 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi” adlı böyük müqavilənin imzalanmasına və xarici dövlətlərin Azərbaycana investisya qoymasına nail oldu. Bununla da, Azərbaycanda yeni neft strategiyasının əsası qoyuldu və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası reallığa çevrildi. Neft strategiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə böyük təsir etdi. Azərbaycan Respublikasına aparıcı neft şirkətlərinin mənsub olduğu dövlətlərlə siyasi-iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
XXI əsrin əvvəllərində xalqımızın ən böyük uğurlarından biri dünya azərbaycanlılarının təşkilatlanması, onların milli hüquqlarının və beynəlxalq haqlarının qorunması üçün çağrılan Dünya Azərbaycanlılarının I qurultayı oldu. 2001–ci ilin noyabr ayında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar doğma Bakıya gəldilər. Qurultayda xaricdə yaşayan azərbaycanlıların problem və qayğıları və onların həlli məsələsi öz əksini tapmışdı. Bu böyük missiyanı ilk dəfə Heydər Əliyev həyata keçirdi və dünya azərbaycanlılarının təşkilatlanması üçün uğurlu işlər gördü. Artıq ənənə halını alan Dünya Azərbaycanlılarının qurultayı hər beş ildən bir çağrılır və bu iş Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir.
Bütün mənalı ömrünü xalqın firavan həyatına, gənc nəslin təlim-tərbiyyəsinə yönəldən Heydər Əliyev elm və təhsilin inkişafına da böyük qayğı ilə yanaşırdı. O, müəllimlik peşəsini yüksək qiymətləndirirdi. Azərbaycan cəmiyyətində,təhsilində savadlı, dünyagörüşlü, yenilikçi, öz işinin peşəkarı olan müəllimlərin yetişməsi üçün geniş şərait yaradan ulu öndər qeyd edirdi ki, “Mən bütün varlığımla keçdiyim həyat yolunu məktəbə və müəllimə borcluyam. Müəllim cəmiyyətimizin ən hörmətli insanı kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Hakimiyyətdə olduğu dövrdə müəllimlərin diqqət mərkəzində saxlanması, yeni məktəblərin tikilməsi məktəblərin təmir olunub istifadəyə verilməsi, elmi texniki bazasının təkmilləşdirilməsi Heydər Əliyevin təhsil siyasətinin ən əsas prinsipləri idi.
Bu gün müasir Azərbaycan ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasi, sosial-iqtisadi, mədəni və hərb sahəsində əldə etdiyi uğurlarından bəhrələnir. Biz dövlətimizin gündən-günə çiçəklənməsinin şahidi oluruq. Ulu Öndərin missiyasını onun layiqli varisi İlham Əliyev uğurla davam etdirir.
2020-ci il Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.Həmin il Azərbaycanın əbədi, əzəli torpaqlarının bərpası, Qarabağa qayıdış ili oldu. Azərbaycan mədəniyyət beşiyi, Qarabağın incisi, “Xarıbülbülü” Şuşaya qələbə bayrağı sancıldı. Xalqımız qələbə sevincini yaşadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, işğal altında olan torpaqlarımızı işğaldan azad etmişdir. Bizə bu qələbəni yaşadan rəşadətli Azərbaycan ordusuna və Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Fəridə Mustafayeva
Azərbaycan Gənc Müəllimlər
Assosiasiyasının üzvü,
ali dərəcəli tarix müəllimi