Şuşa bizimdir,Qarabağ Azərbaycandır !

May ayında bayramlarımız, gözəl günlər ard-arda düzülürdü. Təbiətin ən gözəl vaxtında, bayramların bir-birinə qarışdığı zamanda həm də iki ağrılı günümüz vardı. Şuşanın və Laçının işğal günləri. Hər il bu tarixlərdə toplaşırdıq, danışırdıq, keçmiş videogörüntüləri,fotoları izləyirdik,kədərlənir, heyfslənirdik. Gələn il bu vaxt Şuşada, Laçında olmağı arzu edirdik. Bəzən bu arzularımız da bizi yorurdu. Axı nə qədər “gələn il”i gözləmək olar? Bəzən buna hədsiz inandığımız halda bəzən də ruhdan düşürdük…

Şükür, bu günə, şükür, əziz Şuşa! Bu il sənin işğal tarixini qeyd etmirik. İndi sənin keçmiş işğal tarixində qələbəni qeyd edirik. Baş tacımız Şuşa! Mən səni görmədən sevmişdim, mən səni görmədən tanımışdım, qoxunu duymuşdum. Bu doğmalığa həmişə təəccüb etdiyim Şuşa! Hardan idi bu tanışlıq? Hardan idi bu doğmalıq? Bilmirdim…

Sən əlçatmaz olduqca unudulmaq əvəzinə daha çox sevilmişdin. Ay həsrətinə son qoyulanım! Ay illər sonra  sinəsində  igidlərin nəfəsi duyulanım, gözəl Şuşam!

Şuşadan və igidlərdən danışarkən həmyerlimiz Zaur Məmmədovun adını çəkməmək  mümkün deyil.

Onu vətən müharibəsi zamanı tanıdıq çoxumuz. Təbii ki, hərbiçilər haqqında çox geniş, ətraflı məlumatların yayılmaması normaldır və buna görə də doğma Ağcabədimizin qüdrətli, əzəmətli oğlunu əvvəllər çox da yaxından tanımırdıq. Lakin, Vətən müharibəsi başa çatdıqdan az sonra ölkə rəhbərinin Sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verildikdən sonra Ağcabədililər arasında xəbər sürətlə yayıldı. Bəs necə? Təltif olunan 4 nəfər polkovnikin biri məhz bu torpağın yetirməsi idi. Fəxrlə, sevinclə hər kəs bu xəbəri paylaşmağa, bir-birini təbrik etməyə başladı. Daha sonra bu təltiflər davam etdi və biz Zaur bəyi bir az da yaxından tanımaq istədik. İstədik ki, gənclərimiz də onunla fəxr etsinlər, qürur duysunlar.

Zaur Sabir oğlu Məmmədov 21 sentyabr 1974-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində(hazırda qəsəbə) anadan olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.

Xüsusi Təyinatlı Qüvvələrin komandanlığında xidmət edən həmyerlimizin Vətən müharibəsi zamanı Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olmuş, Şuşa azad olunandan sonra şəhərin ilk komendantı təyin edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ona “general-mayor” ali rütbəsi verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

10 dekabr 2020-ci il tarixdə Vətən müharibəsində əldə edilmiş qələbəyə həsr olunan möhtəşəm Zəfər paradında Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna da general – mayor Zaur Məmmədov başçılıq edirdi.

Zaur Məmmədov haqqında söylənilən xoş sözlər, maraqlı xatirələr onun böyüklüyü, əzəməti, əsl vətəndaş olması haqqında fikirlərimizi bir daha təsdiqləyir. Öz dürüstlüyü, vicdanı, ədaləti ilə ürəklərə yol tapan vətən oğluna can sağlığı, uğurlar arzulayır, onunla fəxr edirik!

Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com