Yeni meşə zolaqları salınır, torpaqların şoranlaşmasının qarşısı alınır

Qarabağ Meşə Meliorasiya İdarəsi 487 hektar meşə zolağına xidmət edir. Bunlardan 70 hektarı Goranboy rayonu ərazisində, 187 hektar Yevlax rayonu, 141 hektar ərazi Bərdə, 73 hektar Ağcabədi və 15 hektarı İmişlinin Bəhramtəpə qəsəbəsində yerləşir.

AZƏRTAC xəbər verir ki, bu meşə zolaqları kanalların kollektor dren şəbəkələrində sahil boyu salınır, sahil bərkitmə işlərinə kömək edir və ekoloji tarazlığı bərpa edir. Artıq idarə tərəfindən bir neçə il öncə salınmış ağac tinglərindən ibarət ərazi meşə zolağına çevrilib.

Bu barədə məlumat verən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Əhmədov deyib: “Hazırda dayandığımız yer Qarabağ kanalının sol sahilidir və burada 1 hektar meşə zolağı salınıb. 1250 ədəd ağac əkilib. Hazırda alaqdan təmizlənmə işləri görülür, sonra isə ağacların suvarılması işləri ilə məşğul olacağıq. Meşə zolaqlarının mühafizəsi üçün meşə gözətçisi də var”.

Qarabağ Meşə Meliorasiya İdarəsi meşə zolaqlarının salınması ilə yanaşı, 1055 kilometr kollektor dren şəbəkəsinə də xidmət edir. Bunun 897 kilometri birinci dərəcəli və təsərrüfatlararası drenlərdir. 205 kilometri magistral kollektorlar, 12 kilometri isə qapalı drenlərdir. Bu drenlər torpaqda olan şor suların kənarlaşdırılması üçündür. Hansı ki, bu işlərin kənd təsərrüfatının inkişaf etdirilməsində müstəsna rolu var. Əgər həmin şoranlaşmış ərazilərdə meliorasiya işləri görülməsə, əkin aparmaq mümkünsüzdür.

“Prezidentimiz bu sahəyə xüsusi diqqət yetirir. Texnikalarımız yeni texnikalarla əvəzlənir və lildən təmizlənmə işləri gündən-günə artırılır. Burada neçə ildir ki, əkilməyən torpaqlar hazırda məhsuldar torpağa çevrilmişdir. Əhali də bundan istifadə edərək, taxıl, pambıq, yonca və başqa bitkilər əkib-becərirlər”, – deyə Adil Əhmədov qeyd edib.

Bərdəli fermerlər uzun illər əkin-biçin apara bilmədikləri şoranlaşmış torpaqlardan artıq məhsul götürə bilirlər. Bunu fermerlər Ziyəddin Əmrahov və Tahir Səfərovla söhbət zamanı onlar da təsdiqlədilər. Onların sözlərinə görə, əvvəllər bu torpaqlarda şoranlaşma o dərəcədə idi ki, hər hansı əkin aparmaq mümkün deyildi, xeyir götürmək olmurdur. Amma indi torpağa çəkilən zəhmət öz bəhrəsini verir.

Qarabağ Meşə Meliorasiya İdarəsi tərəfindən hər il 3 hektar meşə zolağı salınır ki, bu da yaşıllığın genişlənməsini təmin edir. Salınan meşə zolaqlarına daim qulluq edilir və mühafizəsi təmin olunur. Suvarılması isə səyyar su nasosları, Qarabağ kanalı və suvarma kanallarından istifadə edilməklə aparılır. Bu işlərlə paralel olaraq lildən təmizlənən ərazilərin də sahələri artırılmaqdadır. Cari ilin ilk rübündə Qarabağ Meşə Meliorasiya İdarəsi tərəfindən 19 kilometr lildən təmizlənmə işləri reallaşdırılıb.

Şərhlər