Muzeylərimiz dünənimiz, bu günümüz, sabahımızdır

Hər il mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ISOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu gün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da hər il geniş miqyasda qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Muzeylərimiz dünənimiz, bu günümüz, sabahımızdır” adlı tədbir keçirilib. Pandemiya dövrünün tələblərinə əməl etməklə keçirilən tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllülər iştirak edib.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək, Beynəlxalq Muzeylər Gününün bütün dünyada qeyd olunmasından danışıb, dünyada ilk muzeylərin yaranması ilə bağlı məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib.

Rövşanə Əliyeva qeyd edib ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatları qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda, keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşı Röyalə Yaqubzadə çıxışında bildirib ki, Azərbaycanda “Doğma diyarın tədris muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tarix, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu əsasən ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılıb. H.Z.Tağıyev, M.Muxtarov, M.Nağıyev kimi Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olub. Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb.

Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin əməkdaşlarının Beynəlxalq Muzeylər Gününə həsr etdikləri videoçarx nümayiş etdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər