Həsən Həmid oğlu Hüseynov 1927-ci ildə Ermənistan SSRİ-in Zəngibasar rayonunun Rəhimabad kəndində anadan olmuşdur. 1948-ci ildə məlum hadisələrlə əlaqədar digər azərbaycanlılar kimi Ermənistandan zorla köçürülmüşdür. Onların ailəsiAğcabədidə məskunlaşmışdır.
Həsən Küskün Ermənistanda dil-ədəbiyyat texnikumunu bitirmişdir. O, 1949-cu ildə Mühasibat Uçotu Texnikumuna qəbul olunub.
1965-ci ildə Ağcabədi şəhər 2 saylı orta məktəbin qiyabi tam kursunu bitirmişdir. 1969-cu ildə Moskva Kooperativ İnstitutuna daxil olmuş, 1974-cü ildə həmin İnstitutu bitirmişdir. Həsən Küskün Ağcabədidə müxtəlif vəzifələrdə işləmişdir. Həsən Küskün 1987-ci ildə Ağcabədi şəhərində vəfat etmişdir. Şeirləri vəfatından sonra da müxtəlif qəzetlərdə, kitablarda dərc olunub.
Əsərləri:
1. “Bəxtəvərsən könlüm”. B., “Gənclik”, 2004, 140 s, 500 nüs.
2. “Həsən Küskün köç eylədi dünyadan” B., “Şəms”, 2009, 240 s, 500 nüs.
ANA
Dağlar tək şöhrətim, şanım da olsa,
Sənsiz bu dünyada fəqirəm, ana!
Atam rüzgar olsa, övladım bəşər,
Qocalsam da sənsiz səqirəm, ana!
Hər döyünən qəlbin pənahı sənsən,
Ömrümün bu günü, sabahı sənsən.
Bu cahan mülkünün tək şahı sənsən,
Mən də əmrinə müntəzirəm, ana.
Gündüz günəşimsən, gecə ayımsan,
Sən toylu, busatlı min sarayımsan,
Ağız ləzzətimsən, ömür payımsan,
Sənsiz vətənimdə əsirəm, ana.
Tükənməz söhbətim, sözüm də sənsən,
Varlığım, şüurum, özüm də sənsən.
Dünyaları görən gözüm də sənsən,
Tutub ətəyindən gəzirəm, ana.
Yurduma qar yağıb, bürüyəndə çən,
Sənin nəfəsinlə isinirəm mən,
Fəqət saçlarında göründükcə dən,
Qüssədən ömrümü üzürəm, ana,
Ölüm yatağında can verən zaman,
Dursa başım üstə min təbib, loğman,
Həsən göz gəzdirib axtaran zaman
Bil ki, sən loğmanı gəzirəm ana.