Mənalı ömrün işığında

Bəşər övladı üçün başlıca məziyyət, meyar insanlıq hesab olunur. Bu məziyyət, yüksək ali xüsusiyyət resept əsasında, vəzifə və titulla yaranmır. İnsanlıq hər kəsin qanında, canında olmalıdır.

Zənnimizcə, əsl insan olan şəxsin mənəviyyatı, əxlaqı, əqli keyfiyyətləri vəzifəyə, titula, peşəyə də sirayət edir, onları şöhrət və nüfuz mərtəbəsinə ucaldır. Bu mənada, hər kəs harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq daşıdığı insan adını uca tutmalı, qoruyub, saxlamağı bacarmalıdır.

Həmyerlimiz, tanınmış ziyalı, səriştəli mütəxəssis Ələkbər Əsgərov da məhz belə şəxslərdəndir. O, öz mənalı həyatı, fəaliyyəti ilə hər cür vəzifədən, tituldan üstün olan insanlıq adını həmişə layiqincə doğruldub.

Ələkbər İsmayıl oğlu Əsgərov 20 avqust 1953-cü ildə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. Onun atası İsmayıl kişi vaxtilə rayonda halal zəhmət adamı kimi xüsusi hörmət sahibi olub.

Ə. Əsgərov 1960-cı ildə Kəbirli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 1970-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbə məktəbində təhsilini başa vurub. İstedadlı gənc elə həmin il Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olub. O, 1975-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, mühəndis-konstruktor ixtisasına yiyələnib.

Gənc mütəxəssis Beyləqan rayonunda fəaliyyət göstərən 14 saylı SMD-də işə başlayıb. O, 1976-cı ildə doğma Ağcabədiyə dönərək, rayon təmir-tikinti sahəsində iş icraçısı kimi fəaliyyətini davam etdirib. Ə. Əsgərov 1977-ci ildən 1979-ci ilə qədər Ağcabədi rayon XDS İcrayə Komitəsində kənd təsərrüfatı üzrə mühəndis, 1979-cu ildən 1992-ci ilə qədər Ağcabədi rayon Maşın Meliorativ Stansiyasında sahə mühəndisi, iş icraçısı, baş mühəndis, rəis müavini və rəis vəzifəsində çalışıb.

Ələkbər müəllim həmin illərdə rayonda və ətraf bölgələrdə təcrübəli mütəxəssis kimi tanınıb. Qabaqcıl mühəndis irəli çəkilərək, 1992-1998-ci illərdə Ağcabədi rayon 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəzifəsində səmərəli fəaliyyət göstərib. Səriştəli mühəndis-konstruktor 1998-ci ilin sentyabrından 2016-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Neft Şirkətinin 28 May Neft-qaz çıxarma idarəsində tikinti işlərinə rəhbərlik edib.

Ə. Əsgərov 2016-cı ildə yenidən doğma Ağcabədiyə qayıdaraq, rayon melioservis idarəsində baş mühəndis vəzifəsində çalışıb. O, 2019-cu ilin yanvarından hal-hazıra kimi, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsində mühəndis kimi fəaliyyət göstərir.

Harada işləməsindən asılı olmayaraq, vəzifəsinin öhdəsindən layiqincə gələn bu ləyaqətli insan kollektiv üzvləri arasında böyük hörmət və nüfuz qazanıb.

Onun Ağcabədi əhalisi arasında da xeyirxah insan kimi hörməti yüksəkdir. Ələkbər müəllim rayonda keçirilən xeyir-şər məclisinlərində, müxtəlif tədbirlərdə, abadlıq-quruculuq işlərində fəal iştirak edib. Təsadüfi deyildir ki, bölgə ərazisində həyata keçirilən bir sıra tikinti və meliorasiya tədbirləri onun adı ilə bağlıdır.

Ə. Əsgərov həm də gözəl ailə başçısıdır. Daha dəqiq desək, onun ailəsi Ağcabədinin nümunəvi ailələrindən sayılır. Böyüdüb boya-başa çatdırdığı övladlarının üçü də ali təhsillidir. Onun iki oğlu, İlkin Əsgərli və Nəsimi Əsgərli Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. İlkin Bakı şəhərində “Azərsun” şirkətində, Nəsimi isə Ağcabədi rayon İcra Hakimiyyətində məsul vəzifədə çalışır. Ailənin üçüncü oğlu Azər Əsgərli isə Azərbaycan İqtisad Universitetini bitirib, rayon suvarma sistemləri idarəsində çalışır. Övladlarının üçü də atalarının adını layiqincə doğruldurlar.

Ə. Əsgərov tarixi araşdırmalarla da məşğuldur. Onun qardaşı, Azərbaycanın görkəmli filosofu Qənbər Əsgərovun həyat və fəaliyyətinin tədqiqinə həsr olunmuş “Yarımçıq ömrün akkordları” adlı kitabı bu baxımdan diqqət çəkir. Sözügedən kitab ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Ömrünün müdrik anlarını yaşayan gözəl insan, səriştəli mühəndis, dəyərli ziyalı bu gün də yorulmaq bilmədən əmək cəbhəsində öz sözünü deyir, bölgənin ictimai həyatında yaxından iştirak edir, dövlətçiliyimizin təbliğində əlindən gələni əsirgəmir. Onun mənalı ömür yolu gənclərimiz üçün əsl nümunədir. Ələkbər müəllimə bu mənalı həyat yollarında yeni-yeni uğurlar arzulayırıq.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər