I Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda canını qurban verərək, şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız Namiq Abdullayevin doğum günü doğulduğu Avşar kəndində böyük ehtiramla qeyd olunub. Sözügedən kənd sakinlərinin, şəhidin yaxınlarının,doğmalarının iştirakı ilə onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Abdullayev Namiq Vahid oğlu 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirib. Elə həmin ildə orduda qulluq etmək istədiyini bildirsə də, yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər. Nəhayət, 1992-ci ilin dekabr ayında Namiq cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstə tab gətirə bilməzdi. Amma qorxmaz oğullar ölümün gözünə dik baxaraq hücumu dəf etməyə çalışırlar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən vətən oğlu son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır. Zirehli texnikanın heyətini məhv edərkən özü də əbədiyyətə qovuşur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə Abdullayev Namiq Vahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.