Qələbədə payı olan əsgər

         Doğma Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuz tərəfindən qazanılan parlaq qələbə daim məşəl kimi işıq saçır və qəlblərdə qürur doğurur. Əlbəttə, bu zəfərə görə Vətən uğrunda canını fəda edən şəhidlərimizə və qazilərimizə borcluyuq.

Bütün şəhidlərimizin qisasını Vətən müharibəsində cənab Prezidentin dediyi kimi, “Dəmir Yumruq əməliyyatı” nəticəsində artıqlamasıyla aldıq. Bu tarixi qələbə illərlə vətən həsrəti çəkən ana-bacılarımızın nisgilli, qəmli göz yaşlarını sevinc göz yaşlarına çevirdi. Ağcabədi rayonunun  igid oğullarının da bu qələbənin qazanılmasında böyük xidmətləri vardır. Belə qəhrəmanlardan biri də Hindarxdan olan Vüsal Fərhadovdur. Vüsalın atası Etibar kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibənin bütün ağrı-acılarını görmüşdür. Vüsala vətənə məhəbbət, xalqı sevmək hisslərini atası uşaq yaşlarından aşılamışdır.

Fərhadov Vüsal Etibar oğlu 1996-cı ilin iyulun 18-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini 2002-2013-cü illərdə Hindarx qəsəbəsindəki Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun adını daşıyan tam orta məktəbdə almışdır. Vüsal sözügedən məktəbdə nizam-intizamı ilə seçilən şagirdlərdən biri olmuşdur. O, 2014-cü ilin iyul ayında Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə qulluq etməyə başlamış, 2016-cı ilin yanvar ayında hərbi xidmətini başa vurmuşdur.

Vüsal Vətən Müharibəsi başlamazdan 2 gün əvvəl, 2020-ci ilin sentyabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində  könüllü olaraq qeydiyyatdan keçmişdir. Bununla o, vətənə olan sonsuz sevgisini ifadə etmişdi. Vüsal Fərhadov sentyabrın 25-də Taxtakörpü qəsəbəsindəki “N” saylı hərbi hissədə xidmət etməyə yollanmış, sentyabrın 27-də döyüşlərə qatılmışdır. Piyada qoşunlarında atıcı əsgər kimi xidmət edən qazimiz müharibə meydanında cəngavər kimi döyüşərək, düşmənin canlı qüvvəsini itkiyə məruz qoymuşdur. Oktyabrın 18-də düşmən tərəfindən top mərmisindən atılan atəş nəticəsində Vüsal güclü xəsarət alıb. Qospitalda müalicə olunan qəhrəmanımız tam sağalmamış, oktyabrın 20-də Qubadlı, Zəngilan uğrundakı döyüşlərə qatılmışdır. Müharibə bitənə kimi döyüşlərdə iştirak etdiyinə görə parlaq qələbənin sevincini yaşamaq ona da qismət olmuşdur. O, noyabrın 12-dən yanvar ayına qədər Şuşa şəhərinin Sığnaq kəndində xidmətini davam etdirmişdir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətindəki döyüşlərdə fəal iştirakına görə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə ölkə başçısı tərəfindən təltif olunmuşdur. Vüsalın atası Etibar Fərhadov oğlu ilə fəxr etdiyini, özünün Qarabağ müharibəsindəki yarımçıq qalan arzularını oğlunun həyata keçirdiyini sevinc hissi ilə qeyd edir.

Hüseyn Quluzadə

Şərhlər